Qanunvericilik › Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) – nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədi ilə həmin fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsi;

1.1.2. ƏMTQ sənədi – ətraf mühitə və insan sağlamlığına təsirin qiymətləndirilməsinin nəticələri barədə hesabat;

1.1.3. strateji ekoloji qiymətləndirmə (bundan sonra – SEQ) – ətraf mühitə və insan sağlamlığına potensial təsirlərin aşkarlanması, qarşısının alınması və ətraf mühitdən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə strateji sənədlərin, ərazi planlaşdırılması sənədlərinin ekoloji təhlükəsizlik baxımından sistemli qiymətləndirilməsi;

1.1.4. SEQ sənədi – strateji ekoloji qiymətləndirmənin nəticələri barədə hesabat;

1.1.5. ƏMTQ üzrə qiymətləndirici – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, ekologiya, ətraf mühit, təbii ehtiyatlar və iqtisadiyyat sahələrinin hər hansı biri üzrə ali təhsilə malik, ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan və nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirini müəyyən etmək məqsədi ilə ƏMTQ və SEQ sənədlərini hazırlayan şəxs;

1.1.6. sifarişçi – nəzərdə tutulan fəaliyyəti, bu Qanunda nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla, həyata keçirən dövlət orqanları və qurumları, fiziki və ya hüquqi şəxslər;

1.1.7. strateji sənədlər – bu Qanunun 7.1.1-ci maddəsində göstərilən sahələr üzrə plan, proqram, strategiya və konsepsiyalar;

1.1.8. planlaşdırıcı orqan – strateji sənədləri hazırlayan dövlət orqanları, dövlət qurumları və bələdiyyələr;

1.1.9. nəzərdə tutulan fəaliyyət – bu Qanuna Əlavədə göstərilən ətraf mühitə mənfi təsiri ehtimal olunan təsərrüfat fəaliyyəti və başqa fəaliyyət növləri;

1.1.10. ətraf mühitə mümkün təsirin normaları (hədləri) – ətraf mühitin keyfiyyət göstəricilərinin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması üçün “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən limitlər və kvotalar;

1.1.11. ekoloji risk – ətraf mühitin vəziyyətinə və insan sağlamlığına təbii və antropogen təsirlərin başvermə ehtimalı;

1.1.12. transsərhəd təsir – nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi nəticəsində iki və daha çox dövlətin ərazisində ətraf mühitə və insan sağlamlığına gözlənilən mənfi təsir.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi, “Ətraf mühitin mühafizəsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver