“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1012-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1923 nömrəli Fərmanının 4.2-ci bəndinə uyğun olaraq, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında” Əsasnamənin 2.0.3-cü, 3.0.2-ci və 4.0.1-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə həmin Əsasnamənin 5.10-5.14-cü bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası
1. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” (AZ SNQ 001-2019) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Aparatının Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri İbrahim Babayev bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə həmin Qərarın 3 (üç) gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
__________________________________________
4. Kollegiyanın məsul katibi Asif Əbdüləzimov bu Qərarın surətinin aidiyyəti üzrə göndərilməsini təmin etsin.
5. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” 01 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 28 sentyabr 2019-cu il tarixli iclasının protokolu.
1.1. Tənzimləmə predmeti:
1.1.1. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” (bundan sonra - sanitariya normaları və qaydaları) bu məhsulların minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.
1.1.2. Sanitariya normaları və qaydalarının layihəsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən hazırlanıb və 15 İyul 2019-cu il tarixli iclasda İnstitutun Qida Təhlükəsizliyi üzrə Elmi Komitəsi tərəfindən bəyənilib.
1.2. Sanitariya normaları və qaydalarının məqsədi:
Sanitariya normaları və qaydalarının məqsədi bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsidir.
1.3. Sanitariya normaları və qaydalarının tətbiq sahəsi:
1.3.1. Sanitariya normaları və qaydaları tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və / və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
1.3.2. Sanitariya normaları və qaydaları təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan içkilərə şamil edilmir.
1.3.3. Sanitariya normaları və qaydaları idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.
1.4. Enerji içkisinin anlayışı:
Enerji içkisi - tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və / və ya antisedativ təsirə malik aşağıda sadalanan maddələrdən ən azı ikisi mövcud olan alkoqolsuz içki: kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktları. Tərkibində yuxarıda sadalanan maddələrdən yalnız kofein istifadə edildiyi halda, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir. Tərkibində yuxarıda sadalanan amin turşuları, B qrup vitaminlər və bitki ekstraktları kimi qrup maddələrdən eyni qrupa daxil olan hər hansı iki maddə istifadə edildikdə, həmin içkilər də enerji içkisi hesab edilir.
2.1. İstehsal normaları:
2.1.1. Enerji içkilərinin 100 ml-də olan maddələrin miqdarı aşağıda göstərilmiş normalardan çox olmamalıdır:
2.1.2. Enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilmir.
2.1.3. Enerji içkilərinin tərkibində karbohidratların kütlə payı 11%-dən artıq olmamalıdır.
2.1.4. Enerji içkilərinin tərkibində bu sanitariya normaları və qaydalarının 1.4-cü bəndində sadalanan maddələrdən kənar digər maddələr istifadə olunduğu halda, onun mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyəti və / və ya antisedativ təsiri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi araşdırmalar əsasında qiymətləndirilir və həmin qiymətləndirmə əsasında məhsulun enerji içkisi olub-olmaması müəyyən edilir.
2.2. Qablaşdırma normaları:
2.2.1. Enerji içkilərinin qablaşdırma vahidində məhsulun həcmində yol verilən mənfi kənaraçıxmalar 3%-dən çox olmamalıdır.
2.3. Daşınma və saxlanma normaları:
2.3.1. Enerji içkiləri 0°C – 18°C temperaturda daşınmalı və saxlanmalıdır.
3. 1. Qablaşdırma qaydaları:
3.1.1 İstehlak tarası və bağlama vasitələri bu məhsulla təmas zamanı onun keyfiyyətini və təhlükəsizliyini təmin edən materiallardan hazırlanmalıdır.
3.2. Etiketlənmə qaydaları:
3.2.1. Enerji içkisi ilə doldurulmuş istehlak tarasının hər birinin etiketində məhsulu xarakterizə edən aşağıdakı məlumatlar olmalıdır:
- istehsalçının adı, ünvanı və əmtəə nişanı (əgər varsa);
- içkinin adı, növü və tərkibi;
- içkinin qida və enerji dəyərliliyi;
- içkinin tərkibindəki maddələrin miqdarı;
- içkinin miqdarı (çəkisi);
- istehsal tarixi və yararlılıq müddəti (istehlak tarasının üzərində);
- içkinin istifadə qaydaları;
- “Enerji içkisi” yazısı;
- "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir" yazısı;
- “18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı;
- "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” yazısı;
- "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı.
Etiketin üzərində əlavə olaraq aşağıdakılar göstərilə bilər:
- “Soyuq halda için” yazısı;
- informasiya və reklam xarakterli yazılar.
3.2.2. Enerji içkilərinin qablaşdırılması və etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır.
3.3. Daşınma və saxlanma qaydaları:
3.3.1. Enerji içkilərinin yararlılıq müddəti istehsalçı tərəfindən, müvafiq qaydada akkreditasiya olunmuş laboratoriyanın apardığı sanitar-bioloji tədqiqatlara əsaslanaraq müəyyən olunur.
3.3.2. Yararlılıq müddəti daşınma və saxlanma şəraitinə əməl olunduqda qüvvədədir və bu müddət ərzində məhsulun orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik göstəricilərinin sabit qalmasına görə məsuliyyəti istehsalçı daşıyır.
1. 24 iyun 2023-cü il tarixli 35 nömrəli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202306240035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2023-cü il)