27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
27.2. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın.
27.3. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
27.4. Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir.
27.5. Bankda birgə əmanət hesabı olan əmanətlərə bir əmanət kimi baxılır və kompensasiya bu qanunun 26.1-ci maddəsi ilə müəyyən edilən məbləğdən çox olmamaq şərti ilə birgə əmanət hesabının sahiblərinə bərabər və ya onların öz aralarında müəyyən etdikləri nisbətdə ödənilir.
27.6. Birgə əmanət hesabı olan əmanətçinin həmin bankda digər əmanəti olduqda, birgə əmanət üzrə ona məxsus olan hissə və digər əmanəti toplanır və bir əmanət kimi kompensasiya ödənilir.
27.7. 18 yaşı tamam olmamış övladının adına əmanət hesabı üzərində sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq valideynə və ya övladlığa götürənə məxsus olduqda, kompensasiya onlara ödənilir. Bu zaman valideynin və ya övladlığa götürənin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.
27.8. Əmanət üzrə sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq qəyyuma və ya himayəçiyə, yaxud müqaviləyə və ya etibarnaməyə müvafiq olaraq üçüncü şəxsə məxsus olduqda, kompensasiya həmin şəxsə ödənilir. Bu zaman qəyyumun və ya himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.
27.9. İştirakçı banklar birləşmə və ya qoºulma ºəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
27.10. Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur.
27.11. Fond kompensasiyanın ödənilməsi üçün səhv və ya yanlış məlumatlar təqdim etmiş, yaxud qanunsuz olaraq kompensasiya alınması üçün müraciət etmiş şəxslərə kompensasiya ödəməkdən imtina edir və ya ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir. Bu tələb ödənilmədikdə, Fond qanunvericiliyə müvafiq qaydada tədbirlər görür.
27.12. Kompensasiyaların ödənilməsi üçün Fond öz adından və öz hesabına banklarla agent müqavilələri bağlaya bilər.
27.13. İştirakçı bankın bank lisenziyasının ləğv edildiyi və ya fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun Mərkəzi Bank tərəfindən dayandırıldığı gündən sonra qəbul edilən əmanətlər üzrə kompensasiya ödənilmir.