Qanunvericilik › “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.02.2001) › Tam mətn

“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.02.2001)

“Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət Ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.02.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 173 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”, “Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları” və “Dövlət ekoloji ekspertizasının müəyyənləşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 25 iyul tarixli, 313 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 fevral 2001-ci il

1. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında (bundan sonra - Fond) Əsasnamə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır.

2. Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması və kompensasiya verilməsi, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizənin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə yaşıllıqları mühafizə tədbirlərinin və ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir.

3. Fond aşağıdakı daxilolmalar hesabına formalaşdırılır:

3.1. təbiətdən istifadəyə görə ödəmələr;

3.1-1. qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyan;

3.2. ətraf mühitin mühafizəsi haqqında (balıqçılıq istisna olmaqla) qanunvericiliyin pozulmasına görə alınan cərimələr;

3.3. müsadirə olunan ovçuluq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər;

3.4. yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə ödənilən bərpa dəyəri və ya dəymiş ziyan;

3.5. qrantlar, könüllü ianələr;

3.6. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar.

4. Fondun vəsaiti yerli maliyyə orqanlarının xəzinədarlığında toplanır və Fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və xərc bölgüsü əsasında (təsdiq olunmuş protokol) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadə olunur.

5. Köçürmələrin vaxtlı-vaxtında həyata keçirilməsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir.

6. Fondun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə edilir:

6.1. elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin aparılmasına, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;

6.2. təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

6.3. ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən, təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə yetirilməsinə);

6.4. çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;

6.5. Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki sənədlərin, normativ və texniki normativ hüquqi aktların işlənməsinə;

6.6. ekoloji maarifləndirmə və təhsilə (o cümlədən əhalinin ekoloji bilik və tərbiyənin təbliğinə, habelə xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsinə, konfrans və tədbirlərin keçirilməsinə);

6.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;

6.8. yaşıllıqların mühafizəsinə (o cümlədən, onların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə) yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə;

6.9. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;

6.10. ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

6.11. ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;

6.12. ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə).

7. Sosial təminat və maddi həvəsləndirmə fonduna yönəldilən vəsaitin məbləği fondun vəsaitinin 5 faizindən çox olmamalıdır.

7-1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.

7-2. Fonda daxil olan vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür.

8. Ümumdövlət və regional əhəmiyyətli ətraf mühitin mühafizəsi tədbirlərinin keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir.

9. Fonddan istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim olunur.

10. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Maliyyə Nazirliyi nəzarət edir.

11. Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.

Ekoloji auditor fəaliyyətinin apaılması

1. Ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq hüququ

1.1. Ekoloji auditor – ekoloji auditor fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir.

1.3. Xarici auditorlar və auditor təşkilatları ekoloji auditin aparılmasına və məsləhətlərin verilməsinə cəlb edilə bilərlər.

2. Ekoloji auditin obyektləri

Ekoloji auditin obyektləri ətraf mühitin təbiət istifadəçiləri tərəfindən istifadə olunan bütün komponentləri (atmosfer havası, su obyektləri, bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü), ətraf mühitə zərərli təsir edən müəssisələr və fərdi fəaliyyət nəticəsində ətraf mühitə vurulan zərərli təsir sahələridir.

3. Ekoloji auditorun məqsədi

Ekoloji auditorun məqsədi ekoloji təhlükəsizliyin təmin olunması məqsədi ilə təbiətdən istifadəçilərin fəaliyyətinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, ekoloji norma və standartlara uyğunluğunu müstəqil surətdə yoxlamaq, onlara fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətinin müəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək, kömək göstərməkdir.

4. Ekoloji auditorun vəzifələri

Ekoloji auditorun vəzifələri aşağıdakılardır:

4.1. ekoloji auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmək;

4.2. auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyətli həyata keçirmək;

4.3. yoxlanılan təsərrüfat subyektində şəxsi əmlak mənafeyi, qarşılıqlı iqtisadi və işgüzar maraqları, əlaqələri müəyyənləşdikdə, müəssisə rəhbərliyindən hər hansı bir şəxslə birbaşa qohumluq əlaqəsi olduqda, bundan əvvəl orada öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

4.4. mülkiyyət formasından asılı olmayaraq təbiətdən istifadəçilərin təbii resurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq;

4.5. ekoloji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi, ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə rəsmi məlumat vermək;

4.6. təbiətdən istifadəçilərin tələbi ilə aparılan ekoloji audit zamanı əldə edilən məlumatları (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;

4.7. yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanılmasını təmin etmək;

4.8. təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələri əsaslandıran normativ aktlar barəsində ətraflı məlumatlar vermək.

