Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 13 yanvar 2023-cü il
1.1. Bu Qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə (bundan sonra – xüsusi vəziyyətlər) uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışında (bundan sonra – xidmətlərə təhlükəsiz çıxış) bərabərliyin təmin edilməsi sahəsində dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən tədbirləri müəyyən edir.
1.2. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin edilməlidir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. xüsusi vəziyyətlər – “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən epidemiya əleyhinə rejimin, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən xüsusi hüquqi rejimlərin, sanitariya-gigiyena və ya karantin rejimlərinin elan olunduğu vəziyyətlər;
1.3.2. xidmətlərə təhlükəsiz çıxış – xüsusi vəziyyətlərdə uşaqların həyat və sağlamlığına olan təhlükələri aradan qaldırmaqla onların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə çıxışının təmin edilməsi ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən bu Qaydanın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin məcmusu.
1.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiya (bundan sonra – Komissiya) Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” (bundan sonra – Əsasnamə) çərçivəsində xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlər həyata keçirir.
1.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və xüsusi vəziyyətin mövcud olduğu ərazinin uşaq hüquqlarının müdafiəsi üzrə komissiyası (bundan sonra – yerli komissiya) fəaliyyət istiqamətlərinə uyğun olaraq xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin edirlər.
1.6. Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışı Azərbaycan Respublikasının Ailə Məcəlləsinə, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Uşaq hüquqları haqqında”, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ hüquqi aktlara uyğun olaraq təmin edilir.
1.7. Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş büdcə təxsisatları çərçivəsində dövlət vəsaiti və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.
2.1. Uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi məqsədilə Komissiya xüsusi vəziyyətin elan edildiyi vaxtdan aşağıdakıları həyata keçirir:
2.1.1. 24 saat ərzində aidiyyəti dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət işçi qruplar yaratmaq və onların fəaliyyətini təşkil etmək;
2.1.2. 48 saat ərzində xüsusi vəziyyətdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlər planını (bundan sonra – tədbirlər planı) təsdiq etmək.
2.2. İşçi Qrup xüsusi vəziyyətin elan edildiyi vaxtdan müvafiq ərazi üzrə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə tədbirlər planının layihəsini 1 (bir) gün müddətində hazırlayır və təsdiq olunması üçün Komissiyaya təqdim edir.
2.3. İşçi Qrup yerli komissiya ilə birlikdə xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə aşağıdakı təxirəsalınmaz tədbirləri görür:
2.3.1. müxtəlif media və ya telekommunikasiya vasitələrindən istifadə etməklə uşaqlarla bağlı müraciətlərə operativ baxılma üzrə yerin ünvanı və telefon nömrəsi barədə əhalini xüsusi vəziyyətin mövcud olduğu müddətdə davamlı olaraq məlumatlandırmaq;
2.3.2. xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə valideyn himayəsindən məhrum olmuş uşaqların sayını müəyyənləşdirmək və onların müvəqqəti yerləşdirilməsini təşkil etmək;
2.3.3. uşaqların qidaya, geyimə, gigiyena ləvazimatlarına, psixoloji və tibbi-sanitariya yardımına olan ilkin zəruri ehtiyaclarını təmin etmək üçün tədbirlər görmək;
2.3.4. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fövqəladə vəziyyətin tətbiq edildiyi halda zərər çəkmiş uşaqlara zəruri kömək göstərilməsi üçün ərazinin komendantına müraciət etmək;
2.3.5. xüsusi vəziyyətin elan edildiyi ərazidə yerləşən sosial xidmət müəssisələrində və internat tipli ümumi təhsil müəssisələrində yaşayan və ya tərbiyə alan valideyn himayəsindən məhrum olan uşaqların təxliyəsi ilə bağlı məlumatları və təklifləri Komissiyaya təqdim etmək.
2.4. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.6-cı maddəsinə uyğun olaraq xüsusi vəziyyətin nəticələrindən zərər çəkmiş, təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə çıxış imkanı olmayan uşaqlar barədə məlumatı olan hüquqi və fiziki şəxslər dərhal bu barədə xüsusi vəziyyətin elan edildiyi ərazinin yerli komissiyasına məlumat verməlidirlər.
2.5. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş tədbirlər planına icra müddəti və icraçılar göstərilməklə aşağıdakı məsələlər daxil edilir:
2.5.1. xüsusi vəziyyət nəticəsində xidmətlərə çıxışı olmayan uşaqlar barəsində məlumatların toplanması;
2.5.2. xüsusi vəziyyətin elan edildiyi ərazidə uşaqlara xidmətlər göstərməklə fəaliyyətini davam etdirən müəssisələr barədə məlumatların toplanması;
2.5.3. xüsusi vəziyyətin elan edildiyi ərazidə uşaqların xidmətlərə təhlükəsiz çıxışında çətinliklərin aradan qaldırılması üzrə əsaslandırılmış təkliflər;
2.5.4. xüsusi vəziyyətin elan edildiyi ərazidə uşaqların xidmətlərə təhlükəsiz çıxışına dəstək üzrə könüllülər qruplarının yaradılması;
2.5.5. sosial xidmət müəssisələrində və internat tipli ümumi təhsil müəssisələrində yaşayan və ya tərbiyə alan uşaqların ehtiyaclarının təmin edilməsi üzrə təkliflər;
2.5.6. daxil olmuş müraciətlərin araşdırılması və lazımi tədbirlərin görülməsi üçün səyyar qrupların təşkil edilməsi;
2.5.7. qəyyumluğa (himayəyə) və himayədar ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi;
2.5.8. həyata keçirilmiş tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması.
2.6. Tədbirlər planının icraçıları tədbirlərin müəyyən edilmiş müddətdə icrasını təmin etməlidirlər.
2.7. Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin monitorinqi məqsədilə həftədə bir dəfədən az olmayaraq İşçi Qrupun iclası keçirilir. İclasda tədbirlər planı üzrə tədbirlərin icra vəziyyəti müzakirə olunur, tədbirlər planında dəyişiklik edilməsi barədə İşçi Qrup tərəfindən Komissiyaya təkliflər verilir.
2.8. İşçi Qrup həftədə bir dəfə tədbirlər planının icra vəziyyəti barədə Komissiyaya məlumat təqdim edir.
2.9. Komissiya İşçi Qrupun uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı əsaslandırılmış təkliflərinə baxılması üçün təkliflərin təqdim edildiyi vaxtdan 2 (iki) gün müddətində özünün növbədənkənar iclasını keçirir və həmin təkliflər barədə qərarlar qəbul edir.
3.1. Bu Qaydanın 1.5-ci bəndində qeyd edilən dövlət orqanları (qurumları) xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üzrə aşağıdakı vəzifələri yerinə yetirirlər:
3.1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik):
1. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə çətin həyat şəraitində olan uşaqları, həmçinin aztəminatlı və ya çoxuşaqlı ailələrdən olan və tək valideyni ilə yaşayan uşaqları müəyyənləşdirir;
2. Nazirliyin 142 Çağrı Mərkəzi vasitəsilə çətin həyat şəraitində olan uşaqlar barəsində məlumatların qəbul edilməsini və onlara telefon vasitəsilə psixoloji dəstəyin göstərilməsini, təqdim olunan sosial xidmətlər haqqında əhalinin mütəmadi olaraq məlumatlandırılmasını təmin edir;
3. xüsusi vəziyyətin elan edildiyi ərazi üzrə çətin həyat şəraitində olan uşaqlara ilkin zəruri sosial-psixoloji xidmətlərin göstərilməsini təşkil edir;
4. sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, göstərilmə yerini və müddətini özündə əks etdirən hesabatın və uşağa sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması üçün tədbirlər görür;
5. hazırlanmış fərdi plana əsasən uşaqlara müvafiq sosial xidmətlərin göstərilməsi üçün tədbir görür;
6. qiymətləndirmənin nəticəsindən asılı olaraq sosial dəstək tədbirləri çərçivəsində ərzaq yardımının edilməsini təşkil edir;
3.1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
1. xüsusi vəziyyət elan edilmiş ərazidə yerli icra hakimiyyəti orqanı ilə əlaqəli şəkildə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edir;
2. xüsusi vəziyyətlə əlaqədar yaradılmış İşçi Qrupun nümayəndələri ilə birlikdə monitorinqlərin keçirilməsini təşkil edir;
3. uşaqlarla bağlı müraciətlərin operativ qəbulu məqsədilə polis orqanlarının telefon nömrələri və digər əlaqə vasitələri barədə əhalinin məlumatlandırılması məqsədilə tədbirlər görür;
4. xüsusi vəziyyət elan edilmiş ərazidə həyat və sağlamlığı təhlükədə olan uşaqların xilas edilməsində iştirak edir və həmin uşaqlara ilkin tibbi yardım göstərilməsi üzrə tədbirlər görür;
5. tapılmış valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün tədbirlər görür;
3.1.3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:
1. xüsusi vəziyyət zamanı təhsil müəssisələrinin distant formada fəaliyyət göstərməsini təşkil edir;
2. “Virtual məktəb” platformasından istifadə edilməsini təmin edir;
3. təhsilalanlar üçün “Dərs vaxtı” telelayihəsinin yayımlanmasını təşkil edir;
4. MEİS vasitəsilə müəyyənləşdirilmiş valideyn himayəsindən məhrum olan uşaqların təhsilə cəlb olunmasını təşkil edir;
3.1.4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi:
1. xüsusi vəziyyət elan edilmiş ərazidə həyat və sağlamlığı təhlükədə olan uşaqların xilas edilməsi üzrə tədbirlər görür;
2. xüsusi vəziyyətlərdə uşaqların məlumatlandırılması və müvafiq davranış qaydaları haqqında maarifləndirilməsi üçün tədbirlər görür;
3.1.5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
1. xüsusi vəziyyət elan edilmiş ərazidə uşaqlara tibbi yardım göstərilməsi üzrə tədbirlər görür;
2. xüsusi vəziyyətlərdə uşaqlara sanatoriya, reabilitasiya, psixoloji xidmətlərin və psixiatriya yardımının göstərilməsini təmin edir;
3.1.6. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xüsusi vəziyyət elan edilmiş ərazidə uşaq hüquqlarının təmin edilməsi, habelə uşaqların problemlərinin aidiyyəti dövlət orqanları tərəfindən həlli məqsədilə vəsatətlər qaldırır;
3.1.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi xüsusi vəziyyət elan edilmiş ərazidə olan uşaqlara tibbi xidmətlərin göstərilməsini təşkil edir.
3.2. Xüsusi vəziyyətlərdə uşaqların xidmətlərə təhlükəsiz çıxışında bərabərliyi təmin etmək üçün bu Qaydanın 1.5-ci bəndində qeyd olunan dövlət orqanları (qurumları) eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda müəyyən edilən funksiyaları da həyata keçirirlər.
3.3. Fövqəladə vəziyyətin və hərbi vəziyyət rejiminin tətbiq edildiyi ərazilərdə xidmətlərə təhlükəsiz çıxışı təmin etmək üçün bu Qaydanın 1.5-ci bəndində qeyd edilən dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilməsi nəzərdə tutulan vəzifələr “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Qeyd. “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13-cü, 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrinə əsasən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazilərdə idarəetmə komendanta, xüsusi idarəetmə və ya mərkəzi idarəetmə orqanına verilir. Həmin orqanlar tərəfindən fövqəladə halın elan edildiyi ərazidə Qanunla müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilə, icrası məcburi olan qərarlar verilə bilər, eyni zamanda zərurət yarandıqda yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti xüsusi idarəetmə orqanına verilə bilər. Qeyd olunanlara əsasən aidiyyəti orqanların fəaliyyəti Qanunun tələblərinə uyğun həyata keçirilməlidir.
1. 6 iyun 2023-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 iyun 2023-cü il, “Xalq” qəzeti, 10 iyun 2023-cü il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 850)
2. 2 dekabr 2023-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 dekabr 2023-cü il, “Xalq” qəzeti, 5 dekabr 2023-cü il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 12, II kitab, maddə 1767)
3. 11 sentyabr 2025-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 861)
4. 4 dekabr 2025-ci il tarixli 377 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 12 dekabr 2025-ci il, № 262, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1225)
5. 25 iyun 2026-cı il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 iyun 2026-cı il, “Azərbaycan” qəzeti, 30 iyun 2026-cı il, № 112)