Qanunvericilik › Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Strateji ekoloji qiymətləndirilmənin obyektləri və əhatə dairəsi

Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Strateji ekoloji qiymətləndirilmənin obyektləri aşağıdakılardır:

7.1.1. kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, enerji, sənaye, nəqliyyat, tullantıların və suyun idarə olunması, torpaq ehtiyatlarının istifadəsi, turizm və telekommunikasiya sahələri üzrə strateji sənədlərin layihələri;

7.1.2. ərazi planlaşdırılması sənədlərinin layihələri;

7.1.3. ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq və konsessiya müqavilələrindən irəli gələn layihələr.

7.2. Fövqəladə hallar, dövlətin müdafiəsi, habelə maliyyə və büdcə məsələləri ilə bağlı strateji sənədlərə SEQ tətbiq edilmir.

7.3. SEQ aparılmış strateji sənədlərdə dəyişikliklər edilməsi zərurəti yarandıqda planlaşdırıcı orqan həmin dəyişikliklərin mahiyyətini və həcmini nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla, onlara münasibətdə SEQ-in aparılması və ya aparılmaması barədə qərar qəbul edir. Planlaşdırıcı orqan tərəfindən SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ sənədinin hazırlanması və dövlət ekoloji ekspertizası rəyinin alınması ilə bağlı bu Qanunun 8-ci maddəsinin müddəaları tətbiq edilir.

7.4. SEQ aparılmamış strateji sənədlərdə ətraf mühitin mövcud vəziyyəti və ətraf mühitə təsir faktları üzrə riskin qiymətləndirilməsinin nəticələri əsasında dəyişikliklər edilməsi zərurəti yarandıqda, həmin dəyişikliklərin mahiyyəti və həcmindən asılı olaraq planlaşdırıcı orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla, onlara münasibətdə SEQ-in aparılması barədə qərar qəbul edildikdə, SEQ bu strateji sənədlərə münasibətdə bütövlükdə aparılır. Bu halda SEQ sənədinin hazırlanması və dövlət ekoloji ekspertizası rəyinin alınması ilə bağlı bu Qanunun 8-ci maddəsinin müddəaları tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver