Qanunvericilik › Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 12.03.2024) › Tam mətn

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 12.03.2024)

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında (Ali Məhkəmə Plenumunun qərarı, 12.03.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-ci fəsli ər-arvadın əmlakının qanuni rejimini tənzimləməklə, bu əmlakın bölünməsinə dair mübahisələr üzrə əsas normativ hüquqi mənbələrdən biri kimi çıxış edir. Oxşar tənzimləmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsində də mövcuddur.

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə əlaqədar mübahisələrə baxılarkən məhkəmələr tərəfindən qeyd olunan normativ hüquqi aktların tətbiqi təcrübəsinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ümumiləşdirmə aparılmışdır.

Ümumiləşdirmə nəticəsində bu kateqoriya işlər üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması zərurəti müəyyən edilmişdir.

Bu baxımdan ər-arvad arasında ümumi əmlakın bölünməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin I hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79, 79-1 və 80-ci maddələrini rəhbər tutaraq

1.1. Ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr).

1.2. Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər.

1.3. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.

1.4. Əmlakın ümumiliyi dedikdə isə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Ona görə də, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın ümumi əmlakı qanuni rejimə tabe olan ümumi birgə mülkiyyət sayılır (Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələri).

1.5. Belə əmlakın bölünməsi qeyd olunan ümumiliyə xitam verilməsi məqsədilə ərin və ya arvadın tələbi əsasında onların əmlaka münasibətdə ortaqlıqdan çıxarılması və fərdi mülkiyyətçi vəziyyətinə keçirilmələridir. Bu, ümumi əmlak üzərində ər-arvadın payını müəyyən etməklə, əmlakın aktivinə və passivinə daxil olan konkret predmetləri (əmlak dəyərlərini) onlar arasında pay nisbətlərinə uyğun bölüşdürülərək, hər birinin ayrıca mülkiyyətinə verilməsi ilə təmin olunur.

1.6. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ər-arvadın əmlakının rejiminin iki növünü müəyyən etmişdir: qanuni rejim və müqavilə rejimi.

ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİ

2.1. Ər-arvad arasında nikah müqaviləsi bağlanmayıbsa, yaxud belə müqavilədə ər-arvadın mülkiyyətinin rejimi müəyyən edilməyibsə, ər-arvadın əmlakının qanuni rejimi qüvvədə olur.

2.2. Ər-arvadın ümumi əmlakının qanuni rejimi, o cümlədən bu rejimə əsasən birgə mülkiyyət hesab edilən əmlak bu əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun ər-arvadın hər birinin əmlakı, ayrıca əmlakın birgə mülkiyyət sayılması üçün əsaslar, ümumi əmlakın bölünməsi və bu zaman payların müəyyən edilməsi Ailə Məcəlləsinin 7-ci fəsli ilə tənzimlənir (31-37-ci maddələr).

2.3. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayıldığı üçün (Ailə Məcəlləsinin 25.4-cü maddəsi) belə nikah ər-arvadın ümumi əmlakının qanuni rejimindən irəli gələn qarşılıqlı hüquq və vəzifələr yaratmır. Ailə Məcəlləsinin 28.2-ci maddəsinə əsasən nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.

2.4. Bununla yanaşı, ailə qanunvericiliyi konkret mübahisənin hallarından irəli gələrək etibarsız nikah nəticəsində hüquqları pozulmuş ərin (arvadın) tələbi əsasında mübahisələrə baxılarkən nikah etibarsız sayılan vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinin məhkəmə tərəfindən tətbiq olunmasını da mümkün hesab edir (Ailə Məcəlləsinin 28.5- ci maddəsi).

3. Ər-arvadın birgə mülkiyyətinin anlayışı, prezumpsiya və sübutetmə yükü

3.1. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.

3.2. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

3.5. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir.

3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır.

3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.

3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir.

3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir.

3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir.

3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.

3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

3.17. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər.

3.18. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir.

3.19. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır.

4. Ümumi əmlaka daxil olan aktivlər

4.1. Aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinin məqsədinə görə əldə etmə dedikdə, aktivlər üzərində əmlak hüquqlarının qazanılması başa düşülür.

4.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.

4.3. Nəzərə alınmalıdır ki, bu siyahı məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdədir və konkret işin hallarından asılı olaraq qanunda nəzərdə tutulan şərtlərə cavab verən digər aktivlər də ər-arvadın ümumi birgə əmlakı sayıla bilər.

4.4. Qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir.

4.5. Ərin-arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz.

4.6. Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir.

4.7. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

4.8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.

4.9. Birgə nikah dövründə şansa əsaslanan oyunlarda, mərclərdə və lotoreyalarda iştirak etmək üçün ödəniş edilmişdirsə, sərf olunmuş vəsaitin ailənin ümumi təsərrüfatından xərcləndiyi barədə prezumpsiyanın qüvvədə olması baxımından belə fəaliyyət nəticəsində əldə edilmiş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.

4.10. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar, müsabiqələr, yarışmalar və sair oxşar tədbirlərdən əldə olunmuş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur.

4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

4.12. Mülki Məcəllənin 147.1-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Bu səbəbdən həm müqavilədən irəli gələn, həm də dövlət reyestrində aparılmış təminat qeydinə dair hüquqlar ər-arvadın ümumi əmlakına daxil olan aktivdir.

4.13. Bundan əlavə, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur.

4.14. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.

4.15. Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.

4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.

4.17. Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Misal üçün ər-arvad nikahda olduqları dövrdə onların əmlakı hesabına dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi nikah pozulduqdan sonra ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, bu ümumi əmlak hesab edilir.

4.18. Məhkəmə təcrübəsində bəzən ər-arvadın ümumi əmlakının bölünməsi qaydasında birgə nikah dövründə müxtəlif ehtiyaclar üçün xərclənmiş (məsələn, səyahətə çıxma, istirahət mərkəzlərində dincəlmə və sair) pul vəsaitinin bir hissəsinin tutulması barədə iddiaların təmin edilməsi hallarına rast gəlinir. Lakin birgə nikah dövründə xərclənmiş vəsait artıq ər-arvadın aktivindən çıxdığı üçün onlar arasında bölgünün predmeti ola bilməz.

5. Ər-arvadın hər birinin mülkiyyəti

5.1. Ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak.

5.2. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir.

5.3. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır.

5.4. E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.

5.5. Nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir.

5.6. Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır.

5.7. Ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət – o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər.

5.8. Ailə qanunvericiliyi birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın ümumi mülkiyyəti sayılmayan əşyaların da dairəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) də bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə müvafiq olaraq isə ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, bu maddə zinət əşyalarını qeyd olunan qaydadan istisna etmişdir. Nəzərə alınmalıdır ki, zinət əşyaları yalnız qiymətli metallardan və ya daşlardan hazırlanmış əşyaları deyil, digər qiymətli bəzək, süs, yaraşıq əşyalarını (məsələn, qol saatlarını, geyim aksesuarlarını və sair) da ehtiva edir.

5.9. İstehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir.

5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür.

5.11. Birgə nikah dövründə ərin (arvadın) ümumi və ya ayrıca əmlakı arvadın (ərin) sahibliyinə verməsi və ya adına rəsmiləşdirməsi faktı özü-özlüyündə həmin əmlakın (və ya özünə məxsus olan payın) bağışlanması kimi qəbul edilməməlidir. Birgə ailə həyatı çərçivəsində bir çox hallarda bunun səbəbi qarşılıqlı etimad, sədaqət, vaxt çatışmazlığı, məsafə fərqi, fiziki imkansızlıq və sair ola bilər. Yalnız bağışlama niyyəti güdən davranış və iradə ifadəsi mötəbər sübutlarla təsdiq olunduğu hallarda (məsələn, bağışlama müqaviləsi, doğum günü hədiyyəsi barədə iradə bəyanını təsdiq edən foto və videolar, şahid ifadələri və sair) bu cür zənginləşdirmələr işə baxılarkən bağışlama müqaviləsinin əhəmiyyətsiz olduğunun təsbit olunduğu və ya mübahisələndirmə nəticəsində etibarsızlığının müəyyən edildiyi hallar istisna olmaqla, hədiyyə kimi qiymətləndirilə bilər.

5.12. Birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq, mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır. Daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2-ci maddəsi), rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara və danışmaz əşyalara münasibətdə dövlət reyestrindəki qeydə düzəlişin aparılması (“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarının 4.2-ci bəndi, Mülki Məcəllənin 141-ci maddəsi) təşkil edəcəkdir.

5.13. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir.

5.14. İş materiallarında tərəflərin nikahına rəsmi qaydada xitam verildiyi tarixdən əvvəl onların faktiki nikah münasibətlərinin pozulması barədə kifayət qədər sübut yoxdursa, Ailə Məcəlləsinin 23.1-ci maddəsinin müddəaları rəhbər tutulmalıdır. Həmin maddəyə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır.

5.15. Eyni zamanda oxşar mübahisələrin həlli zamanı məhkəmələr tərəflərin birgə nikahda olduqları dövrdəki gəlirlərini, hansı müddət ərzində faktiki ayrı yaşadıqlarını, qazanılmış əmlakın dəyərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, onların faktiki birgə təsərrüfat aparmadıqları dövrdə ərin (arvadın) əldə etdiyi əmlakı onların birgə mülkiyyəti hesab edə bilərlər.

6. Ər-arvadın ümumi əmlakının bölgüsü

Ümumi əmlakın bölünməsi

6.1. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər.

6.2. Nikah davam etdiyi müddətdə bölünmənin predmeti daha əvvəl ər-arvadın bölüşdürmədiyi ümumi əmlak ola bilər. Çünki tərəflər hansısa predmetləri öz aralarında bölüşdürdükləri andan həmin əmlak üzərində birgə mülkiyyət halı aradan qalxmış olur. Bu baxımdan nikah dövründə üzərində ümumi mülkiyyət olan əmlak bölüşdürülür, bununla da həmin predmetlərə münasibətdə birgəlik aradan qalxır. Nikah dövründə bölüşdürülməmiş və nikahın davam etdiyi müddətdə əldə edilən digər əmlaka ümumi qaydada qanuni rejim tətbiq olunur. Bu səbəbdən, Ailə Məcəlləsinin 36.8-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

6.3. Nikah pozulduqdan sonra isə bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərin-arvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur.

6.4. Ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər (Ailə Məcəlləsi, 36.1-ci maddə).

6.5. Qanunverici bölgünün aparılmasını əvvəlcə ər-arvadın öz iradələrinə buraxmışdır. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş əmlakın bölünməsinə dair ikitərəfli əqddir və müqavilə hüququnun ümumi qaydalarına tabedir.

6.6. Bölgü barədə saziş üçün qanunda xüsusi forma nəzərdə tutulmamışdır. Tərəflər onu şifahi, sadə yazılı və ya notarial qaydada bağlaya bilərlər. Bununla belə, bəzi müqavilə növləri üçün qanunla müəyyən edilmiş məcburi forma tələblərinə riayət olunmalıdır. Məsələn, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 144.1-ci maddəsi).

6.7. Ər-arvadın ümumi əmlakının bölünməsinə dair saziş onlar üçün icrası məcburi olan mülki hüquq və vəzifələr meydana gətirir. O da nəzərə alınmalıdır ki, həmin sazişin bağlanması bölünmənin başa çatması hesab olunmur. Bunun üçün hər iki tərəf müqavilə ilə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Başqa sözlə, ümumi əmlaka daxil olan ayrı-ayrı predmetlərin onların hər birinin fərdi mülkiyyətinə keçməsi üçün ər və arvad müqavilə şərtlərinə uyğun olaraq lazımi hərəkətləri etməlidirlər. Məsələn, daşınar əşyanı digərinin sahibliyinə verməli, daşınmaz əşyanın dövlət reyestrindəki qeydinin dəyişdirilməsini təmin etməlidir. Bu hərəkətlər nəticəsində ümumi əmlakda olan predmetlər ərin (arvadın) fərdi mülkiyyətinə keçdikdə bölünmə tamamlanmış sayılır.

6.8. Qeyd olunan sazişin şərtlərinin yerinə yetirilməməsindən yaranan mübahisə məhkəmə qaydasında həll olunur. Belə mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, müqavilə öhdəliklərinin icra edilməməsi barədə ixtilaf hesab edilir. Çünki saziş qüvvəyə mindiyi andan tərəflər ona bağlı olurlar. Onlardan biri öhdəliyini yerinə yetirmədikdə digər tərəf müqavilə öhdəliklərinin icrasına məcbur etmə barədə iddia qaldıra bilər. Ona görə də, məhkəmələr bu xarakterli mübahisələri ailə qanunvericiliyi ilə deyil, mülki qanunvericiliyin öhdəlik hüququna dair normaları əsasında həll etməlidirlər.

6.9. Ər-arvad ümumi əmlakın bölünməsi ilə bağlı mediasiya prosesində əldə edilmiş barışıq sazişinə də bağlı sayılırlar. Tərəflərdən biri sazişin şərtlərinin könüllü icrasından imtina etdikdə digər tərəf məcburi icranı təmin etmək məqsədilə sazişin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllə, 40-7-ci fəsil).

6.10. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

6.11. Ümumi qayda ondan ibarətdir ki, mübahisə halında bütün əmlakın məhkəmə tərəfindən bölünməsi, ər-arvadın əmlakının qanuni rejiminin məcburi şəkildə ləğv edilməsidir. Yəni ər-arvadın əmlakı üzərində ümumilik məhkəmə qərarı ilə aradan qalxır və onların hər biri paylarına uyğun şəkildə aldıqları predmetlərə münasibətdə fərdi mülkiyyətçi vəziyyətinə keçirlər. Bununla belə, aşağıdakı istisna hallar məhkəmə tərəfindən nəzərə alınmalıdır.

6.12. Birincisi, ümumi əmlaka daxil olan predmetlərin bəziləri ər-arvad arasında mübahisəli deyilsə və ya öz razılıqları ilə artıq bölünmüşsə, məhkəmə həmin predmetləri tərəflərin iradəsi ziddinə bölə bilməz.

6.13. İkincisi, tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ər-arvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır.

