16.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı qadağandır.
16.2. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) pirat nüsxələri və bu Qanunun tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr qanunla müəyyən edilmiş qaydada müsadirə edilir.
16.3. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin qeyri-qanuni hazırlanmasının (istehsalının) və yayılmasının qarşısının alınması sahəsində nəzarəti müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum), nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarəti isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan (qurum) həyata keçirirlər.
16.3-1. Sahibkarlara münasibətdə bu Qanunun 16.3-cü maddəsində qeyd edilən nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
16.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərindən (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab), habelə nəzarət markalarından qeyri-qanuni istifadə edilməsi qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.