Qanunvericilik › “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 08.02.2017) › Tam mətn

“Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 08.02.2017)

“Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 08.02.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin 2.2.5.3-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

1. “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15.09.2005-ci il tarixli 104 nömrəli əmri ləğv edilsin.

3. Hüquq və daxili nəzarət sektoruna (E.Əzizov) tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

4. Bu qərardan irəli gələn digər məsələlərin həll edilməsi Maliyyə-iqtisadiyyat şöbəsinin müdiri A.Vəliyevə tapşırılsın.

5. Qərarın icrasına nəzarət nazir müavini E.Ağayevə həvalə edilsin.

Kollegiyanın məsul katibi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 08 fevral 2017-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin (bundan sonra “qərar”) 2.2.5.3-cü yarımbəndinə uyğun olaraq hazırlanmışdır və fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydasını müəyyən edir.

1.2. Büdcədən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan və fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin peşə və vəzifələri qərarın 2.2.5.1-ci yarımbəndinə əsasən müəyyən edilir.

2.1. Fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşə) çalışdıqda ödənilir.

2.2. Səhiyyə işçilərinin fasiləsiz əmək stajına onların bu Qaydaların 1.2-ci yarımbəndində göstərilən peşə və vəzifələrdə fasiləsiz faktiki işlədikləri dövrlər daxildir.

2.3. Eyni zamanda fasiləsiz əmək stajına aşağıdakı dövrlər də daxil edilir:

2.3.1. xidməti borcun yerinə yetirilməsi ilə əlaqədar hərbi və ya alternativ xidmət dövrü;

2.3.2. hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplantılarda və səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak dövrü;

2.3.3. beynəlmiləl borcun yerinə yetirilməsi ilə əlaqədar xidmət dövrü;

2.3.4. 1941-1945-ci illərdə SSRİ Silahlı Qüvvələrində (habelə müharibə qurtardıqdan sonra), partizan dəstələrində xidmət dövrü, eləcə də müharibə illərində hərbi qulluqçunun əsir olduğu dövr (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbəsinin arayışı olduqda);

2.3.5. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan silahlı qüvvələrində, daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidmət dövrü;

2.3.6 əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

2.3.7. qanunsuz və ya əsassız əmək müqaviləsinə xitam verilmiş işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi (qərarı) əsasında məcburi işburaxma dövrü;

2.3.8. ödənişli məzuniyyət dövrü;

2.3.9. sosial məzuniyyət, eləcə də uşağa qulluq üçün verilən qismən ödənişli sosial məzuniyyət dövrü;

2.3.10. əmək qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və müddətlərdə işçiyə verilən ödənişsiz məzuniyyət dövrü və işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə üç aydan çox olmayan müddətə verilən ödənişsiz məzuniyyət dövrü;

2.3.11. əmək qanunvericiliyinə uyğun olaraq işçinin iş yerinin və orta əmək haqqının saxlanıldığı hallardakı dövrlər.

2.4. Fasiləsiz əmək stajı aşağıdakı hallarda saxlanılır, lakin bu dövrlər fasiləsiz əmək stajına daxil edilmir:

2.4.1. özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış qaçqın və məcburi köçkünlərin qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının saxlanıldığı dövr;

2.4.2. xidməti funksiyaların yerinə yetirilməsi ilə əlaqədar dövlət tərəfindən xarici ölkəyə işləməyə göndərilmiş şəxsin arvadının (və ya ərinin) xarici dövlətdə olduğu müddət;

2.4.3. elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bır müddət bitdikdən sonra işçinin iş axtaran və ya işsiz şəxs kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olduğu dövr;

2.4.4. stajkeçmə, ordinatorluq, internatura, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) dövrləri.

3.1. Səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) orta tibb heyəti vəzifələrindən çağırışların qəbulu və onların səyyar briqadalara ötürülməsi üzrə feldşer (tibb bacısı) və yaxud təcili yardım yarım stansiyasının böyük feldşer vəzifələrinə keçirilmiş işçilərinə keçmə anına kimi fasiləsiz əmək stajına görə ödənilən əvvəlki əlavə haqq saxlanılır. Həmin işçilər fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən peşə və vəzifələrə keçirildikdə (təyin edildikdə) onların əvvəlki fasiləsiz əmək stajı saxlanılır, lakin səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) feldşeri (tibb bacısı) və yaxud təcili yardım yarımstansiyasının böyük feldşeri vəzifəsindəki əmək stajı əlavə haqq almaq hüququ verən fasiləsiz əmək stajına daxil edilmir.

3.2. İşçi fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən bir vəzifədən (peşədən) digər vəzifəyə (peşəyə) keçərkən üç aydan çox müddətə fasiləyə yol verərsə və yaxud bu Qaydaların 2.3-cü və 2.4-ci bəndlərində göstərilən dövrlərdən sonra üç aydan çox müddətə heç bir üzrlü səbəb olmadan (xəstələnməsi, təbii fəlakət, fövqəladə vəziyyət və s. analoji hallar) fasiləyə yol verərsə fasiləsiz əmək stajı saxlanılmır.

4.1. Fasiləsiz əmək stajına hüquq verən əmək stajı işçinin əmək kitabçasında edilən qeydlərə və ya zəruri hallarda iş yerindən verilmiş arayışlara əsasən müəyyən edilir.

1. 15 noyabr 2018-ci il tarixli 67 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811150067, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 noyabr 2018-ci il)

2. 20 dekabr 2018-ci il tarixli 79 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812200079, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 dekabr 2018-ci il)

3. 1 iyun 2020-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202006010019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 iyun 2020-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver