2.1. Bu Qanunla müəyyən edilən tədbirlər əqli mülkiyyətə hüquq sahiblərinin hüquqlarının təminatına və mənafelərinin qorunmasına yönəldilir və əqli mülkiyyət hüquqlarının pozulduğu hallarda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq edilir.
2.2. Əqli mülkiyyət hüquqları sahəsində bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının qanunları, digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənir.
2.3. Bu Qanun əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan hüquqların təminatına, istisnalara və məhdudiyyətlərə dair müddəaları inkar etmir.
2.4. Bu Qanun onun qüvvəyə mindiyi vaxt əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları obyektlərinə, həmçinin dövlət varidatı elan edilmiş əsərlərə şamil edilir.
2.5. Ələt azad iqtisadi zonasında əqli mülkiyyət hüquqlarının təminatı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.