Qanunvericilik › Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları

Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:

a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar;

b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar;

c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar;

ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;

d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;

e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;

ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;

f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;

g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6 maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları;

ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.

İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz.

Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver