“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1426-VQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 477 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 17 fevral 2021-ci il
1.1. Bu Qaydalar “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır, əlvan və qara metal tullantılarının (bundan sonra — metal tullantıları) qəbulu və dövriyyəsi zamanı qanunazidd hərəkətlərin qarşısının alınması, həmçinin radiasiya və partlayış təhlükəsizliyinin təmin edilməsi üzrə tələbləri müəyyən edir.
1.2. Bu Qaydalar hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir.
1.3. Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vahid dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri (bundan sonra — metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri) həyata keçirir. Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır.
1.4. Metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur. Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilmir.
1.5. Fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunur.
1.6. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri bu Qaydaların 1.5-ci bəndinin tələblərinə riayət etmədən metal tullantılarının təhvil verilməsi halları barədə dərhal aidiyyəti üzrə ərazi polis orqanına və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməlidirlər.
1.7. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən metal tullantılarının emalı üçün istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq sertifikatlaşdırılır.
1.8. Səthi yaxınlığında qamma-şüalanmanın MEDG (təbii fon çıxılmaqla) 0,2 mkZv/st aşmayan, tərkibində lokal mənbələr və alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmə olmayan metal tullantıları partiyasının radiasiya təhlükəsizliyi üzrə heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının ərazisində istifadə olunmasına yol verilir.
2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. metal tullantıları — yararsız hala düşmüş və ya istehlak xassələrini itirmiş istehsalat və məişət təyinatlı məmulatlar, onların hissələri, avadanlıqlar, mexanizmlər, konstruksiyalar, nəqliyyat vasitələri, hərbi texnika və digər əşyalardan olan, yalnız emal üçün yararlı olan əlvan və (və ya) qara metal tərkibli tullantılar;
2.1.2. metal tullantılarının qəbulu — metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən metal tullantılarının yığılması, təhvil alınması, satın alınması və müvəqqəti saxlanılma məntəqəsinə, metallurgiya sənayesində emal və (və ya) son istifadə yerinə köçürülməsi üzrə fəaliyyət;
2.1.3. metal tullantılarının dövriyyəsi — metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən qəbul və ya emal edilmiş metal tullantılarının üçüncü şəxslərə satılması və ya təmənnasız ötürülməsi;
2.1.4. qamma-şüalanmanın EDG — metal tullantıları partiyasının (fraqmentinin) səthi yaxınlığında (10 sm çox olmayan məsafədə) metal tullantılarının tərkibindəki radionuklidlərin qamma-şüalanmasının ekvivalent doza gücü (təbii fon çıxılmaqla);
2.1.5. qamma-şüalanmanın MEDG — metal tullantıları partiyasının (fraqmentinin) səthi yaxınlığında (10 sm çox olmayan məsafədə) metal tullantılarının tərkibindəki radionuklidlərin qamma-şüalanmasının qeydə alınmış maksimal ekvivalent doza gücü (təbii fon çıxılmaqla);
2.1.6. lokal mənbə — səthi yaxınlığında (10 sm çox olmayan məsafədə) tərkibindəki radionuklidlərin qamma-şüalanmasının EDG qiyməti (təbii fon çıxılmaqla) 0,2 mkZv/st aşan ayrıca metal tullantısı fraqmenti;
2.1.7. səthi radioaktiv çirklənmə (alfa və ya beta-aktiv radionuklidlərlə) — metal tullantıları fraqmentinin səthi yaxınlığında 0,04 hissəcik/(sm·s) yuxarı alfa-şüalanma selinin sıxlığını və ya 0,4 hissəcik/(sm·s) yuxarı beta-şüalanma selinin sıxlığını yaradan səthin radioaktiv maddələrlə çirklənməsi;
2.1.8. metal tullantıları partiyası:
1. nəqliyyat vasitəsinə yüklənmək üçün hazırlanmış və dövriyyə üçün nəzərdə tutulmuş ayrıca yerləşdirilən metal tullantıları kütləsi;
2. nəqliyyat vasitəsinə (platforma, vaqon, avtomobil, yük konteyneri və s.) yüklənmiş metal tullantıları;
3. iki və daha çox nəqliyyat vasitəsinə yüklənmiş və bir yükalanın ünvanına eyni zamanda yola düşən metal tullantıları;
2.1.9. A kateqoriyalı şüalandırılan şəxs (personal) — ionlaşdırıcı şüalanma mənbələri və radioaktiv tullantılarla daimi və ya müvəqqəti işləyən, yaxud yerinə yetirdiyi funksiyalarla əlaqədar olaraq onların şüalanmasının təsiri altında olan və aldığı dozalar radiasiya təhlükəsizliyi norma və qaydaları ilə müəyyən edilmiş hədlərdən yuxarı olan şəxs.
3.1. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri hər bir metal tullantılarının qəbulu məntəqəsində aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatları əks etdirən lövhənin yerləşdirilməsini təmin etməlidirlər:
3.1.1. metal tullantılarını qəbul edən hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, VÖEN-i, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, əlaqə telefonları;
3.1.2. qəbul məntəqəsində metal tullantılarının qəbuluna məsul şəxsin adı və soyadı;
3.1.3. metal tullantılarının qəbulu şərtləri və qiymətləri;
3.1.4. metal tullantılarının əldə edilmə mənbəyinə dair tələblər;
3.2. Metal tullantılarının qəbulu məntəqəsində istifadə olunan maşın, mexanizm və avadanlığa dair sənədlər, habelə radiasiya və yaxud partlayış təhlükəli metal tullantıları aşkar edildikdə görülməli olan tədbirlərə dair təlimat olmalıdır. Təlimat metal tullantılarını qəbul edən sahibkarlıq subyekti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra — Nazirlik) ilə razılaşdırılmaqla tərtib edilir.
3.3. Metal tullantılarının qəbulu məntəqəsində radiasiya və yaxud partlayış təhlükəli metal tullantıları aşkar edildikdə, görülməli olan tədbirlərə dair təlimat aşağıdakıları əhatə etməlidir:
3.3.1. metal tullantılarının qəbulu məntəqəsində insanların həyat və sağlamlığının, ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi üçün ilkin tədbirləri (təhlükəli zonanın müəyyən olunması və təcrid edilməsi, kənar şəxslərin təhlükəli zonadan uzaqlaşdırılması, zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərilməsi və tibbi yardım üçün müraciətin edilməsi, təhlükəli zonada və onun yaxınlığında işləməsinə və ya yerləşməsinə yol verilməyən texnika, avadanlıq və digər əşyaların uzaqlaşdırılması, qeyri-işlək vəziyyətə gətirilməsi və s.);
3.3.2. metal tullantılarının qəbulu məntəqəsində radiasiya və yaxud partlayış təhlükəli metal tullantılarının aşkar edilməsi barədə Nazirliyin xəbərdar edilməsi üçün tədbirlər və əlaqə məlumatları.
3.4. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri hər bir metal tullantılarının qəbulu məntəqəsində metal tullantılarının radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinə edilməsinə məsul şəxsin olmasını təmin etməlidirlər. Məsul şəxs “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğunluq sertifikatına malik olmalıdır.
3.5. Məsul şəxs üçün radiasiya təhlükəsizliyi baxımından müayinələrin aparılması üzrə təlimlər aşağıdakıları əhatə etməlidir:
3.5.1. metal tullantılarına radioaktiv materialların qarışması yolları və səbəbləri;
3.5.2. ionlaşdırıcı şüalanma və onun təsiri nəticələri barəsində əsas faktlar və ionlaşdırıcı şüalanmadan qorunma üzrə tədbirlər;
3.5.3. qapalı ionlaşdırıcı şüalanma mənbələrinin və onların konteynerlərinin vizual aşkaretmə metodları;
3.5.4. ionlaşdırıcı şüalanmanın aşkar edilməsi və ölçülməsi üçün nəzərdə tutulan stasionar, daşınan avadanlıq və cihazların istifadəsi;
3.5.5. bu Qaydaların 7.2-ci bəndinin tələblərinə cavab verən metodika üzrə ölçmələrin aparılması və onların nəticələrinin təhlili;
3.5.6. ionlaşdırıcı şüalanma mənbələrinin və radioaktiv maddələrin aşkar edildiyi halda görülən tədbirlər.
3.6. Metal tullantılarının qəbulu məntəqələrində ionlaşdırıcı şüalanmanın aşkar edilməsi və ölçülməsi üçün avadanlıq və cihazlar olmalıdır.
3.7. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri istifadə etdikləri ionlaşdırıcı şüalanmanın aşkar edilməsi və ölçülməsi üçün avadanlıq və cihazların texniki şərtlərə uyğunluğunu mütəmadi yoxlamalı və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq qaydada onları istismara verilənədək və təmirdən sonra ilkin istismar prosesində isə dövri metroloji yoxlamadan keçirməlidir.
4.1. Metal tullantılarını təhvil verən şəxslər metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin adına bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş ərizə ilə müraciət edirlər. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ərizə ilə birlikdə metal tullantılarına qanuni sahibliyi (mənbəyini) təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, istismardan çıxdaş sənədləri və s.) də təqdim edirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər metal tullantılarının mənbəyini ərizədə bəyan edirlər.
4.2. Metal tullantıları hüquqi şəxslərdən və hüququ şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən təhvil alındıqda “Elektron qaimə-faktura”, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərdən təhvil alındıqda isə “Malların alış aktı” ilə rəsmiləşdirilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd metal tullantılarının alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
4.3. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən aşağıdakı müayinələrin aparılması tələb olunur:
4.3.1. metal tullantılarında partlayıcı qurğu, sursat, maddə, aqreqat və digər partlayış təhlükəsi törədən əşyaların mövcudluğunu aşkar etmək üçün onların partlayış təhlükəsizliyi baxımından müayinəsi;
4.3.2. metal tullantılarında radioaktiv çirklənmənin və ya lokal ionlaşdırıcı şüalanma mənbələrinin mövcudluğunu aşkar etmək üçün dozimetrik və radiometrik tədqiqat metodlarından istifadə edərək onların radiasiya təhlükəsizliyi baxımından müayinə.
4.4. Bu Qaydaların 1.8-ci bəndinin tələblərinə cavab verməyən və ya təhlükə potensialı olan metal tullantıları aşkar olunduqda radiasiya və (və ya) partlayış təhlükəsizliyi baxımından müayinəni aparmış metal tullantılarını qəbul edən sahibkarlıq subyekti həmin tullantılarla işi dərhal dayandırır, təxirə salmadan bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Nazirliyə məlumat verir və bu Qaydaların 3.2-ci bəndində göstərilən təlimata uyğun digər tədbirlər görür. Bu tullantıların saxlanılması, nəql edilməsi, zərərsizləşdirilməsi, basdırılması və qanunda nəzərdə tutulmuş digər tədbirlərin görülməsini (bundan sonra — davranma qaydaları) Nazirlik müəyyən edir.
4.5. Metal tullantılarının qəbulunun uçotu metal tullantılarını qəbul edən sahibkarlıq subyektlərinin təyin etdiyi məsul şəxs tərəfindən bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun tərtib edilmiş “Metal tullantılarının qəbulunun qeydiyyatı kitabı”nda (bundan sonra — qeydiyyat kitabı) aparılır.
4.6. Qeydiyyat kitabı səhifələnir və tikilir. Qeydiyyat kitabının sonuncu vərəqinin arxa tərəfi metal tullantılarını qəbul edən hüquqi şəxsin təyin etdiyi məsul şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
4.7. Metal tullantılarının qəbulu ilə əlaqədar hüquqi və fiziki şəxslər arasında ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə riayət etməklə nağdsız və ya nağd qaydada həyata keçirilir.
4.8. Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri qəbul etdikləri metal tullantılarını onların emalını həyata keçirən istehsalçılara “Elektron qaimə-faktura” əsasında təhvil verirlər.
4.9. Metal tullantılarının qəbulu ilə bağlı sənədlər və qeydiyyat kitabları 5 (beş) il müddətində saxlanılır.
5.1. Metal tullantılarının qəbulu, daşınması, saxlanılması və təkrar emala verilməsi zamanı həmin tullantılar partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilir.
5.2. Aşağıdakı metal tullantıları partlayış təhlükəli hesab olunur:
5.2.1. zərərsizləşdirilməmiş hərbi sursatlar;
5.2.2. sökülməmiş aqreqatlar, maşın hissələri (mühərriklər və s.);
5.2.3. odsöndürənlər;
5.2.4. bağlı və yaxud içərisi aydın görünməyən bütün növ qablar, borular və s.;
5.2.5. üstündə partlayış təhlükəli və yaxud “Oddan qoru” nişanı olan məhsullar.
5.3. Metal tullantılarının qəbulu və emalı zamanı partlayış təhlükəsizliyinə nəzarət aşağıdakı qaydada həyata keçirilir:
5.3.1. metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri partlayış təhlükəli metal tullantılarının qəbulunu və təkrar emalını metal tullantılarının partlayış təhlükəsizliyinə nəzarət edən bu Qaydaların 3.4-cü bəndində göstərilən sənədə malik olan heyəti vasitəsilə həyata keçirirlər;
5.3.2. təkrar emal (baxış, çeşidləmə, sökülmə, tullantıları emal edən qurğuya, muldaya və sobaya yükləmə və s.) və ya yüklənmə (təkrar yüklənmə) məqsədilə daxil olan metal tullantılarının hər bir partiyası partlayış təhlükəsizliyi baxımından yoxlanılır və nəticəsi barədə akt tərtib edilir;
5.3.3. konvertor, yaxud digər xüsusi aqreqatlar üçün nəzərdə tutulmuş qara metal tullantıları partiyasının partlayış təhlükəsizliyinə dair sənədlərdə metal tullantılarının dövriyyəsini həyata keçirən sahibkarlıq subyekti tərəfindən müvafiq qeydlər aparılır.
5.4. Metal tullantıları, zərərsizləşdirilmiş əşyalar da daxil olmaqla aşağıdakı tələblərə cavab verməlidir:
5.4.1. artilleriya və atıcılıq silahlarının gilizlərində atılmamış kapsula və partlayıcı maddə qalıqları olmamalıdır;
5.4.2. təyyarə, hərbi və raket texnikasına məxsus metal tullantıları partlayıcı maddələrdən, yağ və mayelərdən təmizlənməlidir;
5.4.3. artilleriya və atıcılıq silahlarının lülələrində hər iki tərəfi açıq olan kanallar olmalıdır və ya onların hərbi sahədə istifadə imkanını aradan qaldırmaq üçün deformasiya olmalıdır;
5.4.4. bütün növ qablar və içi boş predmetlər daxili səthə baxış keçirilməsi üçün əlçatan olmalı (balonların ağzı açıq olmalıdır) və yağ, maye, dənəvər maddələrin qalıqlarından (qış fəslində qar və buzdan) təmizlənməlidir;
5.4.5. turşu və digər təhlükəli maddələrin saxlanılması üçün istifadə olunan qablar neytrallaşdırılma prosesindən keçirilməlidir;
5.4.6. partlayışla xırdalanan metal tökmələr və çatmalar partlayış təhlükəsizliyi nəzarətindən keçirilir.
5.5. Qəbul olunmuş metal tullantıları partiyasında partlayış təhlükəli əşyalar aşkarlandığı təqdirdə bu Qaydaların 3.2-ci bəndində göstərilən təlimata uyğun tədbirlər görülməlidir.
5.6. Təyyarə, hərbi və raket texnikasına məxsus metal tullantılarının sökülməsi, həmçinin partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi yüksək təhlükə mənbəyi olan işlərə aid edilir və xüsusi ayrılmış yerlərdə, tullantıların digər növlərinin söküldüyü ərazilərdən kənar məsafədə yerinə yetirilir. Bu cür metal tullantıları digər metal tullantılarından ayrı saxlanılır və daşınır.
6.1. Azərbaycan Respublikasının ərazisində qəbul edilən, dövriyyəyə daxil edilən və onun ərazisinə idxal edilən metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsi onların radioaktiv çirklənməsinin vaxtında aşkar edilməsi üçün aşağıdakı hallarda aparılır:
6.1.1. metal tullantılarının qəbulu zamanı;
6.1.2. metal tullantıları partiyasının dövriyyə üçün hazırlanması zamanı;
6.1.3. metal tullantıları ilə yüklənmiş nəqliyyat vasitələri yola düşməzdən əvvəl.
6.2. Metal tullantılarının qəbulu zamanı ilkin radiasiya müayinəsi aparılır. İlkin radiasiya müayinəsi metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin təyin etdiyi məsul şəxs tərəfindən bu Qaydaların 7.1-ci və 7.2-ci bəndlərinin tələblərinə cavab verən müayinə metodikasına əsaslanan müayinə təlimatı üzrə aparılır. Müayinə təlimatı metal tullantılarını qəbul edən sahibkarlıq subyekti tərəfindən Nazirliklə razılaşdırmaqla tərtib edilir.
6.3. Metal tullantılarının yerləşdirilməsi üçün nəzərdə tutulan meydança və otaqlar (anbarlar), onların istismarına başlamazdan əvvəl radioaktiv çirklənmənin istisna olunması məqsədilə radiasiya müayinəsindən keçirilməlidir.
6.4. Metal tullantılarının ilkin radiasiya müayinəsi qamma-şüalanma səviyyəsinə görə aparılır və metal tullantılarında lokal mənbələrin və qamma-şüalandırıcı radionuklidlərlə radioaktiv çirklənmənin aşkar olunmasını təmin etməlidir. Metal tullantılarının ilkin radiasiya müayinəsinin aparılması üçün qəbul edilən metal tullantılarının həcmindən asılı olaraq avtomatik stasionar fasiləsiz radiasiya nəzarəti vasitələri (qapı və ya dayaq tipli portal radiasiya monitorları və s.), habelə daşınan radiasiya nəzarəti vasitələri (qamma-dozimetrlər, axtarış radiometrləri və s.) istifadə oluna bilər.
6.5. İlkin radiasiya müayinəsinin nəticələri bu Qaydaların 4.5-ci bəndində göstərilən qeydiyyat kitabında qeyd edilir.
6.6. Metal tullantılarının ilkin radiasiya müayinəsini həyata keçirən məsul şəxs bu müayinənin vaxtında aparılmasına, tamlığına və düzgünlüyünə məsuliyyət daşıyır.
6.7. Dövriyyə üçün hazırlanmış metal tullantıları partiyası, eləcə də metal tullantıları ilə yüklənmiş nəqliyyat vasitəsi bu Qaydaların 7.3-cü və 7.4-cü bəndlərinin tələblərinə uyğun metodika üzrə yekun radiasiya müayinəsindən keçirilir. Metal tullantıları partiyasının yekun radiasiya müayinəsi nəticələrinə görə bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun yekun radiasiya müayinəsi protokolu tərtib edilir.
6.8. Metal tullantılarının yekun radiasiya müayinəsi müvafiq ölçmələrin aparılmasına “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada akkreditasiya edilmiş metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin laboratoriyası və ya belə akkreditasiyası olan digər radiasiya nəzarəti laboratoriyası tərəfindən aparılır.
6.9. Metal tullantıları partiyasının nəzarət edilən radioaktiv çirklənmə parametrlərinə aşağıdakılar daxildir:
6.9.1. qamma-şüalanmanın EDG;
6.9.2. alfa-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmənin mövcudluğu;
6.9.3. beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmənin mövcudluğu.
6.10. Yüklənmədən əvvəl, boş nəqliyyat vasitəsində lokal qamma-şüalanma mənbələrinin, eləcə də alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmənin mövcud olmadığının yoxlanılması üçün onun yekun radiasiya müayinəsi aparılır.
6.11. Metal tullantıları partiyasının dövriyyəsinə bu Qaydaların 1.8-ci bəndinin tələblərinə uyğunluğuna dair yekun radiasiya müayinəsi protokolu olduğu halda yol verilir.
6.12. Metal tullantılarının dövriyyəsi ilə bağlı sənədlər və yekun radiasiya müayinəsinin protokolları 5 (beş) il müddətinə saxlanılır.
7.1. Metal tullantılarının ilkin radiasiya müayinəsinə aşağıdakılar daxildir:
7.1.1. metal tullantılarının qəbulu məntəqəsinə daxil olan bütün metal tullantılarının radioaktiv çirklənməsinin və ya onların tərkibində lokal qamma-şüalanma mənbələrinin mövcudluğunun aşkar edilməsi məqsədilə radiasiya müayinəsi;
7.1.2. metal tullantıları partiyası və ya fraqmentinin yaxınlığında radiasiya fonunun yüksəlməsi aşkar edildikdə qamma-şüalanmanın doza gücünün ölçülməsi.
7.2. İlkin radiasiya nəzarəti metodikası aşağıdakıları təmin etməlidir:
7.2.1. metal tullantılarının səthi yaxınlığında qamma-şüalanma səviyyələrinin təbii fonu 0,05 mkZ/st-dan çox aşması hallarının etibarlı aşkar edilməsi;
7.2.2. metal tullantılarında mövcud olan və onların (nəqliyyat vasitəsinin) səthindən 10 sm məsafədə 0,2 mkZv/st-dan yuxarı qamma-şüalanmanın EDG yaradan bütün lokal mənbələrin aşkar edilməsi;
7.2.3. metal tullantılarında mövcud olan və özündən 10 sm məsafədə 1 mkZv/st-dan yuxarı qamma-şüalanmanın EDG yaradan bütün lokal mənbələrin etibarlı aşkar edilməsi.
7.3. Metal tullantıları partiyasının yekun radiasiya müayinəsinə aşağıdakılar daxildir:
7.3.1. metal tullantıları partiyasında lokal qamma-şüalanma mənbələrinin aşkar edilməsi;
7.3.2. metal tullantıları partiyasının səthində qamma-şüalanmanın EDG ölçmələrinin aparılması;
7.3.3. metal tullantılarının alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənməsinin mövcudluğunun seçmə üsulu ilə yoxlanılması;
7.3.4. metal tullantıları partiyasının daşınması üçün nəzərdə tutulan boş nəqliyyat vasitəsinin radiasiya müayinəsinin aparılması, eləcə də yüklənmiş nəqliyyat vasitəsinin səthində qamma-şüalanmanın EDG ölçülməsi.
7.4. Metal tullantıları partiyasının yekun radiasiya nəzarəti metodikası aşağıdakıları təmin etməlidir:
7.4.1. qamma-şüalanmanın EDG (təbii radiasiya fonundan yuxarı) aşağı təyin sərhədinin inam qiyməti 0,05 mkZv/st-dan yuxarı olmamaqla metal tullantılarının tərkibindəki radionuklidlərin qamma-şüalanmasının mövcudluğunun etibarlı müəyyən edilməsi;
7.4.2. metal tullantıları partiyasında, onun səthində, habelə onların daşındığı nəqliyyat vasitəsinin səthində 0,2 mkZv/st-dan (təbii fondan yuxarı) yuxarı qamma-şüalanmanın EDG yaradan bütün lokal mənbələrin aşkar edilməsi;
7.4.3. metal tullantıları partiyasında mövcud olan və özündən 10 sm məsafədə 1 mkZv/st-dan yuxarı qamma-şüalanmanın EDG yaradan bütün lokal mənbələrin etibarlı aşkar edilməsi;
7.4.4. seçmə üsulu ilə aparılan ölçmə yerlərində 0,04 hissəcik/(sm·s) aşan alfa-şüalanmanın seli sıxlığının mövcudluğunun etibarlı aşkar edilməsi;
7.4.5. seçmə üsulu ilə aparılan ölçmə yerlərində 0,4 hissəcik/(sm·s) aşan beta-şüalanmanın seli sıxlığının mövcudluğunun etibarlı aşkar edilməsi.
8.1. Metal tullantılarında aşkar olunmuş bütün lokal mənbələr və səthi radioaktiv çirklənməsi olan fraqmentlər çıxarılaraq uzaqlaşdırılır. Onlarla sonrakı davranma qaydalarını Nazirlik müəyyən edir. Zərərsizləşdirilməsi mümkün olmayan lokal mənbələr və səthi radioaktiv çirklənməsi olan fraqmentlər Nazirliyin radioaktiv tullantıların idarə edilməsi sahəsində ixtisaslaşmış qurumuna təhvil verilir.
8.2. 10 sm məsafədə 1 mkZv/st-dan aşağı qamma-şüalanmanın EDG yaradan və səthi radioaktiv çirklənməsi olmayan lokal mənbələrin metal tullantılarından çıxarılması metal tullantılarını qəbul (dövriyyə) edən sahibkarlıq subyektinin işçiləri tərəfindən yerinə yetirilir.
8.3. 10 sm məsafədə 1 mkZv/st-dan yuxarı qamma-şüalanmanın EDG yaradan lokal mənbələrin və səthi radioaktiv çirklənməsi olan fraqmentlərin metal tullantılarından çıxarılması, eyniləşdirilməsi və uzaqlaşdırılması yalnız Nazirliyin radioaktiv tullantıların idarə edilməsi sahəsində ixtisaslaşmış qurumu və yaxud metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin radiasiya təhlükəsizliyi norma və qaydalarına müvafiq olaraq A kateqoriyalı şüalandırılan şəxslərə (personala) aid edilmiş və bu Qaydaların 3.4-cü bəndində göstərilən tələblərə uyğun hazırlıq keçmiş əməkdaşları tərəfindən yerinə yetirilir. Bu lokal mənbələrlə və fraqmentlərlə Nazirliyin müəyyən etdiyi davranma qaydalarına uyğun olaraq yalnız Nazirliyin radioaktiv tullantıların idarə edilməsi sahəsində ixtisaslaşmış qurumu tərəfindən müvafiq tədbirlər görülür.
8.4. Metal tullantıları partiyasından çıxarılan lokal mənbələr, Nazirliklə razılaşdırmaqla metal tullantılarının qəbulu (dövriyyəsi) məntəqəsində müvəqqəti saxlanılması üçün metal konteynerlərə yerləşdirilə bilər. Həmin metal konteynerlər, onların mühafizəsini təmin etmək və kənar şəxslərin icazəsiz müdaxiləsini istisna etmək uçun xüsusi nəzərdə tutulmuş otaqlarda (anbarlarda) yerləşdirilməlidir. Daxilində çıxarılmış lokal mənbələr saxlanılan konteynerin yerləşdiyi otağın (anbarın) divarlarının çöl səthində qamma-şüalanmanın EDG (təbii fon çıxılmaqla) 0,1 mkZv/st aşmamalıdır. Lokal mənbələrin müvəqqəti saxlanılması qaydaları Nazirliklə razılaşdırılmalıdır.
8.5. Metal tullantılarının radiasiya təhlükəsizliyi baxımından müayinəsi prosesində onların səthində qamma-şüalanmanın EDG 1 mkZv/st-dan yuxarı qiymətləri aşkar edildikdə müayinəni aparan məsul şəxs dərhal işləri dayandırır və bu barədə metal tullantılarını qəbul (dövriyyə) edən sahibkarlıq subyektini (radiasiya nəzarəti laboratoriyasını) və Nazirliyi məlumatlandırır. Metal tullantılarını qəbul (dövriyyə) edən sahibkarlıq subyekti (radiasiya nəzarəti laboratoriyası) bu Qaydaların 3.2-ci bəndində göstərilən təlimata və Nazirliyin göstərişlərinə dair müvafiq tədbirlər görülür.
Metal tullantılarını təhvil verən
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs:
1.1. soyadı, adı, atasının adı
1.2. şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi
2.1. adı, təşkilatı-hüquqi forması və hüquqi ünvanı
3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs:
3.1. soyadı, adı, atasının adı
3.2. şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, verilmə tarixi
Metal tullantıları barədə məlumat
Metal tullantılarının mənşəyi, çeşidi və xalis çəkisi
Metal tullantılarının gətirildiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxsin metal tullantılarını əldə etdiyi mənbə
Metal tullantılarını təhvil verən şəxsin imzası _______________________________________
_______________________________________________________________________________
Tarix ____________________
Metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin adı ____________________________________________________________
Ünvan, telefon __________________________________________________________________________________________________
Başlanıb “___” ________________ 20___
Qurtarıb “___” ________________ 20___
Səhifələrin sayı _____________________
1. Metal tullantılarını dövriyyə edən sahibkarlıq subyekti barədə məlumat
Hüquqi ünvanı, əlaqə telefonu
Əsas fəaliyyət yerinin ünvanı
2. Metal tullantıları partiyası barədə məlumat
Metal tullantılarının çeşidi
Metal tullantılarının xalis çəkisi
Metal tullantıları partiyasına daxil edilən nəqliyyat vahidlərinin (platforma, vaqon, avtomobil, yük konteyneri və s.) sayı
Metal tullantıları partiyasına daxil edilən nəqliyyat vahidlərinin (platforma, vaqon, avtomobil, yük konteyneri və s.) dövlət qeydiyyat nişanları (eyniləşdirmə nömrələri)
Metal tullantılarının dövriyyəsi barədə müqavilənin (sazişin) nömrəsi və tarixi
3. Ölçmələri aparan sahibkarlıq subyektinin laboratoriyasının (radiasiya nəzarəti digər laboratoriyasının) akkreditasiya sənədi barədə məlumat
Nömrəsi ____________________
Tarixi ________________
Kim tərəfindən verilib __________________________________________________________
4. Ölçmə vasitələri barədə məlumat
5. Ölçmə nöqtələrinin yerləşmə sxemi
6. Yekun radiasiya müayinəsinin nəticələri
6.1. Yekun radiasiya müayinəsinin aparıldığı ərazidə qamma-şüalanmanın EDG orta fon qiyməti (təbii fon)
__________________________________________________________________________________
6.2. Metal tullantıları partiyasının və nəqliyyat vasitəsinin müayinəsi zamanı aparılmış ölçmə nəticələri
7. Ölçmələri aparan məsul şəxslər
8. Protokolu tərtib etdi ____________________________________________________________
(vəzifəsi, soyadı, adı, atasının adı, imzası)
Qeyd. Protokol iki nüsxədə hazırlanır, bir nüsxəsi yekun radiasiya müayinəsini keçirən laboratoriyaya verilir, digər nüsxəsi isə metal tullantılarını dövriyyəyə daxil edən sahibkarlıq subyektində saxlanılır.
1. Fiziki və hüquqi şəxslərdən aşağıdakı mənbələrdən əldə edilmiş əlvan və qara metal tullantılarının qəbuluna yol verilir:
1.1. fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınar əşyalar;
1.2. istehsal, emal və ya xidmət prosesində yaranan tullantılar;
1.3. digər şəxslərdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq əldə edilmiş əşyalar;
1.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mənimsənilmiş sahibsiz daşınar əşyalar;
1.5. mülkiyyətçinin imtina etdiyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülkiyyətə yönəldilmiş daşınar əşyalar;
1.6. digər şəxslərə məxsus daşınar əşyalar (etibarnamə əsasında).
2. Hərbi məhsulların qalıqları və hissələri olan metal tullantılarının yalnız hərbi qurumlardan qəbuluna yol verilir.
3. Hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən hər hansı avadanlığın, maşın və mexanizmlərin metal tullantı kimi qəbuluna yalnız onların istismardan çıxarılması (çıxdaş edilməsi) barədə sənədlər təqdim edildikdə yol verilir. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyatda olan daşınar əşyalara münasibətdə onların qeydiyyatının ləğv edilməsi barədə sənədlər təqdim edilməlidir.
1. 13 fevral 2024-cü il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 fevral 2024-cü il, “Azərbaycan” qəzeti, 14 fevral 2024-cü il, № 33, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 218)
2. 7 mart 2024-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 mart 2024-cü il, “Xalq” qəzeti, 12 mart 2024-cü il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 306)
3. 22 sentyabr 2025-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2025-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 877)