Qanunvericilik › “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 31.01.2013) › Tam mətn

“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 31.01.2013)

“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 31.01.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Bakı şəhəri, 31 yanvar 2013-cü il

1.1. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.

1.2. Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.

1.3. Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.

1.4. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

2.1. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər.

2.2. Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

2.3. Sosial xidmətin göstərilməsi barədə müraciət Quruma, Mərkəzə və ya Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə daxil olduğu gündən 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır.

2.4. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır.

2.5. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən 5 iş günü ərzində Qurum və ya Mərkəz tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmət göstərilməsi və ya sosial xidmət göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur və qərar 3 iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Sosial xidmət göstərilməsindən imtina barədə qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli müraciət edən şəxsə (ailəyə) qaytarılır.

2.6. Dövlət büdcəsinin vəsaiti hesabına sosial xidmət göstərilməsi barədə qərar qəbul edildiyi gündən şəxs (ailə) sosial xidmətə götürülür və 5 iş günü ərzində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.

3.1. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

3.2. Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

3.2.1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;

3.2.2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, əlilliyi olan uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;

3.2.3. əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;

3.2.4. əlilliyi olan uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;

3.2.5. əlilliyi olan uşaqların sosial uyğunlaşmasına dəstək vermək;

3.2.6. əlilliyi olan uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;

3.2.7. ailənin sosial inkluziyasına köməklik göstərmək;

3.2.8. əlilliyi olan uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək;

3.2.9. sosial xidmətə ehtiyacı olan şəxsin asudə vaxtının səmərəli təşkilini təmin etmək.

3.3. Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

3.3.1. yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);

3.3.2. özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;

3.3.3. şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;

3.3.4. yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;

3.3.5. yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;

3.3.6. paltarların xırda təmirini etmək;

3.3.7. mənzili yığışdırmaq və təmizləmək;

3.3.8. zəruri ərzaq, sənaye və məişət mallarını almaq;

3.3.9. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;

3.3.10. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;

3.3.11. həyətyanı sahəni nizama salmaq;

3.3.12. evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;

3.3.13. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.

3.4. Sosial işçi xidmətə götürülmüş şəxsə fərdi plana uyğun olaraq xidmət göstərir. Əlilliyi olan şəxslərə xidmət göstərilməsi vaxtı reabilitasiya xidmətinin növündən asılı olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

3.5. Evdə (səyyar) sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə (səyyar) sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.

3.6. Dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmət, habelə qismən ödənişli və tam ödənişli sosial xidmət tərəflər arasında bağlanmış sosial xidmət müqaviləsi əsasında həyata keçirilir.

3.7. Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:

3.7.1. dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətin, habelə qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda;

3.7.2. sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamağa başladıqda;

3.7.3. tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;

3.7.4. əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;

3.7.5. sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.

1. 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

2. 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)

3. 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320)

4. 5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273)

5. 6 oktyabr 2021-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1163)

6. 21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099)

7. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

8. 4 dekabr 2025-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 12 dekabr 2025-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1225)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver