Qanunvericilik › Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;

1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs;

1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq ağlabatan uyğunlaşmadan imtina;

1.0.4. ağlabatan uyğunlaşma - əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədi ilə hər bir konkret halda zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi;

1.0.5. əlilliyin qarşısının alınması - əlilliyin erkən diaqnostikası, həmçinin sağlamlığın qorunması tədbirləri, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılması, sağlam həyat tərzinin və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, istehsalat zədələrinin, peşə xəstəliklərinin yayılmasının qarşısının alınmasını nəzərdə tutan tədbirlər sisteminin həyata keçirilməsi;

1.0.6. əlilliyi olan şəxslərin reabilitasiyası - əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası;

1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi;

1.0.8. peşə-əmək reabilitasiyası - əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemi;

1.0.9. sosial bacarıqların inkişafı - əlilliyi olan şəxsə sosial vərdişlərin mənimsənilməsini, onlara digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılmasını təmin edən tədbirlər sistemi;

1.0.10. psixoloji-pedaqoji reabilitasiya - əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemi;

1.0.11. abilitasiya - əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirmək, habelə əlilliyi olan şəxsdə olmayan bacarıqların öyrədilməsi yolu ilə, sərbəst yaşamaq imkanlarının artırılması;

1.0.12. əlilliyi olan şəxslərə müyəssərlik - iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu;

1.0.13. ünsiyyət - dillərdən, mətndən, Brayl əlifbasından, toxunmaqla duyulan ünsiyyətdən, böyük şriftdən, mümkün multimedia vasitələrindən, eləcə də çap materiallarından, audio və video vasitələrdən, adi dildən, qiraətçilərdən, habelə mümkün informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ üsullarından istifadə;

1.0.14. universal dizayn - əşyaların, şəraitin və xidmətlərin adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum dərəcədə yararlı dizaynı;

1.0.15. inklüziv təhsil - əlilliyi olan şəxslərin təhsil müəssisələrində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə digər şəxslərlə birgə təhsili;

1.0.16. əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı - müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış və əsas fəaliyyəti əlilliyi olan şəxslərin hüquqlarına və maraqlarına xidmət etmək olan ictimai birliklər və fondlar;

1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin qiymətləndirilməsi;

1.0.18. Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver