Qanunvericilik › Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır.

37.3. İşləyən əmək pensiyaçılarına:

37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır;

37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir;

37.3.3. ailə başçısını itirməyə görə əmək pensiyası tam məbləğdə ödənilir;

37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxs həmin maddədə qeyd edilən vəzifədə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.

Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur.

37.4. Əmək pensiyaçısının müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə onun əmək pensiyası tam məbləğdə ödənilir.

37.5. Ahıllara və əlilliyi olan şəxslərə stasionar sosial xidmət göstərən müəssisələrdə, həmçinin xüsusi təhsil müəssisələrində yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir.

37.6. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir.

37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır:

37.8.1. əmək pensiyaçısı vəfat etdikdə;

37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda;

37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver