1. Xüsusi mühafizə olunan təbiət əraziləri ətraf mühitin mühafizəsi sahəsində xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsil kəsilmək təhlükəsi qarşısında olan fauna və flora növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq və su məkanı (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.
2. Azərbaycan Respublikasında mühafizə məqsədləri və istifadənin xüsusiyyətlərinə görə fərqlənən aşağıdakı xüsusi mühafizə olunan təbiət ərazilərinə aşağıdakı status verilir:
2.1. dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
2.2. milli və təbiət parkları;
2.3. təbiət abidələri;
2.4. müvəqqəti təbiət qoruqları;
2.5. yasaqlıqlar;
2.6. zooloji parklar;
2.7. botaniki və dendroloji parklar;
2.8. müalicə-sağlamlaşdırma yerləri və kurortlar;
2.9. geoloji parklar.
3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin növləri də nəzərdə tutula bilər.
4. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri beynəlxalq, respublika, bölgə və ya yerli əhəmiyyətli ola bilər. Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər.
5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması qaydaları, mühafizə və istifadə rejimləri, onların fəaliyyətinin şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.