6.14. Təcrübədən görünür ki, ər-arvadın ümumi əmlakının bölgüsünə dair iddia tələbləri bir qayda olaraq, konkret predmet(lər) üzərində iddiaçının (və ya tərəflərin) müvafiq pay(lar)ının tanınması formasında ifadə edilir. Halbuki tələbin bu şəkildə qeyd olunması bir çox halda tərəflərin həqiqi arzusunu əks etdirmir. Boşanmış (ailə ittifaqı pozulmuş) şəxs bir qayda olaraq, əmlak münasibətlərində də ortaqlıqdan ayrılmaq və payına düşən predmetlərin fərdi mülkiyyətçisi olmaq istəyir, məhkəməyə də bu səbəbdən müraciət edir.

6.15. Belə olan halda, mübahisə predmetləri üzərində yalnız payların tanınması tərəflərin çatmaq istədikləri hüquqi mənafeləri təmin etmir. Bu səbəbdən eyni şəxslər sonradan paylarının ayrılması və ya əşyanın bölünməsi barədə mülki qanunvericiliyə əsaslanan ayrıca tələblərlə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalırlar.

6.16. Ona görə də, ər-arvadın ümumi əmlakda payının müəyyən olunması barədə iddia tələbi bütün hallarda təsbit iddiası kimi qəbul edilməməli, tərəflər arasındakı mübahisənin mahiyyəti aydınlaşdırılmalı, onların çatmaq istədikləri hüquqi nəticə müzakirə edilməklə iddianın təsbit, yoxsa bölünmə barədə olması, həmin tələblərin bütün ümumi əmlakı, yoxsa onun tərkibinə daxil olan ayrı-ayrı predmetləri əhatə etməsi, əmlakın aktivi ilə yanaşı, passivinin də mübahisəli olub-olmadığı, tələbin yönəldiyi hər bir predmet dəqiqləşdirilməlidir. Bu məqsədlə hakim işi məhkəmədə baxılmağa hazırlayarkən qeyd edilən halları Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə uyğun qaydada tərəflərlə müzakirə etməli, dəqiqləşdirmənin nəticələri məhkəmənin iclas protokolunda aydın şəkildə əks etdirilməlidir.

6.17. Müzakirə nəticəsində iddiaçı iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq və ya azaltmaq istədikdə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq yazılı ərizə ilə məhkəməyə müraciət etməlidir.

Payların müəyyən edilməsi

6.18. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri).

6.19. Paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir.

6.20. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onların ayrıca (fərdi) mülkiyyətinə verilir.

6.21. Bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür.

6.22. Konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər.

6.23. Təcrübədə bölüşdürülən predmetlərin dəyərləri hər zaman pay nisbətləri ilə üst-üstə düşmür. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul verilə və ya başqa şəkildə kompensasiya edilə bilər (Ailə Məcəlləsi, 36.4-cü maddə, ikinci cümlə).

6.24. Bundan əlavə, məhkəmə bölgü zamanı aktiv və passivlər üzrə ər-arvad arasında əvəzləşdirmə də apara bilər. Məsələn, yuxarıdakı misalda məhkəmə arvadın bank əmanəti üzrə 30.000 manat ərdən alacağını, arvadın ərin adına rəsmiləşmiş kredit borcuna görə 30.000 manat öhdəliyi ilə əvəzləşdirməklə, 60.000 manat əmanətin və eyni məbləğdə kredit borcunun tam olaraq ərə aid olmasına, qalan predmetlərin isə yuxarıda göstərilən qaydalara uyğun bölüşdürülməsinə qərar verə bilər.

6.25. Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi).

6.26. İstinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyri-bərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır.

6.27. Məhkəmələr nəzərə almalıdırlar ki, ər-arvadın əmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosial-iqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir.

6.28. Bu baxımdan misal üçün, tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə, ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə ər-arvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər.

6.29. Bölgü zamanı hər bir halda mütənasiblik nəzərə alınmalı, bu cür bölgünün məqsədinin ərin (arvadın) daha çox əmlak əldə etməsi deyil, uşaqların üstün mənafelərinin təmin edilməsi olduğu daim diqqətdə saxlanılmalıdır. Tərəflərin ümumi mülkiyyətində daha artıq sayda əmlak varsa, yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalmasına istinadla ümumi əmlak üzərində tərəflərin paylarının qeyri-bərabər müəyyən edilməsi Ailə Məcəlləsinin 37.2-ci maddəsinin yuxarıda ifadə edilmiş məqsədlərinə xidmət etmir.

6.30. Qanunverici ümumi əmlakın qeyri-bərabər bölünməsinə əsas ola biləcək ərin (arvadın) diqqətəlayiq mənafelərinin dairəsini konkret müəyyən etməmiş, hansı xüsusatların bu kateqoriyaya aid edilməsinin mümkünlüyünü hər bir konkret işin hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə həmin əsaslar sırasında ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları xüsusi vurğulamışdır.

6.31. Ailə Məcəlləsinin ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydalarını müəyyən edən normalarına görə, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə qanunvericiliyi ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsini ümumi şəkildə müəyyən etmişdir. Belə ki, ailə münasibətlərinin bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması Ailə Məcəlləsinin vəzifələri sırasındadır. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalı, ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir (Ailə Məcəlləsinin 1.3, 3.0.2, 3.0.5, 6.2 və 29.4-cü maddələri).

6.32. Məhkəmələr ər-arvadın ümumi əmlakının bölünməsi zamanı onlardan birinin üzrsüz səbəbdən gəlir əldə etməməsi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etməsi hallarına, ailə qanunvericiliyinin istinad olunan məqsədlərindən çıxış edərək, hüquqi qiymət verməlidir.

6.33. Nəzərə alınmalıdır ki, ər-arvaddan birinin gəlir əldə etməməsi o halda əmlakın qeyri-bərabər bölünməsinə əsas verə bilər ki, ər və ya arvad heç bir üzrlü səbəb olmadan ailənin rifahı üçün birgə fəaliyyətdə iştirak etməkdən yayınmış olsun. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə gəlir gətirən hər hansı fəaliyyətlə məşğul olmasa da, ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olan, yaxud müstəqil qazancının olmaması digər üzrlü səbəblərlə (o cümlədən sağlamlıq vəziyyəti ilə) bağlı olan ər (arvad) da ümumi əmlak üzərində bərabər pay hüququna malikdir.

6.34. Ailə Məcəlləsinin 37.2-ci maddəsində ər-arvadın ümumi əmlakının qeyri-bərabər bölünməsinin digər əsası kimi birgə mülkiyyətin ailənin mənafeyinə zidd olaraq sərf edilməsi halı nəzərdə tutulmuşdur. Ərin (arvadın) ümumi əmlakı birbaşa və ya dolayısı ilə ailə ehtiyaclarına aid olmayan şəxsi məqsədlərinə, zərərli vərdişlərə sərf etməklə və ya ailə qanunvericiliyində müəyyən edilmiş vəzifə və ailədə davranış qaydalarına zidd davranaraq, ümumi əmlakın digər şəkildə əhəmiyyətli azalmasına səbəb olması birgə mülkiyyətinin bölünməsi zamanı payların qeyri-bərabər müəyyən olunması üçün əsas ola bilər.

Passivlərin bölünməsi

6.35. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

6.37. Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər.

6.38. Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir.

6.39. Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.

6.40. Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

6.41. O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi).

6.42. Ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma isə yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur.

6.43. Eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.

7. Ümumi əmlaka sərəncam verilməsi, razılıq, əqdlərin etibarsızlığı, vicdanlılıq

7.1. Ailə Məcəlləsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir (maddə 33.1).

7.2. Bununla belə, Ailə Məcəlləsinin 33.2-ci maddəsinə müvafiq olaraq ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Göründüyü kimi, qanunverici əmlaka sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alındığı barədə qanuni prezumpsiyanı yalnız reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara aid edir. Maddənin əks mənasına görə, daşınmaz əşyalara və reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə belə bir prezumpsiya mövcud deyil.

7.3. Beləliklə, reyestrdə qeydə alınmalı olmayan daşınar əşyalara sərəncam verilməsi barədə əqdi ər-arvaddan hansının bağlamasından asılı olmayaraq, digərinin razılığı ehtimal edilir. Mübahisə halında razılığın alınmadığını sübuta yetirmək vəzifəsi əqdi mübahisələndirən ərin (arvadın) üzərinə düşür.

7.4. Reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər.

7.5. Ailə Məcəlləsinin 33.4-cü maddəsi ər-arvadın ümumi daşınmaz əmlakı üzərində onlardan birinin sərəncam verməsi üçün digər tərəfin razılığı ilə bağlı xüsusi forma şərti – notarial qaydada təsdiq edilmiş razılıq nəzərdə tutmuşdur.

Ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdlərin bağlanması zamanı müvafiq razılığın alınmamasının nəticələri və vicdanlılıq

7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər.

7.7. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.

7.8. Ər-arvadın birgə mülkiyyətində olan daşınmaz əşyalara sərəncam verilməsi zamanı müvafiq qaydada razılığın alınmaması Mülki Məcəllənin 225.6-cı maddəsinə əsasən, heç bir əlavə şərtdən asılı olmadan əqdin etibarsızlığına səbəb olur və bu qayda əldə edənin vicdanlı olduğu hallara da şamil edilir. O da qeyd olunmalıdır ki, daşınmaz əşyaya hüquq əldə edən vicdanlı şəxslərin qorunması yalnız əşya hüquqları (mülkiyyət, tikintiyə vərəsəlik, ipoteka və digər) baxımından keçərli olduğundan reyestrdə qeydə alınmış tələb hüquqlarına (məsələn, icarə) sərəncam verilməsi ilə bağlı mübahisələrə Mülki Məcəllənin 225.6-cı maddəsi tətbiq oluna bilməz.

7.9. Bəzən məhkəmə təcrübəsində ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır. Halbuki Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir.

7.10. Məhkəmələr bəzi hallarda Mülki Məcəllənin 650-ci maddəsinin tələblərindən çıxış edərək, Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydanı ər-arvadın birgə mülkiyyətində olan reyestrdə qeydə alınmalı daşınar əşyalara, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış hüquqlara (məsələn, yaşayış binasının tərkib hissəsi üzərində pay hüququna) da tətbiq edirlər. Lakin Mülki Məcəllənin 650-ci maddəsi öhdəlik münasibətlərini tənzimlədiyi üçün həmin normanın əşya-hüquq münasibətlərinə tətbiqi hüquqi baxımdan yolverilməzdir.

7.11. Eyni zamanda Mülki Məcəllənin daşınmaz əşyalarla bağlı 225.6-cı maddəsində vicdanlı şəxsin hüquqlarının qorunmaması barədə müddəa mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi qaydadan istisna olduğu üçün həmin normanın geniş təfsir olunması, eləcə də analogiya üzrə tətbiqi yolverilməzdir (Mülki Məcəllə, maddə 11.4).

7.12. Nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri onların ümumi əmlakı hesabına yeni əmlak əldə etdikdə (məsələn, pul vəsaiti hesabına avtomobil alındıqda və s.) tərəflər nikahda olmadıqları üçün əldə edilən əşya ər-arvadın ümumi birgə mülkiyyəti sayılmır. Bu halda tələb ərin (arvadın) əmlakının birgə qanuni rejimindən irəli gəldiyindən, iddiaçı ər (arvad) mülkiyyətindən çıxmış əmlak predmetinin dəyərini cavabdeh arvaddan (ərdən) tələb etməkdə haqlıdır.

Ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdlərin bəyənilməsi

7.13. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi).

7.14. Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

7.15. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər.

7.16. Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar.

7.17. Ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür.

7.18. Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər-arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.

7.19. İddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır.

7.20. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır.

7.21. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir.

Müvafiq razılığın olmamasına görə ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi ilə bağlı əqdlərin etibarsızlığına dair müddətlər

7.22. Müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır.

7.23. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

7.24. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dair kəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz.

ƏR-ARVADIN MÜLKİYYƏTİNİN MÜQAVİLƏ REJİMİ

8.1. Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən nikaha daxil olan şəxslər öz aralarında nikah dövründə və (və ya) nikah pozulduqda əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş – nikah müqaviləsi bağlaya bilərlər. Bu halda onların ayrıca və ümumi əmlakının rejimi həmin müqaviləyə uyğun olaraq müəyyən edilir. Nikah müqavilələri mülki-hüquqi əqd olmaqla mülki qanunvericiliyin əqdlərin bağlanması, ləğvi və etibarsız hesab edilməsi barədə qaydalarına tabedir.

8.2. Nikah müqaviləsi ilə ər-arvad ümumi əmlakın rejimi ilə bağlı qanuna zidd olmayan istənilən razılığa gələ, o cümlədən mövcud və gələcəkdə əldə edəcəkləri birgə əmlakın qanunla müəyyən olunmuş rejimini dəyişə, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər (Ailə Məcəlləsinin 38.2 və 38.3-cü maddələri).

8.3. Öz aralarında nikah müqaviləsi bağlayan şəxslərin müqavilə azadlığı mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi şərtlərlə yanaşı, Ailə Məcəlləsinin 38.6-cı maddəsində sadalanan hallarla məhdudlaşır, həmin tələbləri pozan müqavilə və ya şərtlər əhəmiyyətsizdir və bağlandığı andan etibarsız hesab edilir (Ailə Məcəlləsinin 40.6-cı maddəsi).

8.4. Nikah müqaviləsi istər nikahadək, istərsə də nikah dövründə bağlana bilər. Müqavilə yazılı formada tərtib olunmalı və notariat qaydada təsdiq edilməlidir. Belə müqavilə nikahadək bağlanmışsa, onun qüvvəyə minməsi nikahın dövlət qeydiyyatına alınmasından asılıdır (tamamlayıcı ünsür). Bu şərtlərə cavab verməyən nikah müqaviləsi Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən etibarsız (əhəmiyyətsiz) olduğu üçün ər-arvadın ümumi əmlakının bölünməsi zamanı hüquqi əsas kimi çıxış edə bilməz.

8.5. Ailə Məcəlləsinin 42.1-ci maddəsi nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ərin (arvadın) üzərinə öz kreditoruna (kreditorlarına) məlumat vermək vəzifəsi qoyur və bu vəzifəni yerinə yetirməyən ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Bu normanın tələbinə əsasən nikah müqaviləsinin bağlanmasından məlumatsız olmuş kreditor (kreditorlar) ər-arvadın əmlakının rejiminin həmin müqavilə ilə dəyişdirilməsinə bağlı deyil və nikah müqaviləsi əsasında borclunun ərinin (arvadının) ayrıca mülkiyyətinə keçmiş əmlaka tutma yönəldilməsini tələb edə bilər.

8.6. Kreditor (kreditorlar), həmçinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir (Ailə Məcəlləsinin 42.2-ci maddəsi).

8.7. Nikah etibarsız sayıldıqda ər və arvad arasında bağlanmış nikah müqaviləsi də Ailə Məcəllənin 38 və 39-cu maddələrinə əsasən etibarsız sayılır (Ailə Məcəlləsi, 28.3-cü maddə). Bununla yanaşı, ailə qanunvericiliyi konkret mübahisənin hallarına əsasən etibarsız nikah nəticəsində hüquqları pozulmuş ərin (arvadın) hüquqlarını nəzərə alaraq, nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər (Ailə Məcəlləsi, 28.5-cü maddə).

9.1. Ailə qanunvericiliyi pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddətinin şamil edilmədiyi barədə qayda nəzərdə tutur (8.1-ci maddə). Məcəllə ailə münasibətlərindən irəli gələn yalnız ər-arvadın ümumi əmlakının bölünməsi tələblərinə iddia müddətinin tətbiqini mümkün sayır və Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən bu müddət 3 il təşkil edir. İddia müddətini müəyyən edən bu norma Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əsasən tətbiq edilir (Ailə Məcəlləsinin 8.2-ci maddəsi).

9.2. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakının bölünməsi zamanı yaranan əsas sual iddia müddətinin axımının başlanması anı (tarixi) ilə bağlıdır.

9.3. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

9.4. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı.

9.5. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.

9.6. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 379.5-ci maddəsinə müvafiq olaraq nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırıldığı üçün ər-arvadın əmlak bölgüsünə dair tələblər üzrə iddia müddətinin axımının başlanması üçün hər bir halda tərəflər arasında bağlanmış nikah pozulmuş olmalıdır.

9.7. Ər-arvadın ümumi əmlakının bölünməsinə dair iddia baxılmamış saxlanıldığı halda, Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.

9.8. Birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz.

İlkin mediasiya sessiyasında iştirak və iddianın mümkünlük şərtləri

10.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 3.2-ci və Mülki Prosessual Məcəllənin 4.6-cı maddələri ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakını tələb edir. Bu qaydaya əməl olunmaması Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, əgər iddia ərizəsi icraata qəbul edilmişsə, həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün əsasdır.

10.2. Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən ər-arvad arasında yaranan əmlak münasibətləri həmin Məcəllə ilə tənzimləndiyi üçün onların ümumi əmlakının bölünməsi ilə bağlı ixtilaflar da ailə mübahisəsi hesab olunur.

10.3. Üzərində ər-arvadın ümumi mülkiyyət hüququ yaranmış əmlakın nikahın davam etdiyi, ailə münasibətlərinin faktiki aradan qalxdığı, yaxud nikah pozulduqdan sonra başqa bir əmlak dəyərinə çevrilməsi (əşyanın satılması, dəyişdirilməsi və s.) nəticəsində əldə olunmuş predmetlərə (pul vəsaitinə və ya digər əmlaka hüququn tanınması, onların qaytarılması və s.), o cümlədən ər-arvad arasında bağlanmış nikah müqavilələrinin və onların ümumi əmlakı üzərində sərəncam verən əqdlərin etibarsızlığına dair tələblərin də kökündə ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi durduğundan bu xarakterli mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələr sayılır.

10.4. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə öz aralarında bağladıqları sazişdən, habelə mediasiya prosesində əldə edilmiş barışıq sazişindən irəli gələn öhdəliklərin icrasına məcburetmə barədə, eləcə də həmin sazişlərin ləğv edilməsi və ya etibarsız sayılması barədə iddialar ailə hüququna deyil, müqavilə hüququna əsaslandığı üçün belə mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb edilmir.

10.5. Ər-arvad statusunda olmayan şəxslər arasında yaranmış oxşar mübahisələr ər-arvadın mülkiyyətinin qanuni və ya müqavilə rejimi ilə deyil, mülki qanunvericiliyin ümumi əmlakın əldə edilməsi və istifadəsi, ona sərəncam verilməsi və bölünməsinə dair qaydaları ilə tənzimləndiyindən ailə münasibətlərindən irəli gələn mübahisələr sayılmır və belə iddialar üzrə tərəflərin məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb olunmur.

10.6. Ümumi əmlakın bölünməsinə dair mübahisələr üzrə qarşılıqlı iddia ərizələrinin mümkünlüyü barədə məsələnin müzakirəsi zamanı məhkəmələr nəzərə almalıdır ki, Konstitusiya Məhkəməsi 2022-ci il 14 dekabr tarixli Qərarında Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə də məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

10.7. Ər-arvad arasında ümumi əmlakın bölünməsi ilə bağlı mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişi varsa, bölgü həmin razılaşmaya uyğun aparılmalıdır. Buna baxmayaraq tərəflərdən biri eyni əmlakın məhkəmə tərəfindən bölünməsinə dair iddia qaldırdıqda hakim bağlanmış sazişin qüvvədə olub-olmadığını aydınlaşdırmalıdır. Saziş qüvvədə olmadığı halda, ər-arvadın əmlakının bölünməsi barədə tələbə ümumi qaydada ailə qanunvericiliyi əsasında baxılır.

10.8. Belə hallar aşkar edilmədikdə razılaşmanın yerinə yetirilməsini istəyən şəxsin tələbi saziş şərtlərinin icrasına məcburetmə barədə iddia kimi qiymətləndirilir və məhkəmə mübahisəni mülki qanunvericiliyə və tərəflərin bağlı olduqları sazişin şərtlərinə uyğun həll edir.

10.9. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, tərəflərdən biri sazişin məcburi icrası üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi halda, bölünmə sazişin şərtlərinə uyğun məcburi qaydada aparılır. Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında eyni predmet barədə eyni əsaslarla verilmiş iddianın icraata qəbulundan onun yolverilməzliyinə görə imtina edilməlidir.

10.10. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda ər-arvadın (onlardan birinin) tələbi ilə birgə mülkiyyətdə olan əmlakın bölgüsünün aparılması nikah pozularkən məhkəmənin həll etməli olduğu məsələlər sırasında olduğu üçün əmlak bölgüsü tələbi nikahın pozulması tələbi ilə birləşdirildikdə iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsində nəzərdə tutulmuş əsasla (bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə) geri qaytarıla bilməz. Eyni zamanda, nikahın pozulması tələbi ilə birləşdirilmiş əmlak bölgüsü tələbi üçüncü şəxsin mənafeyinə toxunarsa (Ailə Məcəlləsi, 22.3-cü maddə), yaxud hakim digər əsaslarla (qısaldılmış müddətlərdə baxılmalı olan tələblərlə birləşdirildikdə, uşaqların mənafeyi tələb etdikdə, prosessual qənaət prinsipinə riayət olunması zərurəti yarandıqda) tələblərə ayrıca baxılmasını məqsədəmüvafiq hesab edərsə (Mülki Prosessual Məcəllə, 169.1-ci maddə), əmlak bölgüsü haqqında tələb sonradan ayrıca icraata ayrıla bilər. Bu məsələ ilə bağlı qəbul edilmiş qərardad Mülki Prosessual Məcəllənin 264.0.5-ci maddəsinə uyğun əsaslandırılmalıdır.

10.11. Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsində cavabdeh kimi qeyd olunmuş şəxsə münasibətdə sadalanan tələblərə riayət edilmədikdə, o cümlədən cavabdeh qismində dövlət orqanları və ya qanunla mübahisə tərəfi hesab edilməyən şəxslər qoyulduqda və onlara qarşı mülki məhkəmə icraatı qaydasında yol verilən konkret tələblər irəli sürülmədikdə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin şərtlərinə cavab verməməsi əsası ilə həmin Məcəllənin 152.1.1-ci maddəsinə uyğun olaraq geri qaytarılmalıdır.

10.12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarında məhkəmələrə izah edilmişdir ki, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir (bənd 18).

10.13. Bu baxımdan, ailə-nikah münasibətlərindən irəli gələn, o cümlədən ər-arvadın ümumi mülkiyyətinin bölünməsi ilə əlaqədar olan mübahisələr istisnasız olaraq ümumi məhkəməyə aid olduğundan işdə iştirak edən şəxslərin subyektiv tərkibindən asılı olmayaraq ümumi məhkəmələrdə baxılmalıdır. Xüsusən də hüquqi şəxslərdə ər-arvadın payının müəyyən edilməsi, dəyişdirilməsi və ya sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərinin ər-arvad arasında bölünməsi zamanı hüquqi şəxsin işdə iştirak edən şəxs olması, mübahisə tərəfi olan ərin (arvadın) və ya onların hər ikisinin hüquqi şəxsin iştirakçısı olması, yaxud işdə iştirak edən ərin (arvadın) və ya onların hər ikisinin fərdi sahibkar olması belə mübahisələrin məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz.

10.14. Mülki Prosessual Məcəllənin işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq, həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət).

10.15. Konstitusiya Məhkəməsinin “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərdən də görünür ki, ər-arvadın ümumi əmlakda hər birinin payının müəyyən edilməsi onların mülkiyyət hüquqlarının tanınması hesab edilmədiyi üçün daşınmaz əşyalarla bağlı verilmiş belə tələblərə ümumi aidiyyət qaydasında baxılmalıdır.

10.16. Ər-arvad Mülki-Prosessual Məcəllənin 40.2-ci maddəsinə uyğun olaraq öz aralarında bağladıqları yazılı sazişlə ümumi əmlakın bölünməsi ilə bağlı mübahisənin ərazi aidiyyətini dəyişdirməkdə sərbəstdirlər. Belə saziş olduqda məhkəmələr ümumi aidiyyəti deyil, müqavilə aidiyyətini rəhbər tutmalıdırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri

Bakı şəhəri, 12 mart 2024-cü il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver