Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 582 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər.
3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4.4-cü bəndində qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etsinlər və bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 iyun 2026-cı il
1.1. Bu Əsasnamə “Enerji effektivliyi informasiya sistemi”nin (bundan sonra – EEİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. EEİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra – Nazirlik) həyata keçirir.
1.3. EEİS “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) və qanunvericilik ilə müəyyən edilmiş qaydada aşağıdakıları təmin edən informasiya sistemidir:
1.3.1. enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasının və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
1.3.2. enerji auditi üzrə təşkilatların və enerji auditorlarının fəaliyyətinə nəzarət, həmçinin həyata keçirilən enerji auditləri üzrə hesabatların daxil edilməsi, qəbulu və saxlanılması;
1.3.3. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilən meyarlara uyğun gələn təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının EEİS-ə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar əsasında formalaşdırılması, siyahıların aparılması və yenilənməsi, habelə subyektlərin məcburi enerji auditi və enerji idarəçisi (meneceri) təyinetmə öhdəliklərinin VÖEN vasitəsilə yoxlanılması və icra vəziyyəti barədə məlumatların daxil edilməsi;
1.3.4. enerji idarəçisini təyin etməli olan təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 436 nömrəli Qərarında nəzərdə tutulmuş qaydada enerji idarəçilərinin təyin edilməsi;
1.3.5. enerji menecment sistemi tətbiq etmiş subyektlərin müəyyənləşdirilməsi, tətbiq edilən enerji menecment sistemləri və bu sistemlər üzrə sertifikatların, habelə Nazirlik tərəfindən sorğu edilən hesabatların qəbulu, saxlanılması və “Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarına uyğunluğunun yoxlanılması;
1.3.6. nəzarət subyektləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 avqust tarixli 258 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”na uyğun illik hesabatların qəbulu və müqayisəli təhlil aparılması;
1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasına və qiymətləndirmə meyarları”na 1 və 2 nömrəli əlavələrə uyğun hesabatların qəbulu və hesabatlar əsasında Nazirlik tərəfindən öhdəliklərin müəyyənləşdirilməsinin təmin edilməsi;
1.3.8. enerji effektivliyi üzrə xidmətlərin icraçıların siyahısının, enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın daxil edilməsi;
1.3.9. “Binalarda enerji effektivliyi” altsistemi vasitəsilə binalarda enerji sərfinin hesablanması, enerji effektivliyi sinfinin müəyyən edilməsi və enerji effektivliyi pasportunun rəqəmsal tərtibatı;
1.3.10. “Enerji effektivliyi fondu və stimullaşdırıcı tədbirlər” modulu vasitəsilə Enerji effektivliyi fondu (bundan sonra – Fond) haqqında məlumatların, stimullaşdırıcı tədbirlər və dəstəklənən istiqamətlər üzrə tələblərin, ayrılan vəsait və onlardan istifadəyə dair məlumatların təqdim edilməsi, Fondun vəsaiti hesabına veriləcək güzəştli krediti təklif edən müvəkkil kredit təşkilatlarının siyahısının qeyd olunması, həmçinin fiziki və hüquqi şəxslər tərəfindən pilot layihələrin maliyyələşdirilməsi, subsidiya və qrant alınması məqsədilə müraciətlərin qəbul edilməsi;
1.3.11. statistik göstəricilərin formalaşdırılması;
1.3.12. enerji səmərəliliyi üzrə qanunvericilik, normativ sənədlər, metodik materiallar, enerji istehlakına dair statistika, enerji istehlakı və karbon izini hesablama kalkulyatorları və digər maarifləndirici resursların yerləşdirilməsi və yenilənməsi;
1.3.13. EEİS-də aparılan reyestr və siyahılar üzrə subyektlərin statuslarının (yeni qeydiyyat, aktiv, qeyri-aktiv, dəyişiklik edilmiş, düzəliş edilmiş və ləğv edilmiş) izlənilməsi, enerji auditi, enerji idarəçiliyi, enerji istehsalçıları, enerji təchizatçıları üzrə hesabatların formalaşdırılması;
1.3.14. EEİS-dən istifadə qaydaları, tez-tez verilən suallar, metodik göstərişlər və digər əlaqəli materialların yerləşdirilməsi;
1.3.15. enerji səmərəliliyi sahəsində maarifləndirmə, təlim və kommunikasiya tədbirləri, təlim materialları, metodik göstərişlər və digər əlaqəli açıq məlumatların təqdim edilməsi;
1.3.16. enerji effektivliyi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə həyata keçirilən tədbirlər barədə məlumatların təqdim edilməsi.
1.4. EEİS-in formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.
1.5. EEİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər Azərbaycan Respublikasının mülkiyyətidir.
1.6. Fərdi məlumatların EEİS-də toplanılmasının və işlənilməsinin məqsədi bu Əsasnamənin 1.3-cü bəndində qeyd olunanları təmin etməkdir. Fərdi məlumatların EEİS-də toplanılması, işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
1.7. EEİS Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.1-ci bəndində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.
1.8. Bu Əsasnamə əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
1.9. Bu Əsasnamədə istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, Qaydalarda, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
1.10. EEİS-in fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi, habelə saxlanması ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2.1. EEİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
2.1.1. proqram-texniki vasitələr və proqram təminatı;
2.1.2. telekommunikasiya qurğuları və kanalları;
2.1.3. informasiya ehtiyatı və onun idarəetmə paneli;
2.1.4. ehtiyat nüsxələr;
2.1.5. istismaraqədərki formalaşma mühitləri.
2.2. Proqram-texniki vasitələr və proqram təminatı vətəndaş və biznesyönümlü həllər əsasında “Mobil Prioritetli Tərtibat” prinsipi ilə qurularaq, EEİS-in funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə EEİS-dən istifadəni və məlumat mübadiləsini təmin edir.
2.3. EEİS fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmətlər göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksəkötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya qurğularına və kanallarına malikdir.
2.4. EEİS-in qurulma topologiyasına uyğun olaraq telekommunikasiya qurğuları və kanalları iki səviyyədə təşkil edilir:
2.4.1. EEİS-in fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğuları və kanalları – Nazirliyin struktur bölmələri tərəfindən;
2.4.2. EEİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğuları, kanalları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (bundan sonra – XRİTDX) tərəfindən.
2.5. EEİS-də formalaşdırılan, daxil edilən və ötürülən məlumatlar EEİS-in informasiya ehtiyatında saxlanılır.
2.6. İdarəetmə paneli EEİS-in informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.
2.7. Fəaliyyətinin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə EEİS, o cümlədən EEİS-də toplanılan məlumatların ehtiyat nüsxələri “Hökumət buludu”nda saxlanılır.
2.8. EEİS-də aparılan dəyişikliklərin yoxlanılması istismaraqədərki formalaşma mühitlərində həyata keçirilir.
3.1. EEİS-in strukturuna “Binalarda enerji effektivliyi” altsistemi daxildir.
3.2. “Binalarda enerji effektivliyi” altsistemi EEİS-in tərkibində ixtisaslaşmış altsistem kimi yaradılan, binalarda enerji sərfinin hesablanması metodologiyası əsasında binaların enerji effektivliyi sinfinin müəyyən edilməsi, məlumatların işlənilməsi və enerji effektivliyi pasportunun elektron qaydada formalaşdırılmasını təmin edən struktur hissəsidir.
4.1. EEİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.
4.2. EEİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) EEİS-ə təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə elektron kabinet vasitəsilə daxil edilir.
4.3. EEİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.
4.4. Bu Əsasnamənin 4.1-ci və 4.2-ci bəndləri nəzərə alınmaqla, EEİS-ə aşağıdakı məlumatlar ötürülür, bu mümkün olmadığı halda daxil edilir:
4.4.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilən meyarlara uyğun gələn məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri- yaşayış binalarının siyahısının müəyyən edilməsi məqsədilə:
4.4.1.1. enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı);
4.4.1.2. tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı);
4.4.2. “Binalarda enerji effektivliyi” altsistemi vasitəsilə göstərilən xidmətlərin təmin edilməsi məqsədilə “Binalar üçün minimum enerji effektivliyi Normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 avqust tarixli 287 nömrəli Qərarı və digər aidiyyəti normativ hüquqi aktlar ilə müəyyən edilən məlumatlar, habelə pasportda göstərilməli olan məlumatlar və pasportun tərtibatçı tərəfindən formalaşdırılan elektron forması;
4.4.3. enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısı və onların anket məlumatları;
4.4.4. enerji auditorları və enerji auditi təşkilatları barədə “Enerji auditinin həyata keçirilməsi üçün ixtisas attestatının forması, verilməsi qaydası, onun qüvvədəolma müddətinin dayandırılması və ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 434 nömrəli Qərarında nəzərdə tutulmuş reyestr və fəaliyyətə nəzarət məlumatları;
4.4.5. enerji auditi üzrə təşkilatlar tərəfindən “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasının və formasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 435 nömrəli Qərarında nəzərdə tutulmuş qayda və formaya uyğun keçirilmiş enerji auditləri üzrə hesabatda göstərilməli olan məlumatlar;
4.4.6. enerji idarəçisini təyin etməli olan təsərrüfat subyektlərinin rəhbərləri və qeyri- yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 436 nömrəli Qərarında nəzərdə tutulmuş qaydada enerji idarəçilərinin təyin edilməsi prosesinin EEİS üzərindən aparılması məqsədilə zəruri məlumatlar;
4.4.7. elektrik və istilik enerjisi istehsalçıları və təbii qazın emalı ilə məşğul olan subyektlər tərəfindən “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydasının və qiymətləndirmə meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilən hesabat formalarındakı məlumatlar;
4.4.8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanında nəzərdə tutulan nəzarət subyektləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 avqust tarixli 258 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”nda nəzərdə tutulan məlumatlar;
4.4.9. enerji menecment sistemi tətbiq etmiş subyektlərin müəyyənləşdirilməsi, tətbiq edilən enerji menecment sistemləri və bu sistemlər üzrə sertifikatların, habelə Nazirlik tərəfindən sorğu edilən hesabatların qəbulu, saxlanılması və “Enerji menecment sisteminə dair tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarına uyğunluğunun yoxlanılması ilə əlaqəli məlumatlar;
4.4.10. enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən stimullaşdırıcı tədbirlər çərçivəsində dəstəklənən layihələr və nəticələri barədə məlumatlar.
5.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan qurumların EEİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.
5.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan qurumların və digər hüquqi şəxslərin EEİS-dən istifadəsi onların elektron kabinetləri vasitəsilə təmin edilir. Bu halda qurumların və digər hüquqi şəxslərin rəhbər şəxsi tərəfindən EEİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq EEİS-dən istifadə edirlər.
5.3. Fiziki şəxslər EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə EEİS-də identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetlərə daxil olaraq EEİS-dən istifadə edirlər.
5.4. EEİS vasitəsilə göstərilən elektron xidmətlərdən istifadə EEİS-in rəsmi internet informasiya ehtiyatı (EHİS-ə keçid verilməklə) və EHİS vasitəsilə həyata keçirilir.
5.5. Elektron xidmətlər istifadəçi təcrübəsi və istifadəçiyönümlülüyü nəzərə alınmaqla, EHİS-in xidmət kanalları vasitəsilə təqdim edilir.
6.1. EEİS-in fəaliyyətini təmin etmək üçün sahibin vəzifələri aşağıdakılardır:
6.1.1. EEİS-in idarə olunmasını təşkil etmək, təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;
6.1.2. EEİS-in dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə, o cümlədən fərdi məlumatların toplanıldığı, işlənildiyi və mühafizə edildiyi (“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) hallarda isə fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi və dövlət qeydiyyatından keçirilməsi üçün tədbirlər görmək;
6.1.3. fərdi məlumatların EEİS-də toplanılmasının, işlənilməsinin və mühafizəsinin bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün tədbirlər görmək;
6.1.4. EEİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmə aparmaq üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra – RİNN) zəruri şərait yaratmaq, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə EEİS-ə çıxış, habelə onun texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etmək;
6.1.5. EEİS-in informasiya təhlükəsizliyini XRİTDX və operator ilə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə RİNN ilə birlikdə təmin etmək;
6.1.6. EEİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin RİNN-ə təqdim etmək, habelə XRİTDX və RİNN tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
6.1.7. EEİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsinin, habelə daxil edilmiş məlumatların aktuallığının, etibarlılığının, təhrifolunmazlığının, əlçatanlığının, tamlığının və konfidensiallığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
6.1.8. EEİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
6.1.9. EEİS-in, o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün RİNN və operator ilə birlikdə tədbirlər görmək;
6.1.10. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini təmin etmək;
6.1.11. EHİS-də yaradılan elektron imkanlar vasitəsilə istifadəçilərin tələbi əsasında onlar barəsində məlumatlarda aparılan düzəlişləri təsdiq və ya rədd etmək;
6.1.12. EEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
6.1.13. aidiyyəti qurumların EEİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
6.1.14. dövlət xidmətləri göstərilməsi üçün tələb edilən sənədlər barədə informasiya digər dövlət informasiya ehtiyatlarında və sistemlərində olduqda həmin informasiyanın ilkin mənbədən əldə edilməsi üçün operator və RİNN ilə birlikdə tədbirlər görmək;
6.1.15. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) EEİS-ə daxil etmək;
6.1.16. EEİS-in sərbəst və maneəsiz istifadənin, habelə onun dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;
6.1.17. EEİS-də dəyişikliklər edilməsi üçün operatora göstərişlər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;
6.1.18. EEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;
6.1.19. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
6.2. EEİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı hüquqları vardır:
6.2.1. EEİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
6.2.2. EEİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;
6.2.3. EEİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
6.2.4. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
7.1. Operatorun vəzifələri aşağıdakılardır:
7.1.1. EEİS-in informasiya təhlükəsizliyini XRİTDX və sahiblə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə habelə RİNN ilə birlikdə təmin etmək;
7.1.2. EEİS-in informasiya təhlükəsizliyi məqsədilə mövcud və yarana biləcək təhlükələr və ya baş vermiş təhlükəsizlik insidentləri aşkar edildikdə, bu barədə məlumatları dərhal XRİTDX-yə, EHİS-in və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinə münasibətdə isə həmçinin RİNN-ə təqdim etmək, habelə XRİTDX və RİNN tərəfindən bu barədə sorğular verildikdə həmin sorğuları dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavablandırmaq;
7.1.3. EEİS-ə qarşı müdaxilə cəhdləri aşkar etdikdə, bu barədə məlumatları dərhal aidiyyəti hüquq mühafizə orqanına təqdim etmək;
7.1.4. EEİS-in o cümlədən onun ehtiyat nüsxələrinin “Hökumət buludu”nda saxlanılmasının və aparılmasının təmin edilməsi üçün RİNN və sahiblə birlikdə tədbirlər görmək;
7.1.5. EEİS-in təhlükəsizliyi pozulduqda, fəaliyyətində nasazlıq yarandıqda, əsas avadanlıqlarında hər hansı qəza (xəta) baş verdiyi halda dərhal aidiyyəti dövlət orqanlarını və sahibi məlumatlandırmaq, nasazlığın və qəzanın (xətanın) qeydiyyatını aparmaq, dərhal aradan qaldırılması üçün sahibin verdiyi göstərişlərə uyğun təcili tədbirlər görmək, bu mümkün olmadıqda isə EEİS-in “Hökumət buludu”nun ehtiyat Data Mərkəzində fəaliyyətini davam etdirməsi üçün RİNN ilə birlikdə zəruri tədbirlər görmək;
7.1.6. EEİS-in fəaliyyətinin idarə olunması, təkmilləşdirilməsi və onun funksional imkanlarının artırılması istiqamətində sahiblə razılaşdırmaqla, texniki tədbirlər görmək və bu barədə EEİS-in fəaliyyətində iştirak edən aidiyyəti dövlət qurumlarını məlumatlandırmaq;
7.1.7. EEİS-dən sərbəst və maneəsiz istifadəni, onun dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə EEİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışı təşkil etmək;
7.1.8. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və vəzifələrinin icrası zamanı əldə etdiyi zəruri məlumatları (sənədləri) EEİS-ə daxil etmək;
7.1.9. EEİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;
7.1.10. EEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
7.1.11. EEİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsi üzrə profilaktik iş aparmaq;
7.1.12. RİNN-in və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında EEİS- də dəyişikliklər edilməsi üçün tədbirlər görmək;
7.1.13. sahibin göstərişi ilə normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;
7.1.14. EEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı sənədləri və texniki məlumatları sahibə və RİNN-ə təqdim etmək;
7.1.15. EEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparmaq;
7.1.16. EEİS-dən istifadəni, habelə onun üzərindən göstərilən elektron xidmətlərin əlçatanlığını təmin etmək üçün formalaşdırılan mobil tətbiqi elektron marketlərdə yerləşdirmək (mobil tətbiq olduğu halda);
7.1.17. aidiyyəti qurumların EEİS-in fəaliyyəti ilə bağlı sorğularını vaxtında və hərtərəfli cavablandırmaq, habelə qeyd edilən sorğular əsasında zəruri məlumatları (sənədləri) onlara təqdim etmək;
7.1.18. normativ hüquqi aktlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
7.2. Operatorun aşağıdakı hüquqları vardır:
7.2.1. EEİS-in fəaliyyətinin təmin olunması ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün aidiyyəti qurumlara sorğu vermək və həmin qurumlardan belə məlumatları (sənədləri) almaq;
7.2.2. EEİS-in təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər vermək;
7.2.3. EEİS ilə məlumat mübadiləsində iştirak edəcək digər informasiya ehtiyatları və sistemləri müəyyən edilmiş texniki və funksional tələblərə cavab vermədiyi hallarda onlarda zəruri dəyişikliklər edilməsi məqsədilə məsələ qaldırmaq;
7.2.4. EEİS-in parametrlərində sahiblə razılaşdırmaqla dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;
7.2.5. iştirakçılar və istifadəçilər EEİS-in təhlükəsiz və effektiv fəaliyyətinin pozulmasına səbəb olan əməllərə yol verdikdə, EEİS-ə giriş imkanını sahiblə razılaşdırmaqla ləğv etmək və ya məhdudlaşdırmaq;
7.2.6. normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
8.1. İştirakçıların vəzifələri aşağıdakılardır:
8.1.1. EEİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təmin etmək;
8.1.2. EEİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;
8.1.3. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə EEİS-ə daxil etmək (ötürmək);
8.1.4. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;
8.1.5. EEİS-dən, habelə EEİS-də olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;
8.1.6. EEİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;
8.1.7. sahibin EEİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları izləmək;
8.1.8. EEİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;
8.1.9. məlumat mübadiləsi zamanı aşkar olunmuş çatışmazlıqların və yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görmək, bu barədə sahibə və RİNN-ə məlumat vermək;
8.1.10. öz təşəbbüsləri, habelə RİNN-in və sahibin bu Əsasnamə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq verdikləri təkliflər əsasında sahibi və ya operatoru olduğu dövlət informasiya ehtiyatlarında və sistemlərində zəruri dəyişikliklər etmək.
8.2. İştirakçıların aşağıdakı hüquqları vardır:
8.2.1. EEİS-in fəaliyyəti ilə bağlı zəruri məlumatları (sənədləri) əldə etmək üçün sahibə sorğu vermək və ondan belə məlumatları (sənədləri) almaq;
8.2.2. EEİS-in təkmilləşdirilməsi istiqamətində sahibə təkliflər vermək.
9.1. İstifadəçilərin EEİS-dən istifadə ilə bağlı aşağıdakı hüquqları vardır:
9.1.1. EHİS vasitəsilə EEİS-dəki açıq məlumatlarla tanış olmaq və onları əldə etmək;
9.1.2. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, özləri barəsində məlumatlarla tanış olmaq, onları əldə etmək və ya dəqiqləşdirilməsi üçün sahibə müraciət etmək;
9.1.3. EHİS-dəki elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək;
9.1.4. sahiblə, iştirakçılarla və digər istifadəçilərlə qarşılıqlı əlaqəni və sənəd (məlumat) mübadiləsini elektron qaydada həyata keçirmək;
9.1.5. EEİS-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
9.1.6. EEİS-dən istifadə ilə bağlı hüquqlarının pozulmasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;normativ hüquqi aktlarla müəyyən edilmiş digər hüquqları həyata keçirmək.