Qanunvericilik › “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.12.2022) › Tam mətn

“Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.12.2022)

“Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 08.12.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 dekabr 2022-ci il

1.1. Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası (bundan sonra – Qayda) “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş təsərrüfat subyektlərində və qeyri-yaşayış binalarında təyin olunan və enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını müəyyən edir.

1.3. Enerji idarəçisi (meneceri) təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) (bundan sonra – işəgötürən) tərəfindən, bu Qaydanın 2.1-ci bəndində qeyd edilən tələblərə cavab verən işçiləri arasından, belə işçilər olmadıqda isə həmin tələblərə cavab verən digər şəxslər attestasiyadan keçirilməklə vəzifəyə təyin və vəzifədən azad edilir.

1.4. Enerji idarəçisini (menecerini) təyin etmiş təsərrüfat subyektləri həmçinin enerji menecment sistemini yaratmaq istədikdə, həmin təsərrüfat subyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair tələblər”i tətbiq edilir.

2.1. Energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsi olan şəxslər bu Qaydaya uyğun olaraq attestasiyadan keçdikdən sonra enerji idarəçisi (meneceri) kimi təyin edilə bilərlər.

2.2. Enerji idarəçisi (meneceri) aşağıdakı vəzifələri həyata keçirir:

2.2.1. enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;

2.2.2. təsərrüfat subyektində və ya qeyri-yaşayış binalarında enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;

2.2.3. enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;

2.2.4. enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək;

2.2.5. enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;

2.2.6. enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək;

2.2.7. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı təsərrüfat subyektinin və qeyri-yaşayış binasının mülkiyyətçisinin işçi heyətinin təlimi üçün tədbirlər görmək;

2.2.8. bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək;

2.2.9. təsərrüfat subyektinə və qeyri-yaşayış binasının mülkiyyətçilərinə texniki və praktiki tövsiyələr vermək.

3.1. Qanunun 8.1-ci maddəsinə əsasən attestasiya təsərrüfat subyektlərində və qeyri-yaşayış binalarında enerji idarəçisinin (menecerinin) təyin olunması üçün həmin vəzifəyə uyğunluğun müəyyən edilməsi məqsədilə keçirilir.

3.2. Attestasiya işəgötürənin təşkil etdiyi, bir üzvü Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) nümayəndəsi olmaqla, sədr və digər 4 (dörd) üzvdən ibarət attestasiya komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir. Komissiyanın fəaliyyəti işəgötürənin təsdiq etdiyi reqlamentlə tənzimlənir.

3.2-1. İşəgötürən komissiya üzvünün müəyyənləşdirilməsi üçün enerji effektivliyi informasiya sistemi (bundan sonra – EEİS) vasitəsilə Nazirliyə müraciət edir.

3.2-2. Nazirlik müraciət daxil olduğu gündən 3 (üç) iş günü ərzində komissiya üzvü qismində iştirak edəcək əməkdaş barədə məlumatları EEİS vasitəsilə işəgötürənə təqdim edir.

3.2-3. Attestasiyanın keçirilməsi ilə əlaqədar komissiya üzvləri və namizədə (namizədlərə) dair məlumatlar, attestasiyanın reqlamenti, attestasiyanın nəticəsi və vəzifəyə təyinat barədə məlumatlar işəgötürən tərəfindən EEİS-ə daxil edilir.

3.3. Aşağıdakı şəxslər Komissiyanın üzvü ola bilməzlər:

3.3.1. enerji idarəçisi (meneceri) vəzifəsinə namizədin (bundan sonra – namizəd) yaxın qohumları (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları, övladlığa götürənlər və övladlığa götürülənlər);

3.3.2. ali təhsili olmayan şəxslər.

3.4. Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

3.4.1. attestasiya meyarlarını müəyyən edir;

3.4.2. attestasiya üçün suallar toplusunu hazırlayır;

3.4.3. attestasiyanın müddətini müəyyən edir;

3.4.4. attestasiyanın keçirilmə yerini və vaxtını müəyyən edir;

3.4.5. attestasiyanın keçirilməsi ilə bağlı elan verir;

3.4.6. attestasiyanı keçirir;

3.4.7. attestasiyanın nəticələri üzrə qərarı qəbul edir.

3.5. Komissiyanın üzvlərindən birinin namizədlərdən hər hansı biri ilə yaxın qohumluq münasibəti olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda, attestasiya başlanmazdan əvvəl namizəd Komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

3.6. Bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədin attestasiyadan keçirilməsində Komissiyanın üzvü kimi iştirak edə bilməzlər.

3.7. İşəgötürən komissiyanın fəaliyyətinə sahə üzrə ekspertləri cəlb edə bilər.

4.1. Komissiya tərəfindən attestasiya sualları aşağıdakı mövzuları əhatə edən attestasiya proqramı əsasında hazırlanır:

4.1.1. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə normativ hüquqi aktlar;

4.1.2. elektrik enerjisi sahəsi üzrə anlayışlar və kəmiyyətlər (cərəyan, gərginlik, tezlik, güc (aktiv, reaktiv və tam güclər), güc əmsalı və s.);

4.1.3. elektroenergetika (istehsal, ötürmə, paylama və istehlak) sahəsində səmərəlilik və elektrik enerjisi istehlakının tənzimlənməsi;

4.1.4. güc transformatorları, növləri, itkiləri və faydalı iş əmsalı;

4.1.5. elektrik mühərrikləri, növləri, itkiləri, tətbiq sahələri və faydalı iş əmsalı;

4.1.6. kombinə edilmiş istilik-elektrik sistemləri (kogenerasiya) və səmərəlilik;

4.1.7. avtomatlaşdırma sistemləri;

4.1.8. elektrik enerjisinin ölçülməsi və monitorinqi sistemləri;

4.1.9. firlanma sürətinin tənzimləyiciləri, yumşaq işəsalma və tətbiq sahələri;

4.1.10. istilik enerjisi üzrə anlayışlar və kəmiyyətlər (həcmi, temperaturu, təzyiqi və s.);

4.1.11. istilik texnikası (keçiriciliyi, mübadiləsi və s.) ilə bağlı əsas biliklər;

4.1.12. yanma sistemləri və istifadə olunan avadanlıqlar (qazan, odluqlar, tüstü bacası, istilik enerjisinin ton neft ekvivalentində ifadə edilməsi, yanacağın istiliktörətmə qabiliyyətindən maksimum istifadəsi, yanmanın hesablanması, yanmaya nəzarət və tüstü qazlarının analizləri);

4.1.13. buxar sistemlərinin quruluşu və işləmə prinsipi (anlayışlar, buxar qurğuları, buxarın üfürülməsi, kondensatın qaytarılması, kondensatın kənarlaşdırılması qurğuları, itkilər və sızmalar);

4.1.14. istilik izolyasiyası (növləri, quraşdırılması üsulları və tətbiq sahəsi, hesablanması, izolyasiya vasitələri, sənaye obyektlərində izolyasiya, boru və klapanların izolyasiyası, binalarda izolyasiya, pəncərələr);

4.1.15. isitmə, soyutma və havalandırma (anlayışlar, binalarda isitmə və soyutma yükünün hesablanması və layihələndirmə, iqlim-nəzarət sistemləri);

4.1.16. sıxılmış hava sistemləri (kompressorlar, nəzarət sistemləri, paylayıcı xətlər, sıxılmış havanın keyfiyyəti, itkilər və sızmalar, istilik tullantılarının istifadəsi);

4.1.17. istilik tullantılarının istifadəsi (anlayışlar, istilik tullantılarının mənbələri, istilik tullantılarının istifadəsi, düsturlar, hesablamalar);

4.1.18. nasos və ventilyator sistemləri (nasos-ventilyator əyrisi, cihazın səmərəliliyi, təzyiq itkiləri, axın-təzyiq nəzarət üsulları, hidroforlar).

4.2. Attestasiya proqramı üzrə hazırlanan suallar təsərrüfat subyektləri və qeyri-yaşayış binaları üzrə olmaqla onların fəaliyyət istiqamətləri və xüsusiyyətləri nəzərə alınmaqla hər biri üçün ayrılıqda tərtib edilir və mütəmadi yenilənir.

5.1. Hər bir namizəd Komissiyaya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla aşağıdakı sənədləri təqdim edir:

5.1.1. kadrlar uçotunun şəxsi vərəqəsi;

5.1.2. şəxsiyyəti təsdiq edən sənədin surətini;

5.1.3. ali təhsili haqqında sənədin surətini;

5.1.4. əlavə təhsilə dair sənədin surətini (olduğu halda);

5.1.5. müvafiq sahədə iş təcrübəsini təsdiq edən sənədin surətini;

5.1.6. 2 (iki) ədəd 4x6 ölçüdə rəngli fotoşəkil.

5.2. Sənədlərdə nöqsan və ya uyğunsuzluq olmadıqda, müraciət üçün müəyyən edilən son tarixdən 30 (otuz) gün müddətində Komissiya tərəfindən attestasiya təşkil olunur. Attestasiyanın keçirilmə yeri və vaxtı haqqında məlumat və attestasiya proqramına uyğun olaraq tərtib edilmiş suallar toplusu namizədə attestasiyanın keçirilməsinə azı 20 (iyirmi) gün qalmış Komissiya tərəfindən yazılı və ya elektron qaydada təqdim edilir.

5.3. Sənədlərdə aradan qaldırılması (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) mümkün olan çatışmazlıqlar aşkar edildikdə namizədə çatışmazlıqların 5 (beş) gün müddətində aradan qaldırılması üçün Komissiya tərəfindən dərhal rəsmi bildiriş göndərilir və müddətin axımı dayandırılır. Namizəd tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra müddət axımı bərpa edilir və sənədlər bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq baxılır. Müəyyən edilmiş müddət ərzində çatışmazlıqlar aradan qaldırılmadıqda müraciət baxılmamış saxlanılır.

5.4. Attestasiya müsahibə formasında, Attestasiya proqramı əsasında həyata keçirilir. Attestasiya zamanı namizədə Attestasiya proqramı əsasında tərtib edilmiş suallar toplusundan kənar sualların verilməsi yolverilməzdir.

5.5. Attestasiya zamanı namizədə verilən suallar aydın olmadıqda, namizədin həmin sualları aydınlaşdırmaq hüququ vardır.

5.6. Attestasiya başa çatdıqdan sonra müsahibə ilə bağlı Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.

5.7. Attestasiya zamanı verilən sualların ən azı 70 faizini doğru cavablandıran namizəd attestasiyadan keçmiş hesab olunur. Bu tələbə uyğun gələn namizədlərin sayı iki və daha artıq olduqda ən yüksək nəticə əldə etmiş namizədə üstünlük verilir, nəticələr bərabər olduqda isə, namizədlərin təhsil səviyyəsi, əlavə təhsilinin olması, iş təcrübəsi nəzərə alınmaqla Komissiya tərəfindən səsvermə yolu ilə müəyyən edilir. Namizədlərin nəticələri bərabər olduğu halda Komissiyanın qərarları komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici sayılır. Komissiyanın sədri axırıncı səs verir. Komissiyanın iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə baş tutmuş sayılır.

5.8. Komissiyanın qərarı namizədə qərar qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində elan edilir.

5.9. Komissiya hər namizəd üçün bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formada attestasiya vərəqəsi doldurur.

5.10. Attestasiya vərəqəsi namizədin enerji idarəçisi (meneceri) vəzifəsinə təyin edilməsi üçün tələb olunan təsdiqedici sənəddir və enerji idarəçisinin (menecerinin) şəxsi işində saxlanılır.

5.11. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxədə tərtib olunan attestasiya vərəqəsində qeyd edilir və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır.

5.12. Namizəd attestasiyanın nəticəsi ilə razı olmadıqda qərarın ona təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

1. Namizədin soyadı, adı, atasının adı _____________________________________________

2. Namizədin doğum tarixi _______________________________________________________

3. Namizədin təhsili və əlavə təhsili barədə məlumat

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

4. Attestasiya keçirilən zaman namizədin tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi, təsdiq edildiyi) vaxt

_______________________________________________________________________________

5. Namizədin ümumi əmək stajı __________________________________________________

(o cümlədən çalışdığı təşkilatda əmək stajı)

________________________________________________________________________________

6. Attestasiyadan keçən namizədə verilən suallar və cavablar

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

7. Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri ________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

8. Attestasiyadan keçən namizədin rəy və təklifləri __________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

9. Səsvermənin nəticələrinə görə namizədin fəaliyyətinə qiymət verilməsi

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

______________________________________________________________________________

Səslərin miqdarı: lehinə ___________________________ əleyhinə _____________________

10. Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə) ____________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

11. Qeyd _____________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Attestasiya komissiyasının sədri ____________________________________

Attestasiya komissiyasının üzvləri ____________________________________

Attestasiyanın tarixi ____________________________________

Attestasiya vərəqəsi ilə tanış olmuşdur ___________________________________________

(attestasiyadan keçən şəxsin imzası və tarix)

12. Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar və onun tarixi _______________

______________________________________________________________________________

1. 29 iyul 2024-cü il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyul 2024-cü il, “Xalq” qəzeti, 2 avqust 2024-cü il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 7, maddə 925)

2. 9 sentyabr 2026-cı il tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 23 sentyabr 2026-cı il, № 173)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver