Qanunvericilik › Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2007) › Tam mətn

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2007)

Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.01.2007) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.11-ci, 1.19-cu, 1.21-ci, 1.23-cü və 1.24-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti Qaydası", "Pestisid ehtiyatının yaradılması və istifadəsi Qaydaları, pestisidlərin növlər üzrə ehtiyat Normaları", "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması Qaydası ", "Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması Qaydaları" və Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formaları və təqdim edilməsi Qaydası " təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 25 yanvar 2007-ci il

1. Bu Qayda "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və fitosanitar nəzarəti məntəqələrinin yerləşdirilməsini və fəaliyyətini tənzimləyir.

2. Başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra - Agentlik) fitosanitar nəzarəti məntəqələri təşkil edilir.

Dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri gömrük orqanları ilə birlikdə Agentlik həyata keçirir.

3. Fitosanitar nəzarəti məntəqələri Agentliyin tabeliyində olmaqla, onun nəzarəti və rəhbərliyi ilə öz funksiyalarını yerinə yetirirlər.

4. Fitosanitar nəzarəti məntəqələrinin vəzifələri aşağıdakılardan ibarətdir:

4.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirləri təşkil etmək və həyata keçirmək;

4.2. bitki və bitkiçilik məhsullarının Azərbaycan Respublikasının sərhədlərindən ixrac, idxal və daşınması zamanı fitosanitar qaydalarına və normativlərinə əməl olunmasına nəzarət etmək;

4.3. fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət etmək, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəblərini müəyyən etmək, onların qarşısının alınması və ləğvi üçün məhdudiyyətlər qoymaq, icrası məcburi olan qərarlar vermək, müvafiq fitosanitar tədbirlərini müəyyən etmək və həyata keçirmək;

4.4. fitosanitar qanunvericiliyinin pozulması halları aşkar edildikdə, Agentliyə və digər aidiyyəti orqanlara məlumat vermək;

5. Fitosanitar nəzarəti məntəqələrinin aşağıdakı hüquqları vardır:

5.1. fitosanitar nəzarəti sahəsində (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) dövlət nəzarətini həyata keçirmək;

5.2. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki hava gəmilərinə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;

5.3. karantin nəzarətində olan materiallara baxış keçirilməsini və ekspertiza aparılmasını həyata keçirmək;

5.4. karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, saxlamaq, zərərsizləşdirmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;

5.5. Azərbaycan Respublikasının “Lisenziyalar və icazələr haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlarına uyğun olaraq, daxili karantin sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı vermək;

5.6. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudiyyət qoymaq, xəbərdarlıq etmək və profilaktik tədbirlər görmək;

5.7. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, habelə istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) görmək;

5.8. bitki və bitkiçilik məhsullarının idxalı, ixrac və respublikanın ərazisində tranziti zamanı hüquqi və fiziki şəxslər tərəfindən fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulduğu halda onların məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görmək;

5.9. ixrac edilən karantin nəzarətində olan yüklərin fitosanitar karantin tələblərinə uyğun olaraq göndərilməsini təşkil etmək.

6. Fitosanitar nəzarəti məntəqələrinin işçiləri fitosanitar nəzarətində olan karantin obyektlərində fitosanitar nəzarəti keçirərkən, onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada verdikləri qərarlarının hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.

8. Fitosanitar nəzarəti məntəqələri öz işlərini Agentliyin digər qurumları və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət sərhədində fəaliyyət göstərən təşkilatlar ilə əlaqəli şəkildə qururlar.

9. Fitosanitar nəzarəti məntəqələrinin fəaliyyəti Agentlik tərəfindən birbaşa maliyyələşdirilməklə, hər il dövlət büdcəsində Agentliyin və onun tabeliyində olan təşkilatların saxlanması xərcləri və maddi-texniki təminatı üçün nəzərdə tutulmuş vəsaitlər, habelə Agentliyin bu sistemdən əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirilir.

10. Fitosanitar nəzarəti məntəqələrinin xərc smetaları Agentliyin sədri tərəfindən təsdiq edilir.

11. Fitosanitar nəzarəti məntəqələri öz maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatlan və digər sənədləri müəyyən olunmuş qaydada Agentliyə təqdim etməyə borcludurlar.

12. Fitosanitar nəzarəti məntəqəsinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.

13. Fitosanitar nəzarəti məntəqəsinin rəisi fitosanitar nəzarəti məntəqəsinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

14. Fitosanitar nəzarəti məntəqəsinin rəisi:

14.1. fitosanitar nəzarəti məntəqəsinin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. fitosanitar nəzarəti məntəqəsinin işçilərinin işini əlaqələndirir;

14.3. fitosanitar nəzarəti məntəqəsinə daxil olan təkliflərə, vətəndaşların ərizə və şikayətlərinə müəyyən olunmuş qaydada baxır;

14.4. fitosanitar nəzarəti məntəqəsinin işçiləri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsinə dair Agentlik qarşısında vəsatət qaldırır;

14.5. rəhbərlik etdiyi fitosanitar nəzarəti məntəqəsində mühasibat uçotu və hesabat işlərinin düzgün aparılmasına nəzarət edir;

14.6. fitosanitar nəzarəti məntəqəsini bütün dövlət və ictimai təşkilatlarda, idarə və təşkilatlarda, məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;

14.7. fitosanitar nəzarəti məntəqəsinin əmək intizamı qaydalarını təsdiq edir;

14.8. fitosanitar nəzarəti məntəqəsi daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir.

15. Fitosanitar nəzarəti məntəqələrinin adı, onlara verilmiş nömrəsi, Dövlət gerbi təsvir edilmiş möhürü və fitosanitar karantin baxışı üçün ştampı vardır.

16. Fitosanitar nəzarəti məntəqələri yerinə yetirdiyi işin xüsusiyyətindən asılı olaraq aşağıdakılarla təmin olunmalıdır:

16.1.avadanlıqlarla təchiz edilmiş istehsalat binası ilə;

16.2.karantin nəzarətində olan materiallarda ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlərin aşkar edilməsi və müvafiq təxirəsalınmaz tədbirlərin görülməsi, nəqliyyat vasitələri və zərərsizləşdirmə qurğularının yerləşdirilməsi üçün xüsusi yerlərlə;

16.3.pestisidləri və məntəqənin fəaliyyəti ilə bağlı alətləri saxlamaq üçün anbarla;

16.4. karantin nəzarətində olan materialların (yüklərin) məhv edilməsi üçün sobalarla və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq yerlərlə.

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.19-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və pestisid ehtiyatının yaradılması və istifadəsi mexanizmini, pestisidlərin növlər üzrə ehtiyat normalarını müəyyən edir.

2. Pestisid ehtiyatı fövqəladə hallarda tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədilə dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulan vəsait dairəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) tərəfindən yaradılır.

3. Pestisid ehtiyatı dövlətin əmlakı hesab edilir və xüsusi anbarlarda “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblərə uyğun olaraq saxlanılır.

4. Pestisid ehtiyatı karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq məqsədilə dövlət büdcəsində nəzərdə tutulan vəsaitin 15 faizinə qədər həcmində müəyyənləşdirilir.

5. Pestisid növlərinin ehtiyatı Agentliyin və Xidmətin təklifi əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən edilir.

6. Pestisidlərin növlər üzrə ehtiyat normaları aşağıdakı kimi müəyyən edilir:

7. Pestisid ehtiyatının yaradılmasının və onun dövriyyəsinin uçotu Agentlik və Xidmət tərəfindən aparılır və bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə hər il ümumiləşdirilmiş məlumat təqdim edilir.

8. Pestisid ehtiyatları qanunvericiliklə müəyyən olunmuş qaydada Agentlik və Xidmət tərəfindən müvafiq fitosanitar tədbirlərdə istifadə olunur. Bu pestisidlərin istifadəsi barədə Agentlik və Xidmət tərəfindən müvafiq akt tərtib edilir. Aktın birinci nüsxəsi Agentlikdə, ikinci nüsxəsi Xidmətdə saxlanılır, üçüncü nüsxəsi isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə göndərilir.

1. Bu Qayda "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.21-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin uçot və hesabatının aparılması mexanizmini müəyyən edir.

2. Azərbaycan Respublikasının qeyri-dövlət fitosanitar xidməti subyektləri (bundan sonra - sahibkar) pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin (bundan sonra - preparat) istehsalı və dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyət göstəricilərinə və təhlükəsizlik qaydalarına nəzarətin həyata keçirilməsi məqsədilə uçot və hesabatını aparırlar.

3. Preparatın idxalı, ixracı, istehsalı, saxlanması, satışı və tətbiqi sahəsində sahibkar hər il (rübdə bir dəfə) fitosanitar xidməti sahəsində həyata keçirdiyi tədbirlər barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra - Agentlik) məlumat verməlidir.

4. Sahibkar preparatın ixracı, istehsalı, saxlanması, satışı və tətbiqinə dair uçot və hesabatında aşağıdakı məlumatları əks etdirməlidir:

preparatın adı, kimyəvi forması;

preparatın təsiredici maddəsi;

bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına və ya idxalına dair verilmiş lisenziya barədə məlumatlar;

dövlət qeydiyyatı barədə şəhadətnamənin nömrəsi və tarixi;

preparatın məsrəf norması;

işlənən obyekt (bitki və bitki məhsulları);

zərərli obyekt( (həşərat, xəstəlik, alaq otu və s.);

preparatın tətbiqolunma üsulu, vaxtı və xüsusiyyətləri;

digər zəruri məlumatlar.

5. Sahibkar preparatın ixracı, istehsalı, saxlanması, satışı və tətbiqinə dair uçot və hesabatında verilən məlumatlara görə məsuliyyət daşıyır.

6. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməmiş, müvafiq qaydada qablaşdırılmamış və etiketləşdirilməmiş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin uçota alınmasına yol verilmir.

7. Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalının və tətbiqinin uçotu və hesabatı Agentlik tərəfindən aparılır.

1. Bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması mexanizmini müəyyən edir.

2. Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasının təşkili, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

3. Torpağın əlverişli morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji şəraitdə kənd təsərrüfatı bitkilərinin qida elementləri, rütubət ehtiyatları və onların həyatı üçün digər vacib maddələrlə müntəzəm təmin edilməsi, torpaqların münbitliyinin bərpası, artırılması və çirklənmədən mühafizəsi sahəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə müvafiq aqrokimyəvi laboratoriyalarda və elmi tədqiqat müəssisələrində tədqiqat işləri aparılır.

4. Tədqiqat işləri müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda alim və peşəkar mütəxəssislər tərəfindən aparılır.

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ( bundan sonra - istifadəçi) kənd təsərrüfatı torpaqlarının məqsədli və səmərəli istifadə edilməsi, onların təbii münbitliyinin korlanmasına yol verilməməsi, torpaq sahələrinin zərərli və antropogen təsirlərdən, texnogen çirklənmə və tənəzzülə uğrama hallarından qorunması məqsədilə onlara məxsus torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

6. İstifadəçinin ərizəsində aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar ( seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasport-ların verilməsi və kartoqramların hazırlanması üçün əkin sahələrinin və digər kənd təsərrüfatına yararlı torpaqların mülkiyyət hüququna dair qeydiyyat sənədlərinin surəti;

aqrokimyəvi tədqiqat işlərinin aparılması nəzərdə tutulan ərazilərin torpaq xəritələri.

6-1. Aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

7. Təqdim olunan ərizə və bu Qaydaların 6-cı bəndində nəzərdə tutulan sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və müvafiq qurumlarda tədqiqat işlərinin aparılmasına göstəriş verilir.

8. Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması üçün ümumi müddət iki aydan artıq olmamalıdır.

9. Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işləri aşağıdakı mərhələlərlə aparılır:

tarla tədqiqatları və müvafiq laboratoriya analizləri üçün torpaq nümunələrinin götürülməsi;

torpaq nümunələrində mütəhərrik fosforun və mübadiləvi kaliumun miqdar və turşuluğunun, şoranlaşma və şorakətləşməsinin (pH) müəyyən edilməsi;

aqrokimyəvi kartoqramların və müvafiq tövsiyələrin hazırlanması.

10. Tarla işlərinin və torpaq nümunələrinin laboratoriya analizlərinin aparılması, aqrokimyəvi kartoqramların hazırlanması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş təlimatlara uyğun həyata keçirilir.

11. Tədqiqatların nəticələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhlil edilir və istifadəçiyə müvafiq torpaqların kartoqramları, tarla təcrübələrinin əsasında hazırlanmış tövsiyələri təqdim edilir.

12. Tövsiyələrdə aşağıdakı məsələlər əks olunur:

12.1. əkin sahəsinin tutduğu ərazi (bölgüsü) barədə ümumi məlumat;

12.2. son beş ildə istifadə edilən gübrə və kimyəvi vasitələrin faktiki səmərəliliyinin təhlili;

12.3. əkin sahəsində istifadə edilən tarlaların (sahələrin) torpaqlarının aqrokimyəvi xüsusiyyəti;

12.4. planlaşdırılmış məhsulun alınmasında ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üçün veriləcək gübrələrin elmi əsaslandırılmış norması;

12.5. ərazinin iqlim şəraiti, torpağın tip və xassəsi, becərilən bitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla, gübrələrin forması, verilmə üsulu və vaxtı;

12.6. növbəli əkində gübrələrin və kimyəvi meliorantların tətbiqedilmə sistemi;

12.7. gübrələrdən və meliorantlardan səmərəli istifadə etmək məqsədilə maşın-mexanizmlərə və işçi qüvvəsinə olan tələbat.

13. İstifadəçinin istəyi ilə müvafiq aqrokimyəvi kartoqramlara əsasən torpaq sahəsinin ayrı-ayrı yerlərinə ( tarlalara) aqrokimyəvi pasport verilir.

14. Aqrokimyəvi pasportda torpağın mineral və üzvi hissələri, mexaniki tərkibi, rütubət ehtiyatları, radioaktivliyi, turşuluğu, şoranlaşması və şorakətləşməsi (pH) və digər zəruri məlumatlar göstərilir.

15. Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanması istifadəçinin vəsaiti hesabına aparılır.

1. Bu Qayda "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.24-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair vahid statistik hesabat formalarını və təqdim edilməsi mexanizmini müəyyən edir.

2. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı, ixracı, istehsalı, saxlanması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsinə dair hesabatı bu Qaydanın əlavəsindəki nümunəvi formaya uyğun olaraq hər il (rübdə bir dəfə) hazırlayaraq hesabat dövründən sonrakı ayın 5-nə kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (bundan sonra - Agentlik) təqdim edirlər.

3. Hesabat formasının "A" sütununda gətirilən pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr ardıcıl olaraq sıra nömrələri ilə göstərilir.

4. Agentlik bu Qaydanın 2-ci bəndində göstərilən hesabatları təhlil edərək, onları icmal şəklində hər il rübdə bir dəfə, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir.

Hesabatı təqdim edən fiziki və hüquqi şəxslər:

adı___________________________________________________________

Hesabat forması fiziki və hüquqi şəxslər tərəfindən hesabat rübündən sonrakı ayın 5-nə kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə) təqdim olunur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi icmal hesabatı ayın 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə təqdim edir.

ünvanı ______________________________________________________

yerləşdiyi rayon(şəhər)_____________________________________

mülkiyyət növü_____________________________________________

lisenziyanın qeydiyyat nömrəsi və tarixi ____________________

hesabat verən fiziki və hüquqi şəxslərin sayı__________________

(Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində doldurulur)

İdarə sənədlərinin təsnifatı üzrə fərmanın kodu

Müəssisənin identifikasiya (statistik) kodu

“_____” ___________________ 200 __ il

1. 28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)

10 oktyabr 2014-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №10, maddə 1297)

05 fevral 2015-ci il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 fevral 2015-ci il, № 36, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 219)

16 noyabr 2016-cı il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 noyabr 2016-cı il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1949)

5. 28 sentyabr 2017-ci il tarixli 393 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2017-ci il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1748)

6. 15 oktyabr 2018-ci il tarixli 447 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2162)

7. 28 dekabr 2019-cu il tarixli 510 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2091)

8. 30 dekabr 2022-ci il tarixli 461 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 30 dekabr 2022-ci il, “Xalq” qəzeti, 6 yanvar 2023-cü il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1565)

9. 22 may 2024-cü il tarixli 275 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 may 2024-cü il, “Xalq” qəzeti, 26 may 2024-cü il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, II kitab, maddə 612)

10. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)

11. 30 dekabr 2025-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2025-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1262)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver