9.0. Fövqəladə hallar orqanlarının əməkdaşları aşağıdakı hüquqlara malikdirlər:
9.0.1. vəzifə borcunu yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq zəruri informasiya və materiallar tələb etmək və almaq;
9.0.2. fövqəladə hallar orqanları əməkdaşını vəzifəyə təyin etmək və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsə öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsi və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;
9.0.3. qanunvericiliyə uyğun olaraq pul təminatı almaq;
9.0.4. ixtisasının artması və xidməti vəzifələrinin yerinə yetirilməsi nəzərə alınmaqla xidmətdə irəli çəkilmək;
9.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə xidmət etdiyi fövqəladə hallar orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
9.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
9.0.7. şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
9.0.8. müvafiq orqanlarda və məhkəmədə qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
9.0.9. həmkarlar ittifaqlarında birləşmək;
9.0.10. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, fövqəladə hallar orqanları əməkdaşlarının funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;
9.0.11. xidmət etdiyi fövqəladə hallar orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi onda şübhə doğurarsa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;
9.0.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq;
9.0.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada digər məzuniyyətlər, pensiya və müavinətlər almaq;
9.0.14. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.