5. Ekoloji auditor fəaliyyətinin tənzimlənməsi

Ekoloji auditor fəaliyyəti Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanunu, bu Qayda və digər normativ hüquqi aktlarla tənzimlənir.

6. Ekoloji auditorun hüquqları

Ekoloji auditorun hüquqları aşağıdakılardır:

6.1. müvafiq qanunvericiliyə uyğun olaraq təbiətdən istifadəçilər və digər sifarişçilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

6.2. ekoloji audit aparılan təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən, kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və lazım olan məlumatlar almaq;

6.3. ekoloji audit aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər işçilərindən yazılı izahat almaq;

6.4. səlahiyyətli dövlət orqanlarının sifarişi ilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsan və pozuntular haqqında onlar qarşısında məsələ qaldırmaq;

6.5. ekoloji auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları, mütəxəssisləri cəlb etmək;

6.6. yoxlanılan təbiətdən istifadəçi müəssisə və təşkilat tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi hallarında yoxlamanı keçirməkdən imtina etmək.

7. Ekoloji auditor fəaliyyətinin aparılması

7.1. Ekoloji audit təbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanılmış müqaviləyə əsasən aparılır.

7.2. Ekoloji auditor öz işini yoxlama üçün tələb olunan ekoloji normativ sənədlər, təlimatlar, yoxlanılan obyektin texniki sənədləri əsasında qurur.

7.3. Ekoloji auditor, lazım olarsa, yoxlama prosesində ekoloji laboratoriya xidmətindən və ya digər texniki yardımlardan istifadə edir.

7.4. Ekoloji auditor, yoxlamanın xüsusiyyətindən asılı olaraq müəyyən sahələr üzrə mütəxəssis tələb olunarsa, kənar təşkilatlardan ekspert dəvət edir.

7.5. Ekoloji auditor müəssisənin gərgin ekoloji sahələrində aparılan tədbirlərin yaxşılaşdırılmasına daha diqqətli olmalı və ətraf mühitə zərərli təsirin mümkün qədər azaldılmasına nail olmalıdır.

7.6. Ekoloji auditor müəssisə rəhbərlərinə və mütəxəssislərinə məsləhətlər verməli, bu məsləhətlər müəssisənin gələcək ekoloji siyasətində öz müsbət əksini tapmalıdır.

7.7. Ekoloji auditin nəticəsi auditor rəyi şəklində sifarişçiyə təqdim olunur.

7.8. Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən ekoloji auditor rəyi Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

7.9. Ekoloji auditor tərəfindən müqavilə üzrə yerinə yetirilmiş iş sifarişçiyə akt əsasında təqdim olunmaqla rəsmiləşdirilir.

8. Ekoloji auditorun məsuliyyəti

Ekoloji auditor qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

1. 18 iyul 2002-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 7, maddə 451)

2. 7 noyabr 2002-ci il tarixli 173 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 675)

3. 4 aprel 2003-cü il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 4, maddə 215)

4. 11 sentyabr 2004-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 745)

5. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)

6. 12 iyul 2005-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 667)

7. 11 sentyabr 2008-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 856)

8. 29 sentyabr 2011-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 9, maddə 865)

9. 27 sentyabr 2016-cı il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 oktyabr 2016-cı il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1598)

10. 31 mart 2017-ci il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 01 aprel 2017-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 513)

11. 5 yanvar 2018-ci il tarixli 2 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 yanvar 2018-ci il, № 4, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 119)

12. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)

13. 8 oktyabr 2020-ci il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 oktyabr 2020-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1271)

14. 11 yanvar 2023-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 12 yanvar 2023-cü il, “Xalq” qəzeti, 13 yanvar 2023-cü il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 126)

15. 8 may 2025-ci il tarixli 153 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 may 2025-ci il, “Xalq” qəzeti, 17 may 2025-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 503)

16. 04 iyul 2025-ci il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 07 iyul 2025-ci il, “Xalq” qəzeti, 26 iyul 2025-ci il, № 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 7, maddə 701)

17. 17 mart 2026-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 18 mart 2026-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 284)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver