Qanunvericilik › “Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.06.2018) › Tam mətn

“Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.06.2018)

“Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 20.06.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 687-VQD nömrəli Qanununun tətbiqi və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 avqust tarixli 314 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1517 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 20 iyun 2018-ci il

1.1. Bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarında xüsusi rütbələr verilməklə kiçik, orta və böyük rəis heyəti vəzifələrində çalışan əməkdaşların (bundan sonra − əməkdaş) attestasiyası keçirilməsi qaydasını müəyyən edir.

1.2. Hər bir fövqəladə hallar orqanlarının əməkdaşının 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər.

1.3. Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:

1.3.1. əməkdaşların tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi;

1.3.2. əməkdaşların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması;

1.3.3. əməkdaşların peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması;

1.3.4. əməkdaşların təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçmələrinə zərurət dərəcəsinin müəyyən edilməsi;

1.3.5. kadrların irəli çəkilməsi məsələlərinin həyata keçirilməsi.

1.4. Aşağıdakı əməkdaşların attestasiyası keçirilmir:

1.4.1. hamilə qadınlar;

1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

1.4.3. tutduğu vəzifədə faktiki olaraq 1 (bir) ildən az müddətdə qulluq keçən əməkdaşlar.

2.1. Attestasiya kollegial, obyektiv surətdə və zəruri hallarda müvafiq sahə üzrə müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir.

2.2. Fövqəladə hallar orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslər tərəfindən attestasiya komissiyası yaradılır. Attestasiya komissiyası kollegial orqandır, azı 5 (beş) nəfərdən ibarət olmaqla, bütün hallarda tərkibi tək sayda yaradılır.

2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş əməkdaş attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli struktur bölmə (şəxs) attestasiyada birbaşa və ya dolayı yolla iştirak etməməlidir.

2.4. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydanın 2.7-ci bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı attestasiya komissiyasının sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən əməkdaşların nəzərinə çatdırılır.

2.5. Attestasiyadan keçməli olan hər bir əməkdaşa attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir. Həmin əməkdaş ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

2.6. Xasiyyətnamədə əməkdaşın xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.

2.7. Attestasiya komissiyasının üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifəyə, ixtisasına, icra etdiyi işlərə və onların nəticələrinə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün qanunvericiliklə müəyyən edilmiş hüquqlarına, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2.8. Əməkdaş attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən əməkdaşın fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

2.9. Əməkdaş üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin əməkdaş attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.

2.10. Əməkdaş üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin əməkdaş barədə Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirləri tətbiq edilə bilər.

2.11. Əməkdaşın attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

2.11.1. tutduğu vəzifəyə uyğun gəlir;

2.11.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

2.11.3. tutduğu vəzifəyə uyğun gəlmir.

2.12. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı fövqəladə hallar orqanları əməkdaşlarının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən fövqəladə hallar orqanları əməkdaşlarının təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma keçməsi, xidməti fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyasının irəli sürdüyü tövsiyələr əsaslandırılmalıdır.

2.13. Əməkdaşın attestasiyası zamanı onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Əməkdaşın fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.14. Əməkdaşın fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən əməkdaşın iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.

2.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən əməkdaş tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan əməkdaş attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra əməkdaşa bildirilir.

3.1. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydanın əlavəsində göstərilən attestasiya vərəqəsinə yazılır.

3.2. Attestasiyadan keçən əməkdaşın attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti arzusuna əsasən həmin əməkdaşa verilir.

3.3. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, bu Qaydanın 2.12-ci bəndində qeyd olunan tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, aidiyyəti fövqəladə hallar orqanının rəhbəri tərəfindən müvafiq qərarlar qəbul edilir. Həmin qərarlar əməkdaşın attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul olunur. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında əməkdaşın aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

3.4. Əməkdaşın üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.

3.5. Əməkdaş attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər.

Soyadı, adı və atasının adı __________________________________________________

Doğulduğu il______________________________________________________________

Təhsili və ixtisasının artırılması barədə məlumat

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

Attestasiya keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (təsdiq edildiyi) tarix _____________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

________________________________

Fövqəladə hallar orqanlarında xidmət illəri

________________________________

Əvvəlki attestasiyanın tövsiyələrinin yerinə yetirilməsi

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

Attestasiya komissiyası üzvlərinin rəy və təklifləri _____________________________

__________________________________________________________________________

__________________________________________________________________________

Attestasiyadan keçən əməkdaşın rəy və təklifləri ______________________________

__________________________________________________________________________

__________________________________________________________________________

Səsvermənin nəticələrinə görə əməkdaşın fəaliyyətinə qiymət verilməsi

__________________________________________________________________________

__________________________________________________________________________

səslərin sayı: lehinə _________, əleyhinə _________

Attestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)

__________________________________________________________________________

__________________________________________________________________________

Qeyd.____________________________________________________________________

__________________________________________________________________________

Attestasiya komissiyasının sədri

Attestasiya komissiyasının üzvləri:

Attestasiya komissiyasının katibi

Attestasiyanın tarixi “____” ________________il

Attestasiya vərəqəsi ilə tanış olmuşdur

_________________________________________

Attestasiyanın nəticələrinə görə rəhbərliyin qərarı və onun qəbul olunduğu tarix __________________________________________________________________________

__________________________________________________________________________

1. 11 mart 2026-cı il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 mart 2026-cı il, “Azərbaycan” qəzeti, 14 mart 2026-cı il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 3, maddə 279)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver