Qanunvericilik › “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.04.2019) › Tam mətn

“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.04.2019)

“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.04.2019) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının 1.2.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 22 aprel 2019-cu il

1.1. “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası” (bundan sonra - Qayda) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq hazırlanmışdır və fərdi parklanma talonlarının formasını, habelə onların verilməsi qaydasını müəyyən edir.

1.2. Yerli icra hakimiyyəti orqanları və Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) fərdi parklanma talonlarının uçotunu aparır.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar;

1.3.2. parklanma məntəqələrində ödənişsiz parklanma - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXIII hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması.

2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları (bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun), Bakı şəhərinin inzibati ərazisində isə Agentlik (bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verir.

2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir.

2.3. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına, Bakı şəhərinin inzibati ərazisində isə Agentliyə şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər.

2.4. Müraciətə aşağıdakı sənədlər əlavə edilir:

2.4.1. minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə;

2.4.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti;

2.4.3. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti;

2.4.4. nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti.

2.4-1. Fərdi parklanma talonu almaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

2.5. Elektron müraciət edildikdə, bu Qaydanın 2.4.1-2.4.4-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlərin skan edilmiş surəti tələb olunur. Bu halda həmin sənədlərin elektron formatda müraciətə əlavə edilməsi, habelə yerli icra hakimiyyəti orqanı və ya Agentlik tərəfindən qəbul edilməsi və baxılaraq cavablandırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində və Bakı şəhərinin inzibati ərazisində isə Agentliyin “AYNA” informasiya sistemində texniki imkan yaradılır.

2.6. Təqdim olunmuş sənədlərdə və ərizədə çatışmazlıq (bu Qaydanın 2.4-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, müraciətin yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.

2.7. Hər iki halda müraciətə baxılmasından imtina şəxsin yenidən müraciət etməsinə mane olmur.

2.8. Şəxs tərəfindən təqdim edilmiş sənədlər bu Qaydanın 2.4-cü bəndində göstərilənlərə uyğun olduqda müraciət qəbul olunur.

2.9. Müraciətə yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin inzibati ərazisində isə Agentlik tərəfindən baxılıb razılıq verildikdən sonra 2 (iki) iş günü müddətində müraciət etmiş şəxsə elektron qaydada fərdi parklanma talonu verilir. Fərdi parklanma talonunun verilməsindən imtina edildikdə, imtinanın səbəbləri barədə ərizəçiyə 2 (iki) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə, elektron müraciət etdikdə isə onun elektron poçtuna dərhal məlumat göndərilir.

2.10. Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur.

2.12. Aşağıdakı hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir:

2.12.1. nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə;

2.12.2. fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan dəyişdikdə;

2.12.3. fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə.

2.13. Bu Qaydanın 2.12-ci bəndində göstərilmiş hallarda fərdi parklanma talonunun verildiyi şəxs dərhal fərdi parklanma talonunu verən orqana məlumat verməlidir.

2.14. Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti 3 (üç) ildir.

2.15. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (3 ildən çox olmamaqla).

2.16. Talonun qüvvədəolma müddətinin bitməsinə azı 15 gün qalmış talonun sahibi bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq yenidən müraciət edir.

2.17. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.

2.18. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma məntəqələrində ödənişsiz əsaslarla saxlayırlar.

2.19. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ödənişsiz parklanma hüququ verilmiş parklanma məntəqələrində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur.

“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na

Fərdi parklanma talonunu verən orqan _____________________________

Parklanma məntəqələri ___________________________________________

Nəqliyyat vasitəsinin markası _____________________________________

Dövlət qeydiyyat nişanı __________________________________________

Nəqliyyat vasitəsinin istifadəçisi __________________________________

Fərdi parklanma talonunun verilmə tarixi ___________________________

Fərdi parklanma talonunun etibarlılıq müddəti ______________________

Tam və dəqiq məlumatın əldə olunması üçün: QR kod

Fərdi parklanma talonunu verən orqan:______________________________________

Parklanma məntəqələri _____________________________________________________

Nəqliyyat vasitəsinin markası: ______________________________________________

Dövlət qeydiyyat nişanı: ___________________________________________________

Verilmə tarixi: _________________________________

Etibarlılıq müddəti: ____________________________

Nəqliyyat vasitəsinin istifadəçisi:_____________________________________________

Qeyd. Fərdi parklanma talonlarında ştrix-kod tətbiq edilir.

“Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na

______________ Rayon (şəhər) İcra Hakimiyyətinə (və ya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə)

__________________ dövlət nömrə nişanlı nəqliyyat

vasitəsinin istifadəçisi _________________________

(adı, soyadı və atasının adı)

Mən ___________________________ oğlu/qızı (təvəllüdü __________, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi ____________) yazıb Sizdən xahiş edirəm ki, qeydiyyatda olduğum _______________________ ünvanında yaşadığımı və həmin ünvanın bilavasitə yaxınlığından keçən avtomobil yolunun kənarında parklanma yerlərinin təşkil edildiyini nəzərə alaraq, istifadəmdə olan __________ dövlət nömrə nişanlı nəqliyyat vasitəsini (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi __________, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədin adı _______, verilmə tarixi ________, etibarlılıq müddəti ________, seriyası və nömrəsi _________) parklanma məntəqələrində ödənişsiz saxlamaq üçün mənə fərdi parklanma talonu verilməsinə köməklik göstərəsiniz.

22 may 2024-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 611)

1 fevral 2025-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 fevral 2025-ci il, “Xalq” qəzeti, 9 fevral 2025-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 180)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver