Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 8 noyabr 1999-cu il № 176
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 8 noyabr tarixli 176 nömrəli qərarı ilə
Geoloji-kəşfiyyat işlərinin üç mərhələsində (axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat və dəqiq kəşfiyyat) faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi tələb olunur.
Axtarış-qiymətləndirmə işlərinin nəticəsində faydalı qazıntı yatağının gələcəkdə sənaye əhəmiyyəti kəsb edə biləcəyini qiymətləndirən və C2 kateqoriyası üzrə ehtiyatların hesablanmasını əsaslandıran Texniki-İqtisadi Mülahizə (TİM) hazırlanır.
İlkin kəşfiyyat işlərinin nəticəsi olaraq faydalı qazıntı yatağının sənaye əhəmiyyəti qiymətləndirilir, ehtiyatların C1+C2 kateqoriyaları üzrə hesablanması üçün müvəqqəti kondisiya layihəsi tərtib edilir. Bütün bunlar faydalı qazıntı yatağında dəqiq kəşfiyyat işlərinin aparılmasını əsaslandıran Texniki-İqtisadi Məruzə (TİMr) və müvəqqəti kondisiya layihəsində öz əksini tapır.
Dəqiq kəşfiyyat işlərinin nəticəsində isə faydalı qazıntı yatağının sənaye istismarına həzır olması müəyyən edilir və sənaye kateqoriyaları üzrə (A+V+C1) onun ehtiyatları hesablanır. Bu halda faydalı qazıntı yatağı üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) və daimi kondisiya layihəsi hazırlanır və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dövlət ekspertizası keçirildikdən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra yataq üzrə faydalı qazıntının sənaye ehtiyatlarının hesablanmasında əsas götürülür.
Texniki-İqtisadi Mülahizənin, Texniki-İqtisadi Məruzənin və Texniki-İqtisadi Əsaslandırmanın hazırlanmasına olan tələblər müvafiq təlimatlarla tənzimlənir.
Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq müxtəlif olub, aşağıdakı əsas texniki-iqtisadi göstəricilərdən (meyarlardan) ibarətdir:
faydalı qazıntının ehtiyatları (kəşf edilmiş, sənaye və istismar);
komponentlərin ehtiyatları;
komponentlərin ehtiyatlarda orta miqdarı;
müəssisənin illik gücü (məhsulun növləri üzrə);
yataqüstü örtük süxurlarının əmsalı;
xammalın zənginləşdirmə göstəriciləri;
müəssisənin ehtiyatlarla təmin olunma müddəti;
sənaye tikintisinə kapital qoyuluşu;
faydalı qazıntının illik hasilatının bir tonuna (kub metr) düşən kapital qoyuluşunun xüsusi çəkisi;
istehsalat fondları (əsas+dövriyyə);
illik istismar xərcləri;
faydalı qazıntının 1 tonuna (kub metr) düşən istismar xərcləri;
əmtəə məhsulu vahidinin maya dəyəri;
əmtəə məhsulu vahidinin topdan satış qiyməti;
əmtəə məhsulunun dəyəri (illik və bütün istismar müddətinə);
gəlir (illik və bütün istismar müddətinə);
istehsalat fondlarına rentabellik səviyyəsi;
sənaye tikintisinə kapital qoyuluşunun ödənilmə müddəti;
ümumi kapital qoyuluşunun ödənilmə müddəti.
Faydalı qazıntıların növündən, yatağın tipindən, hasilatın texnoloji xüsusiyyətindən, xammalın emalı və əmtəə məhsulunun buraxılışından və yatağın istismarının konkret şərtlərindən asılı olaraq texniki-iqtisadi göstəricilərin siyahısı dəqiqləşdirilir.
1. 14 iyul 2020-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 981)