22.1. Dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir.
22.2. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir.
22.3. Bu Qanunun 22.2-ci maddəsinə əsasən kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər.
22.4. Bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
22.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.