2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. fərdi məlumatlar – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;
2.1.2. fərdi məlumatların subyekti (bundan sonra – subyekt) – barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs;
2.1.3. fərdi məlumatların informasiya sistemi – qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi;
2.1.4. fərdi məlumatların informasiya ehtiyatları – qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları;
2.1.5. fərdi identifikasiya nömrəsi – fərdi məlumatların informasiya sistemlərinə barəsində fərdi məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz kod;
2.1.6. xüsusi kateqoriyalı fərdi məlumatlar – fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;
2.1.7. fərdi məlumatların toplanılması – subyekt barəsində fərdi məlumatların sənədləşdirilmiş qaydada qanuna uyğun olaraq əldə edilməsi;
2.1.8. fərdi məlumatların işlənilməsi – fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);
2.1.9. fərdi məlumatların mülkiyyətçisi (bundan sonra – mülkiyyətçi) – qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
2.1.10. fərdi məlumatların operatoru (bundan sonra – operator) – fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini həyata keçirən fərdi məlumatların mülkiyyətçisi və ya onun bu funksiyaları müəyyən həcmdə və şərtlərlə həvalə etdiyi dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
2.1.11. fərdi məlumatların istifadəçisi (bundan sonra – istifadəçi) – yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədilə səlahiyyətləri daxilində mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatlardan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;
2.1.12. fərdi məlumatların yayılması – fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması;
2.1.13. fərdi məlumatların verilməsi – fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada sorğu əsasında maddi daşıyıcılarla və ya informasiya texnologiyaları vasitəsilə istifadəçilərə təqdim edilməsi;
2.1.14. fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulması – fərdi məlumatlarla əlaqədar istənilən əməliyyatın dayandırılması;
2.1.15. fərdi məlumatların adsızlaşdırılması – fərdi məlumatların, onun subyektinin kimliyini müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması;
2.1.16. fərdi məlumatların transsərhəd ötürülməsi – fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara, başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və ya fiziki şəxslərinə verilməsi;
2.1.17. fərdi məlumatların məhv edilməsi – informasiya sistemində fərdi məlumatların silinməsi, məzmununun sonradan bərpa edilməsi mümkün olmayan vəziyyətə salınması və ya fərdi məlumatlar olan maddi daşıyıcıların məhv edilməsi.
2.2. Bu Qanunda istifadə olunan informasiya, informasiya texnologiyaları, informasiya sistemləri və ehtiyatı, korporativ informasiya sistemi və digər anlayışlardan informasiyanın toplanılması, işlənilməsi və mühafizəsi sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş mənalarda istifadə olunur.