Qanunvericilik › “Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.02.2019) › Tam mətn

“Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.02.2019)

“Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.02.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Elm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 noyabr tarixli 1689 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 12 fevral 2019-cu il

1.1. Bu Qaydalar “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün elmi fəaliyyət subyektlərinin elmi və elmi-texniki fəaliyyətinin proqram məqsədli maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələr müsabiqəni elan edən mərkəzi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumlar (bundan sonra – səlahiyyətli orqanlar) tərəfindən keçirilir.

1.3. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinə uyğun olaraq məqsədli elmi və ya elmi-texniki proqramlar üzrə müsabiqənin (bundan sonra – müsabiqə) qalibləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan ekspert komissiyaları tərəfindən müəyyən edilir və müsabiqəni elan edən səlahiyyətli orqanlar tərəfindən təsdiq edilir.

1.4. Müsabiqə keçirən səlahiyyətli orqanlar tərəfindən müvafiq ekspert komissiyasının yaradılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.

1.5. Müraciət daxil olduğu tarixdən 15 iş günü müddətində ekspert komissiyasının yaradılması haqqında qərar qəbul edilir.

1.6. Ekspert komissiyası tək sayda üzvlərdən ibarət olan kollegial orqandır. Ekspert komissiyası müvafiq elm sahələrində təcrübəsi olan alim və mütəxəssislərdən ibarət tərkibdə formalaşdırılır. Ekspert komissiyasının üzvləri müsabiqəyə təqdim olunmuş proqramlarda rəhbər və ya icraçı qismində iştirak edə bilməzlər.

1.7. Ekspert komissiyasının səlahiyyətlərinə daxildir:

1.7.1. müsabiqəyə təqdim olunan proqramların ekspertizasının keçirilməsi və rəy verilməsi;

1.7.2. proqramların ekspertizası zamanı müəllif hüququ (patent hüququ) ilə əlaqədar yaranan məsələlərin qanunvericiliyə uyğun olaraq tənzimlənməsi və aidiyyəti dövlət orqanlarına (qurumlara) müraciətin ünvanlanması;

1.7.3. qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericiliyə və bu Qaydalara uyğun olaraq digər səlahiyyətlərin həyata keçirilməsi.

1.8. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, mülkiyyət növündən asılı olmayaraq, bütün elmi fəaliyyət subyektləri və onların müvafiq strukturları proqram məqsədli maliyyələşdirmə üzrə müsabiqədə iştirak zamanı bərabər hüquqlara malikdirlər.

2.1. Müsabiqənin keçirilməsi haqqında elan səlahiyyətli orqan tərəfindən onun internet resurslarında və dövri mətbuatda yerləşdirilir.

2.2. Elanda aşağıdakılar göstərilir:

2.2.1. proqramın təqdim olunması üçün ekspert komissiyası tərəfindən təsdiq edilmiş müvafiq formalar;

2.2.2. müsabiqənin keçirildiyi elm sahələri və iştirakçılara aid tələblər;

2.2.3. proqramın həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaitinin həcmi;

2.2.4. müsabiqədə iştirak barədə ərizə qəbulunun müddəti və son tarixi.

2.3. Təqdim olunan proqramlarda aşağıdakılar göstərilir:

2.3.1. proqramın adı və əhatə etdiyi problemin qısa təsviri;

2.3.2. proqramın əsas hədəfi;

2.3.3. proqramın rəhbəri və icraçıları haqqında məlumat;

2.3.4. proqramın vəzifələri, onların yerinə yetirilməsinin vaxtı və mərhələləri göstərilməklə həyata keçiriləcək tədbirlər, gözlənilən nəticələr, vəzifələrin və tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi üçün istifadə edilən göstəricilər;

2.3.5. hər bir vəzifə çərçivəsində işlərin görülməsi və tədbirlərin həyata keçirilməsi üçün hər bir mal (iş və xidmət) üzrə ayrılan maliyyə vəsaitinin həcmi.

2.4. Proqramlar müsabiqəyə elektron və kağız daşıyıcılarda təqdim olunur.

2.5. Proqram aşağıdakı hallarda ekspert komissiyası tərəfindən müsabiqədən kənarlaşdırılır:

2.5.1. dövlət büdcəsindən və digər mənbələr hesabına maliyyələşdirilən eyniməzmunlu proqram təqdim edildikdə;

2.5.2. təqdim olunan proqramlar müsabiqənin prioritet elmi istiqamətlərinə aid olmadıqda;

2.5.3. bu Qaydaların tələbləri pozulduqda.

2.6. Təqdim olunan proqram müsabiqənin şərtlərinə uyğun olmadıqda və müsabiqədən kənarlaşdırıldıqda, həmin sənədlər geri qaytarılmır.

3.1. Müsabiqəyə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 iş günü müddətində proqramların ekspertizası həyata keçirilir.

3.2. Proqramların ekspertizası başa çatdıqdan sonra ekspert komissiyası tərəfindən 10 (on) iş günü müddətində müsabiqənin qalibləri müəyyən edilir. Müsabiqənin nəticələri səlahiyyətli orqan tərəfindən elan edilərək, onun internet resurslarında və dövri mətbuatda dərc olunur.

3.3. Müsabiqədən keçmiş proqramların yerinə yetirilməsi və maliyyələşdirilməsi məqsədi ilə səlahiyyətli orqan və proqramın rəhbəri arasında “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə uyğun olaraq qarşılıqlı öhdəlikləri nəzərdə tutan müqavilə bağlanılır. Bu müqavilənin icra müddəti 3 (üç) ildən çox olmamalıdır.

3.4. Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə uyğun olaraq dövlət büdcəsi hesabına həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver