6.1. Fövqəladə hallar orqanlarına ilk dəfə xidmətə qəbul edilən şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 3 aydan 6 ayadək sınaq müddəti müəyyən edilə bilər.
6.2. Sınaq müddəti ərzində fövqəladə hallar orqanlarında xidmətə namizəd ilkin hazırlıq keçir və onun xidmətə yararlılığı müəyyən edilir. Sınaq müddəti ərzində namizədə xüsusi rütbə verilmir.
6.3. Sınaq müddəti başa çatdıqdan sonra müsbət rəy almış əməkdaş müvafiq fövqəladə hallar orqanlarında vəzifəyə təyin olunmaqla daimi xidmətə qəbul edilir. Sınaq müddətini müvəffəqiyyətlə keçməmiş işçinin qulluq keçməsinə bu Qanuna uyğun olaraq xitam verilir.
6.4. Sınaq müddəti, fövqəladə hallar orqanına xidmətə qəbula dair əmrdə göstərilir.
6.5. Fövqəladə hallar orqanlarında xidmətə qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin məzunları və müdavimləri, dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə daimi qulluğa (xidmətə) qəbul edilməklə xidmət (qulluq) keçən və ya əvvəllər xidmət (qulluq) keçmiş şəxslər üçün sınaq müddəti müəyyən edilmir və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, fövqəladə hallar orqanlarında daimi qulluğa qəbul edilirlər.
6.5-1. Fövqəladə hallar orqanlarına xidmətə qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir.
6.6. Sınaq müddəti fövqəladə hallar orqanlarında iş stajına hesablanır, xidmət illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
6.7. Sınaq müddətində əməkdaşlara vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası ödənilir.
6.8. Fövqəladə hallar orqanlarında sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.