14.1. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adları və sərhədləri Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi olmaqla dövlət tərəfindən qorunur.
14.2. Azərbaycan Respublikasında ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə yol verilmir.
14.3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələləri ilə əlaqədar dövlət orqanları tərəfindən təşkilati tədbirlərin həyata keçirilməsinə yalnız həmin məsələnin həll edilməsinə dair müvafiq qanunvericilik aktı qüvvəyə mindikdən sonra yol verilir.
14.4. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələlərinə dair tərtib və təqdim edilən sənədlərdə həqiqətə uyğun və ya dəqiq olmayan məlumatların əks etdirilməsi, habelə həmin məsələlərə dair qərarları qəbul edən dövlət orqanlarına natamam və ya bu Qanunda göstərilmiş tələblərə cavab verməyən sənədlərin təqdim edilməsi qadağandır.
14.5. Azərbaycan Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələlərinə dair tərtib və təqdim edilmiş sənədlərdə uyğunsuzluq və ya natamamlıq müşahidə edildikdə, habelə onlar bu Qanunda göstərilmiş tələblərə cavab vermədikdə həmin sənədlərin əsasında hər hansı qərarın qəbul edilməsinə yol verilmir.
14.6. Bu Qanunun tələblərinin pozulması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəbdir.