1. Birja üzvləri, birjaya daimi və ya bir dəfə gələnlər birja ticarətinin iştirakçıları sayılır.
2. Birjanın üzvü olmayan, birja sövdələşmələrində iştirak etmək hüququ olmayan hüquqi və fiziki şəxslər birja sövdələşmələrində yalnız birja vasitəçilərinin təmsilçiliyi ilə iştirak edə bilərlər.
3. Birja ticarətində müəyyənləşdirilmiş qaydada birja ticarətində iştirak etmək hüququ almış birja vasitəçiləri iştirak edə bilərlər.
4. Broker firması, yaxud müstəqil broker sayılmayan birja üzvləri birja ticarətində birja vasitəçisi kimi deyil, öz adından və yalnız öz hesabına, ancaq real malın alğı-satqısında iştirak edə bilərlər.
5. Birja ticarətində birja vasitəçiliyini yalnız birja vasitəçiləri, təsisçilərin və üzvlərin nümayəndələri, broker firmaları (kontorları) və müstəqil brokerlər həyata keçirirlər.
6. Birja ticarətinin iştirakçıları öz hüququ daxilində birja sövdələşmələrini bilavasitə öz adından və öz hesabına, yaxud müştərinin adından və onun hesabına, yaxud öz adından və müştərinin hesabına, yaxud müştərinin adından və öz hesabına həyata keçirirlər.
7. Birja və onun qulluqçuları birja sövdələşmələrində bağlanan əqdin tərəfi kimi çıxış edə bilməzlər.
8. Birjanın üzvü olmayan, birjanın nizamnaməsinə uyğun olaraq birja ticarətində iştirak etməyə buraxılmış hüquqi və fiziki şəxslər birjaya gələnlər sayılır. Birjaya gələnlər daimi və ya bir dəfə gələnlər ola bilərlər.
9. Birjaya daimi gələnlər birjanın nizamnamə fondunun yaradılmasında və birjanın idarə edilməsində iştirak etmirlər. Birjaya daimi gələnlər birjanın xidmətindən istifadə edirlər və birja ticarətində iştirak hüququna görə birjanın müvafiq idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş məbləğdə haqq verməlidirlər.
10. Birjaya daimi gələnlər birja üzvlərinin ümumi sayının 30 faizindən çox olmamalıdır.
11. Birja ticarətinə bir dəfə gələnlərin yalnız öz adından və öz hesabına real əmtəə əqdi bağlamaq hüququ vardır.