Qanunvericilik › “Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2027-ci illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.10.2020) › Tam mətn

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2027-ci illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.10.2020)

“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2027-ci illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 03.10.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunda 2021-2027-ci illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 3 oktyabr 2020-ci il

1.1. Bu Qayda “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci və 34.3-cü maddələrinin tələblərinə uyğun olaraq elmi fəaliyyətin maliyyələşdirmə mexanizminin dünya standartlarına uyğunlaşdırılması, dövlət maraqları əsasında sosial-iqtisadi və elmi-texniki problemlərin tədqiqi və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsi, elmi tədqiqat işlərinin keyfiyyətinin, onlara çəkilən xərclərin səmərəliliyinin artırılması məqsədilə tətbiq olunması nəzərdə tutulan yeni maliyyələşmə mexanizminin praktik fəaliyyət prosesində sınaqdan keçirilməsi üçün hazırlanmışdır və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun (bundan sonra – İnstitut), habelə pilot layihənin digər iştirakçılarının layihə çərçivəsində qarşılıqlı fəaliyyətini tənzimləyir.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. İnstitutun baza maliyyələşdirilməsi - təsdiq edilmiş elmi tədqiqat planı əsasında fundamental və (və ya) tətbiqi xarakter daşıyan uzunmüddətli kompleks elmi tədqiqatların aparılması və yüksəkixtisaslı elmi kadrların hazırlanması üçün dövlət büdcəsindən İnstituta vəsait ayrılması;

2.1.2. elmi tədqiqatların sifarişlər əsasında maliyyələşdirilməsi - dövlət qurumlarının sifarişi ilə həmin qurumlarla müqavilə əsasında İnstitut tərəfindən həyata keçirilən elmi ekspertiza və elmi tədqiqat işlərinin icrası üçün dövlət büdcəsindən müvafiq dövlət qurumlarına vəsaitin ayrılması.

3.1. İnstitutun baza maliyyələşdirilməsi üçün tələb olunan vəsait pilot layihənin davam etdiyi dövr ərzində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulur.

3.2. Baza maliyyələşdirilməsinin predmeti olan elmi tədqiqatların mövzuları və elmi kadrların hazırlanması planı müasir dünya elminin və ölkənin sosial-iqtisadi inkişafının prioritetləri nəzərə alınmaqla, İnstitut tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla İnstitut tərəfindən təsdiq edilir.

3.3. Baza maliyyələşdirilməsi üzrə İnstituta ayrılan vəsait elmi işçilərin, inzibati və xidməti heyətin əməyinin ödənilməsi, İnstitutun istifadəsində olan daşınmaz əmlakın saxlanılması və qorunması, elmi infrastrukturun inkişafı, tədqiqatların aparılması üçün zəruri olan müasir avadanlıqların və sərfiyyat materiallarının alınması, elmi tədqiqatların nəticələrinin nəşri və yayılması, elmi-texniki fəaliyyətin informasiya təminatı və ezamiyyətlər üzrə xərcləri əhatə edir.

3.4. Pilot layihənin həyata keçirildiyi müddət ərzində baza maliyyələşdirilməsinin həcmi azaldıla bilməz, lakin ölkə üzrə elmə ayrılan vəsaitin və dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatların əməkdaşlarının əməkhaqlarının artırılması ilə bağlı qərarlara uyğun olaraq artırıla bilər.

3.5. İnstitutun rəhbərliyi büdcə ili ərzində baza maliyyələşdirilməsi məbləğindən qənaət olunmuş vəsaitin İnstitutun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlər üçün sərf olunmasında sərbəstdir.

3.6. İnstitut baza maliyyələşdirilməsi üzrə ayrılan vəsaitin xərclənməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə maliyyə hesabatı verir.

4.1. İnstitut dövlət qurumları ilə ehtiyacların müəyyənləşdirilməsi üzrə əldə edilən razılaşma əsasında sifarişçi dövlət qurumu (bundan sonra – Sifarişçi) ilə birlikdə, növbəti ildə icrası nəzərdə tutulan elmi tədqiqatın əsaslandırıcı sənədlərini, o cümlədən müfəssəl smetasını hazırlayır. Bu sənədlər və növbəti il üçün müvafiq büdcə sifarişi Sifarişçi və İnstitut tərəfindən hər il iyulun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilir.

4.2. Nazirlik təqdim edilən büdcə sifarişi əsasında növbəti ilin dövlət büdcəsi layihəsində İnstituta ödənilməsi üçün Sifarişçiyə məqsədli maliyyə vəsaitinin ayrılmasını proqnozlaşdırır.

4.3. Dövlət büdcəsi təsdiq edildikdən sonra, Sifarişçi ilə İnstitut arasında növbəti ildə aparılacaq elmi tədqiqatlar haqqında mövcud qanunvericiliyə uyğun olaraq müqavilə bağlanılır. Müqavilədə elmi tədqiqat üzrə fəaliyyət planı, xərclər smetası və sifarişin icra müddəti (3 ildən artıq olmamaqla) əks olunur.

4.4. Müqavilə Nazirliyə təqdim olunduqdan sonra, elmi tədqiqatın maliyyələşdirilməsi müqavilədə nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilir.

4.5. Elmi tədqiqatların sifarişlər əsasında maliyyələşdirilməsi üçün alınmış vəsait başqa məqsədlərə sərf edilə bilməz və yalnız tədqiqatçı qrupun üzvlərinə fərdi surətdə müəyyən olunan ödənişlərə, həmin tədqiqat üçün avadanlıq və cihazların alınmasına, problemin yerində öyrənilməsi və ya həmin sahədə xarici təcrübə ilə tanış olmaq üçün zəruri olan ezamiyyət xərclərinin ödənilməsinə yönəldilir.

4.6. Sifarişlərin yerinə yetirilməsi üçün İnstitut öz əməkdaşlarından, digər elmi müəssisələrin əməkdaşlarından və kənar ekspertlərdən ibarət müvəqqəti elmi kollektivlər yarada bilər.

4.7. Müqavilənin icrası ilə bağlı aralıq və yekun hesabatlar (yekun maliyyə hesabatı daxil olmaqla) İnstitut tərəfindən həm Sifarişçiyə, həm Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, həm də mövcud qanunvericiliyə uyğun olaraq digər qurumlara təqdim olunur.

4.8. Müqavilə üzrə işlərin və ödənişlərin başa çatdırılması Sifarişçi ilə İnstitut arasında bağlanılan aktda öz əksini tapır.

1. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 fevral 2024-cü il, “Xalq” qəzeti, 11 fevral 2024-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 208)

2. 7 sentyabr 2024-cü il tarixli 408 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 13 fevral 2024-cü il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1071)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver