1. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər.
2. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqları:
2.1. qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq;
2.2. ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii resursların bərpası və istifadəsi sahəsində tədbirləri yerinə yetirmək, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyinə keyfiyyət normativlərinə və ekoloji tələblərinə əməl etmək, tənzimləyici və başqa zərərsizləşdirici qurğuların, onların nəzarət vasitələrinin işini yoxlamaq;
2.3. təbii ehtiyatlardan istifadə və ətraf mühitin mühafizəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinin həyata keçirilməsi üçün verilən lisenziyanın və icazənin, təbiətdən istifadə müqavilələrinin (kontraktların) və lisenziyaların və icazələrin şərtlərinə əməl edilməsini yoxlamaq, qanunvericiliyə uyğun olaraq onların dayandırılması və ya ləğvi barədə qərar qəbul etmək;
2.4. dövlət ekoloji ekspertizasının nəticələrinin yerinə yetirilməsinə nəzarət etmək;
2.5. ekoloji tələblərin və ətraf mühitin keyfiyyət normativlərinin pozulması ilə həyata keçirilən ekoloji cəhətdən təhlükəli yüklərin (məmulatların), tullantıların və xammal ehtiyatların Azərbaycan Respublikasının ərazisinə gətirilməsinin və həmçinin onun ərazisindən tranzit yolu ilə aparılmasının qadağan olunması haqqında qanunvericiliyə uyğun olaraq sərəncamlar vermək;
2.6. ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasına dair fiziki və hüquqi şəxslərə tələblər irəli sürmək;
2.7. ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə həyata keçirilən işlərin məhdudlaşdırılması və müvəqqəti dayandırılması, o cümlədən maliyyələşdirilməsinin dayandırılması, onların istismara verilməsinin qadağan edilməsi, təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul etmək;
2.8. qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkarların inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
2.9. ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmlərini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək) və bunun əsasında təqsirkar olan şəxslərə bu zərərin könüllü ödənilməsi barədə tələblər irəli sürmək və ya iddiaları məhkəməyə təqdim etmək;
2.10. ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarəti qaydalarının və normalarının gözlənilməsini yoxlamaq;
2.11. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
3. Ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir və onlardan inzibati və məhkəmə qaydasında şikayət edilə bilər.