22.1. Fond öz funksiyalarını yerinə yetirərkən:
22.1.1. iştirakçı banklardan əmanətlər haqqında Fondun qaydaları ilə müəyyən olunan ümumiləşdirilmiş məlumatları əks etdirən hesabatları alır;
22.1.2. kompensasiyaların ödənilməsi öhdəliyi əmələ gəldikdə, iştirakçı bankdan qorunan əmanətləri təsdiq edən sənədlər alır;
22.1.3. kompensasiyalar ödənildikdə, bu barədə müvafiq banka məlumat verir.
22.2. İştirakçı bank:
22.2.1. Fondun bu qanunla müəyyən olunmuş səlahiyyətlərini icra edərkən, irəli sürdüyü tələbləri yerinə yetirir;
22.2.2. Fondun tələb etdiyi formada və qaydada əmanətlər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirən hesabatı təqdim edir;
22.2.3. fiziki şəxslərin əmanətləri üzrə öhdəliklərinin qanuna və ya müqavilə şərtlərinə uyğun icrasını qeyri-mümkün edən vəziyyətin yaranması barədə dərhal Fondu xəbərdar edir;
22.2.4. Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada bankda, habelə onun filial və şöbələrində hər bir əmanətçi qarşısında öhdəliklərinin ümumiləşdirilmiş uçotunu aparır və sığorta hadisəsi baş verdikdə, hər bir əmanətçi barədə məlumatları 3 iş günündən gec olmayaraq təsdiq edib Fonda təqdim edir.
22.3. Fond aşağıdakı hallarda iştirakçı bankı reyestrdən çıxarır və şəhadətnaməsini ləğv edir:
22.3.1. bank lisenziyası ləğv edildikdə;
22.3.2. fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququ Mərkəzi Bank tərəfindən dayandırıldıqda və bank əmanətçilər qarşısında öz öhdəliklərinin icrasını tam başa çatdırdıqda.
22.4. Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda, Fond 2 iş günündən gec olmayaraq mediada bu barədə elan verir, həmin banka və Mərkəzi Banka bildiriş göndərir.
22.5. Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda, onun Fonda ödədiyi sığorta haqları geri qaytarılmır.
22.6. Sığorta haqları iştirakçı banklar tərəfindən müstəqil hesablanır.
22.7. İştirakçı banklar tərəfindən Fonda artıq köçürülmüş sığorta haqları və dəbbə pulu bankla razılaşma əsasında növbəti hesabat dövrünə aid edilir və ya 3 iş günü ərzində geri qaytarılır.