20.1. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunları ilə tənzimlənir.
20.2. Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və (və ya) inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi tədris planı əsasında həyata keçirilir. Xüsusi şərait yaradılmadan əlilliyi olan şəxslərin təhsil almasında çətinliklər yaranan hallarda onların təhsili evdə təhsil, fərdi təhsil və distant təhsil formasında həyata keçirilir.
20.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran və (və ya) işsiz kimi qeydiyyata alınmış və 18 yaşı tamam olmuş əlilliyi olan şəxslərin peşə hazırlığı həmin orqanın göndərişi əsasında bu Qanunun 11-ci maddəsinə əsasən təsdiq olunmuş Fərdi Reabilitasiya Proqramına və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir.
20.4. Əlilliyi olan şəxslər dövlət təhsil müəssisələrində təhsil və peşə hazırlığı üçün zəruri olan tədris vəsaiti və texniki ləvazimatla, o cümlədən fərdi tələbatı nəzərə alan vasitələrlə dövlət hesabına təmin edilirlər.
20.5. Dövlət əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı üçün pedaqoji kadrların, psixoloqların, sosial işçilərin və digər mütəxəssislərin hazırlanmasını təmin edir.
20.6. Dövlət əlilliyi olan şəxslərin təhsilini və peşə hazırlığını təmin etmək üçün pedaqoji işçilərin bu işə cəlb olunması və ünsiyyətin gücləndirici və alternativ üsullarından, tədris metodikası və materiallardan istifadəsi üçün lazımi tədbirlər görür.
20.7. Əlilliyi olan şəxslər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci maddəsi ilə tənzimlənir.