Qanunvericilik › Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Ətraf mühitə dair informasiya almaq üçün müraciət və ya sorğuya aid qərarların qəbulu

Ətraf mühitə dair informasiya almaq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Müvafiq dövlət və yerli özünüidarəetmə orqanları, onların sahə strukturları səlahiyyətlərinə aid məsələlər üzrə ətraf mühitə dair informasiya registri aparmalı, həmçinin öz səlahiyyətləri daxilində onu almaq hüququ olan subyektləri bu informasiya ilə təmin etməlidirlər.

Ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.

10.2. Ətraf mühitə dair informasiya almaq üçün edilmiş müraciət və ya sorğuya cavab vermək qərarını müvafiq orqanın rəhbəri və ya ətraf mühitə dair informasiya registrinin aparılmasına məsul olan şəxs qəbul edir.

10.3. Ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələri, onun ödənişli və ya ödənişsiz olması, ödənişin həcminin müəyyənləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qaydalarda haqq alınmasına əsas olan tarif dərəcələri, haqqın alınması və ondan azadolma, haqqı qabaqcadan ödənməklə məlumat təqdimetmə halları barədə müraciət edənin məlumatlandırılması şərtləri öz əksini tapmalıdır. Ödənişli informasiya üçün müəyyən edilən haqq onun hazırlanması, axtarılması, surətinin çıxarılması və sair işlərin dəyərindən çox ola bilməz.

10.4. Ətraf mühitə dair informasiya birdəfəlik sorğu, eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada informasiya almaq istəyən şəxslə bağlanmış müqavilə əsasında verilə bilər.

10.5. Açıq informasiya müraciət və ya sorğuya cavab şəklində, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz səlahiyyətləri daxilində mediada müntəzəm yayımlamalar yolu ilə əhaliyə çatdırılır.

10.6. Açıq informasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər təqvim ilinə dair hazırlanır və növbəti ilin birinci yarısından gec olmayaraq mediada yayımlanır.

10.7. Alınması məhdudlaşdırılan informasiyanın verilməsi bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

10.8. Elan edilməməsi və ya vaxtında elan edilməməsi ətraf mühitə və ətraf mühitin mühafizəsi sistemlərinə habelə əhalinin sağlamlığına ziyan vura bilən məlumatlar informasiya obyektləri tərəfindən dərhal açıqlanmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver