Qanunvericilik › “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) › Tam mətn

“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017)

“Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.12.2017) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin ikinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 29 dekabr 2017-ci il

1.1. Bu Qayda və hesabatın forması “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən işsiz, habelə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxslərə (bundan sonra – işsiz və işaxtaran şəxs) fərdi məşğulluq proqramının yerinə yetirilməsi qaydasını, həmçinin fərdi məşğulluq proqramının icrasına dair hesabatlılıq formasını müəyyən edir.

1.2. Fərdi məşğulluq proqramı – işsiz və işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəddir.

1.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat – işsiz və işaxtaran şəxsin fərdi məşğulluq proqramında nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirakını müəyyənləşdirən hesabatdır.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2.1. İşsiz və işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə Agentlik və ya Mərkəz tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur.

2.2. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramının hazırlanması məqsədilə qeydiyyata alındıqdan sonra Agentliyin yerli qurumlarına və ya Mərkəzlərə gəlməli və ya onlayn rejimdə məsləhət xidmətindən keçməlidir.

2.3. Məsləhət xidməti fərdi məşğulluq proqramının hazırlanması məqsədi ilə işsiz və işaxtaran şəxsin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması üçün aparılır.

2.4. Məsləhət xidməti zamanı aşağıdakılar müəyyən olunur:

2.4.1. təklif oluna biləcək münasib iş üzrə tələblər;

2.4.2. ixtisası üzrə işləmək tələbinin mütləq olub-olmaması;

2.4.3. ixtisasın artırılması və ya təkmilləşdirilməsinin zəruriliyi;

2.4.4. peşə üzrə təcrübəsinin müddəti;

2.4.5. məşğulluq növünün seçimində maraqları;

2.4.6. sağlamlıq və ailə vəziyyətinə görə iş yeri üçün tələb olunan xüsusi halın mövcudluğu;

2.4.7. iş yerinin yaşayış yerindən hansı məsafədə olması ilə bağlı tələbin mövcudluğu;

2.4.8. əməkhaqqı məbləği üzrə tələb;

2.4.9. əmək şəraiti və iş rejimi ilə bağlı hər hansı bir xüsusi tələbin mövcudluğu;

2.4.10. sərbəst surətdə iş axtarışı imkanlarının hansı səviyyədə olması;

2.4.11. sərbəst surətdə şəxsi məlumat vərəqəsini hazırlama imkanları;

2.4.12. sərbəst surətdə şəxsi məlumat vərəqəsini potensial iş yerinə təqdim etmək imkanları;

2.4.13. şəxsi məlumat vərəqəsi təqdim olunacaq iş yerində müsahibə mərhələsi barədə məlumatlılığı.

2.5. Agentliyin yerli qurumları və ya Mərkəzləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsisteminə (bundan sonra - ƏMAS) daxil olaraq tələb olunan məlumatları və məsləhət xidmətinin nəticələrini, iş tapmaq üçün zəruri aktiv məşğulluq tədbirlərinin mümkünlüyünü, həmçinin əmək bazarının cari vəziyyətini nəzərə alaraq qiymətləndirmələr aparır və şəxsə məlumat vərəqəsinin hazırlanması, seçilən iş yerinə onun təqdim edilməsi, iş yerində müsahibə mərhələsi, aktiv məşğulluq tədbirləri barədə məlumatlar verir və fərdi məşğulluq proqramını tərtib edərək təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edir (1 nömrəli əlavə).

2.6. Bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq hazırlanmış fərdi məşğulluq proqramı işsiz və işaxtaran şəxsin elektron kabinetində əks olunur, işsiz və işaxtaran şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində onu ƏMAS-da təkmil sertifikatlı gücləndirilmiş elektron imza və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiqləyir.

2.7. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə işaxtaran və işsiz kimi qeydiyyatı ləğv edilir.

2.8. Fərdi məşğulluq proqramında göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Fərdi məşğulluq proqramında göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi fərdi məşğulluq proqramının təqdim edilməsinə bərabər tutulur.

3.1. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramını elektron qaydada əldə etdikdən sonra Agentliyin yerli qurumu ilə birlikdə onun yerinə yetirilməsinə başlayır.

3.2. Fərdi məşğulluq proqramında müəyyən edilmiş aktiv məşğulluq tədbirləri işsiz və işaxtaran şəxs tərəfindən proqramda müəyyən edilmiş müddətdə və ardıcıllıqla icra edilir.

3.3. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramının icrasının ilk 5 (beş) iş günündə onun icrasının dayandırılmasına və proqramın dəyişdirilməsinə səbəb ola biləcək halları aşkarladıqda, ƏMAS-a bu barədə məlumat göndərərək Agentliyin yerli qurumunda və ya Mərkəzdə bu halları müzakirə edir və səbəblər əsaslı hesab edildiyi təqdirdə, ona yeni fərdi məşğulluq proqramı tərtib olunur. Bu halda yeni tərtib olunmuş fərdi məşğulluq proqramının icrası yeni tarixdən nəzərə alınır.

4.1. Fərdi məşğulluq proqramının icrası barədə hesabat ƏMAS tərəfindən hər ay üçün formalaşdırılır (2 nömrəli əlavə). İşsiz və işaxtaran şəxs elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim edir. Hesabatın son təsdiq edilmə günü istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, hesabat sonrakı iş günündə təsdiq edilə bilər.

4.2. İşsiz və işaxtaran şəxs ƏMAS tərəfindən formalaşdırılmış aylıq hesabatda düzgün olmayan və ziddiyyətli məlumatlar aşkar etdikdə, o, hesabatı təsdiq etməkdən imtina edir və ona əsas olan səbəbləri qeyd edir. Bu halda Agentliyin yerli qurumu 5 (beş) iş günü müddətində işsiz və işaxtaran şəxsi Agentliyin yerli qurumuna dəvət edərək, onunla qeyd olunan səbəbləri araşdırır və müvafiq tədbirlər görür.

4.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz tərəfindən təqdim edildikdən sonra sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatının saxlanılıb-saxlanılmaması barədə Agentliyin yerli qurumu tərəfindən qərar qəbul edilir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görülür.

4.4. İşsiz və işaxtaran şəxs fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə işaxtaran və işsiz kimi qeydiyyatı ləğv edilir.

5.1. Fərdi məşğulluq proqramının yerinə yetirilməsinin icrasına nəzarət Agentlik tərəfindən həyata keçirilir.

5.2. Fərdi məşğulluq proqramının yerinə yetirilməsi ilə bağlı məsələlərdə Agentliyin işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edilə bilər.

Fərdi məşğulluq proqramını yerinə yetirəcək şəxsin:

fərdi identifikasiya nömrəsi (FİN)

soyadı, adı, atasının adı

işsiz və işaxtaran şəxsin qeydiyyat nömrəsi

işsizlikdən sığorta ödənişinin təyin edildiyi müddət

mobil telefon nömrəsi

Aktiv məşğulluq tədbirləri

Fərdi məşğulluq proqramının təsdiqi barədə:

Proqramı hazırlayan şəxsin soyadı, adı, atasının adı

Agentliyin yerli qurumu və ya Mərkəzin məsul əməkdaşı

Tərəflərin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası və ya digər elektron eyniləşdirmə vasitəsilə təsdiq edilir

hazırlandığı tarix, vaxt

Fərdi məşğulluq proqramını yerinə yetirəcək şəxsin:

fərdi identifikasiya nömrəsi (FİN)

soyadı, adı, atasının adı

işaxtaranın qeydiyyat nömrəsi

işsizlikdən sığorta ödənişinin təyin edildiyi müddət

işsizlikdən sığorta ödənişinin təyin edilməsinə dair qərarın nömrəsi

mobil telefon nömrəsi

hesabatının təsdiq edildiyi tarix

Aktiv məşğulluq tədbirləri barədə

Hesabatın Agentliyin yerli qurumu və ya Mərkəz tərəfindən təsdiq edilməsi barədə:

Agentliyin yerli qurumunun və ya Mərkəzin rəhbərinin soyadı, adı, atasının adı

Sənədin imzalandığı tarix

1. 13 dekabr 2018-ci il tarixli 534 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 dekabr 2018-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2730)

2. 14 mart 2019-cu il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 532)

3. 9 iyul 2019-cu il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1318)

4. 15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1334)

5. 25 fevral 2021-ci il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 209)

6. 5 mart 2021-ci il tarixli 60 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 279)

7. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

8. 10 sentyabr 2025-ci il tarixli 258 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 11 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 858)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver