1. Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
2. Dövlət ekoloji ekspertizasının həyata keçirilməsi qaydası, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
3. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloji ekspertizası bu işlər “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır.
4. Ekoloji ekspertiza rəyi olmadan sənaye və qida məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır.
5. Dövlət ekoloji ekspertiza obyektləri xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə yaxın ərazilərlə bağlı olduqda, dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndələrinin iştirakı ilə aparılır.
6. Dövlət ekoloji ekspertizası həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur:
6.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər;
6.2. ekoloji ekspertiza obyektlərinin ətraf mühitə təsirinin kompleks (sosial-iqtisadi, ekoloji) qiymətləndirilməsinin nəticələri;
6.3. ekoloji tarazlığın, genofondun və canlı təbiətin müxtəlifliyinin qorunub saxlanılmasının təmin edilməsi zərurəti;
6.4. dövlət ekoloji ekspertizasının keyfiyyətinin və ekoloji ekspertiza rəyinin tərəflərin mövqelərindən asılılığının yolverilməzliyi;
6.5. dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşdirilməsi üçün şəraitin yaradılması zərurəti.
7. İrihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Ekspert Komissiyası təşkil olunur.
8. Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekspert komissiyasının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.
9. Ekspert Komissiyasının səlahiyyətləri, fəaliyyət qaydası və tərkibi, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələblər, ekspertlərin hüquq və vəzifələri, habelə dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
10. Sifarişçi dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
10.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
10.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
10.3. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
10.4. ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər obyektin dövlət ekoloji ekspertizasının keçirilməsi istənilirsə);
10.5. torpaq sahəsindən mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd;
10.6. dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini təsdiq edən sənəd;
10.7. nəzərdə tutulan fəaliyyəti barədə məlumat (hər bir istehsalat və xidmət sahəsi göstərilməklə);
10.8. istifadə olunan avadanlıqların texniki sənədləri;
10.9. istehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat;
10.10. istifadə olunan enerji növləri barədə məlumat;
10.11. müəssisədə su təchizatı və tullantı sularının axıdılması barədə məlumat (texniki şərt);
10.12. əmələ gələn tullantıların idarə olunması, təkrar istifadəsinin mümkünlüyü və həcmi barədə məlumat;
10.13. dövlət ekoloji ekspertizası obyektləri üçün layihə sənədlərin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə);
10.14. ərazidə aparılmış mühəndisi-geoloji işlərin hesabatı.
10-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
11. Dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsinin birinci hissəsinin 2-ci bəndində göstərilən ƏMTQ sənədlərinə və 8-ci bəndində göstərilən ekoloji ekspertiza obyektlərinə münasibətdə həyata keçirildikdə bu hissənin 10.2-10.10-cu bəndlərində nəzərdə tutulan sənədlər və məlumatların təqdim edilməsi tələb olunmur.
12. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət ekoloji ekspertizasının təşkili və həyata keçirilməsi, habelə ekoloji ekspertiza rəyinin verilməsi zamanı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun, bu Qanunun və ətraf mühitin mühafizəsi ilə bağlı digər normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təmin edir.