Qanunvericilik › “Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018) › Tam mətn

“Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018)

“Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə (Ədliyyə Nazirliyi, 28.09.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndini rəhbər tutaraq Kollegiya

1. “Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).

Azərbaycan Respublikasının

I dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2018-ci il “28” sentyabr tarixli “21-N” nömrəli Qərarı ilə təsdiq edilmişdir

1.1. “Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili haqqında Təlimat” fövqəladə hallar zamanı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin (bundan sonra – Penitensiar xidmət) əməkdaşlarının fəaliyyətinin planlaşdırılması, qüvvə və vasitələrin hazırlanması və hərəkət qaydalarını müəyyən edir.

1.2. Fövqəladə hallarda penitensiar müəssisələrdə fəaliyyətin təşkili Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu, “Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 aprel 1992-ci il tarixli 239 nömrəli qərarı, Azərbaycan Respublikası ədliyyə nazirinin 04 iyul 2002-ci il tarixli 19-T saylı əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində məhkumlar üzərində nəzarətin həyata keçirilməsi qaydaları haqqında”, 06 iyul 2002-ci il tarixli 21-T saylı əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisəsi rəisinin növbətçi köməkçisi xidməti haqqında” təlimatlar və bu Təlimatla nizamlanır.

1.3. Penitensiar müəssisələrdə həyat və sağlamlıq üçün təhlükə yaradan kütləvi iğtişaşlar, habelə təbii fəlakət və ya digər fövqəladə hadisələr baş verdikdə xüsusi saxlanılma şəraiti tətbiq edilir. Xüsusi saxlanılma şəraitinin tətbiq və ləğv edilməsi, habelə bununla bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”na uyğun olaraq tənzimlənir.

1.4. Penitensiar müəssisələrdə baş verən aşağıdakı fövqəladə hallarda bu Təlimatın tələblərinə uyğun tədbirlər həyata keçirilir:

1.4.1. həbs edilmiş şəxslərin və ya məhkumların qaçışı;

1.4.2. kütləvi itaətsizlik və iğtişaşlar;

1.4.3. insanların girov götürülməsi;

1.4.4. təhlükə törədən təbii və texnogen xarakterli hadisələr;

1.4.5. kütləvi zəhərlənmə və ya epidemiya yayıldıqda.

1.5. Fövqəladə hallarda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üzrə penitensiar müəssisələrin və digər aidiyyəti struktur qurumların hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə əvvəlcədən hazırlıq işləri görülür.

1.6. Bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçirilir:

1.6.1. penitensiar müəssisələrin və digər aidiyyəti struktur qurumlarının fövqəladə hallarda fəaliyyətinin planlaşdırılması;

1.6.2. fövqəladə hallarda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üzrə şəxsi heyətin xidməti hazırlığının və peşəkarlığının yüksəldilməsi məqsədi ilə təlimlərin keçirilməsi;

1.6.3. qüvvə və vasitələrin səfərbər edilməsi və fövqəladə hallara hazırlığının yoxlanılması.

1.7. Baş vermiş hadisələr zamanı “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aidiyyəti üzrə prokurorluq orqanlarına, “Xüsusi məlumatların verilməsinə dair” Azərbaycan Respublikası ədliyyə nazirinin 21 iyun 2001-ci il tarixli 17-T saylı əmrində göstərilmiş hallarda Ədliyyə Nazirliyinə məlumat verilir.

1.8. Həbs edilmiş şəxslər və məhkumlar müşayiət edilən zaman fövqəladə hallar baş verdikdə Penitensiar xidmətin Konvoy taborunun fəaliyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 29 dekabr tarixli 31-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”la tənzimlənir.

2.1. Fövqəladə hallarda qüvvə və vasitələrin idarəetmə sistemi idarəetmə qurumlarından və vasitələrindən (rabitə vasitələri, elektron texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri) ibarətdir.

2.2. Vəziyyətin qəflətən mürəkkəbləşdiyi hallarda idarəetmə qurumu əməliyyat qərargahı hesab edilir.

2.3. Fövqəladə hadisə baş verdikdə növbətçi xidmət penitensiar müəssisə rəisi gələnədək hərəkət planına uyğun tədbirlər görür.

2.4. Fövqəladə hadisə davamlı xarakter daşıdıqda, əməliyyat şəraitinin mürəkkəbliyindən asılı olaraq, habelə xüsusi saxlanma şəraiti tətbiq edildikdə Penitensiar xidmət rəisinin əmri ilə Penitensiar xidmətin Baş idarəsinin və aidiyyəti struktur qurumlarının əməkdaşlarından ibarət Əməliyyat qərargahı (bundan sonra – Qərargah) yaradılır. Bu halda penitensiar müəssisənin şəxsi heyəti Qərargahın göstərişlərinə uyğun hərəkət edir.

2.5. Qərargahın strukturu, rəhbəri və onun üzvlərinin vəzifə bölgüsü Penitensiar Xidmətin rəisinin əmri ilə müəyyən edilir. Baş vermiş hadisə zamanı zərərçəkmişlərə tibbi yardımın göstərilməsi üçün Qərargahın tərkibinə Tibb baş idarəsinin nümayəndəsi də daxil edilir.

2.6. Qərargahın fəaliyyət göstərməsi üçün idarəetmə mərkəzi yaradılır. Vəziyyətin mürəkkəbliyindən asılı olaraq, həmçinin cəlb edilən digər qüvvələrin idarə edilməsi, onlarla qarşılıqlı əlaqənin təmin edilməsi məqsədi ilə ehtiyat və köməkçi idarəetmə məntəqələri yaradıla bilər. Bütün idarəetmə məntəqələri idarəetmə funksiyalarını tam həcmdə həyata keçirmək imkanına malik olmalıdırlar.

2.7. Qərargahın rəhbərinin və üzvlərinin fəaliyyəti fövqəladə halın yaranması xüsusiyyətlərindən, onun aradan qaldırılması məqsədi ilə qarşıya qoyulmuş vəzifələrdən və mövcud əməliyyat şəraitindən asılı olaraq müəyyən edilir.

2.8. Qüvvə və vasitələrin idarə edilməsi məqsədi ilə bütün xidmətləri, o cümlədən cəlb edilən qüvvələri birləşdirən rabitə sistemi yaradılır. Rabitə sisteminə kommutator mərkəzi, radiorabitə və digər vasitələr daxildir.

2.9. Planlaşdırılan tədbirlərin məxfi saxlanması məqsədi ilə əvvəlcədən hazırlanmış çağırış siqnalları tətbiq edilir. Qüvvələrin idarə edilməsi zamanı açıq rabitə kanallardan yalnız tədbirlərin mahiyyətini açıqlamadan istifadə etmək olar.

2.10. İdarəetmə mərkəzinin və əməkdaşların həyəcan siqnalı üzrə çağırış sxemi əvvəlcədən hazırlanır və fövqəladə hallar zamanı hərəkət planına əlavə edilir. Penitensiar müəssisənin təşkilati-ştat strukturunda, şəxsi heyətin siyahılarında, onların hərəkət sxemində dəyişikliklər olduqda çağırış sxeminə müvafiq düzəlişlər edilir.

2.11. Vəziyyətin mürəkkəbləşməsi barədə məlumat daxil olan kimi Qərargah:

2.11.1. dərhal məlumatların yığılmasını və dəqiqləşdirilməsini təmin edir;

2.11.2. vəziyyətin mümkün olan inkişaf istiqamətini proqnozlaşdırır və qiymətləndirir;

2.11.3. qüvvə və vasitələrin hərəkəti barədə ilkin göstəriş verir;

2.11.4. əməliyyat qruplarının idarəedilməsini təşkil edir;

2.11.5. zəruri hallarda hadisə barədə ərazi hüquq mühafizə orqanlarına, təxirəsalınmaz təcili tibbi yardım xidmətinə məlumat verir;

2.11.6. qərar qəbul olunması üçün təkliflər hazırlayır;

2.11.7. Qərargah rəhbərinin qəbul etdiyi qərarları aidiyyəti üzrə şəxsi heyətə elan edir və yerinə yetirilməsinə nəzarət edir;

2.11.8. qüvvə və vasitələrin yerləşdirilməsini, onların operativ tətbiqini təmin edir;

2.11.9. hadisələrin gedişatı barədə Penitensiar xidmətin rəhbərliyini məlumatlandırır;

2.11.10. qüvvələrin zəruri maddi-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görür;

2.11.11. ərazi üzrə dövlət hakimiyyəti, yerli özünüidarəetmə və hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəni təmin edir;

2.11.12. qarşılıqlı əlaqədə fəaliyyət göstərən orqan və qurumları vəziyyətin dəyişməsi və əlavə qarşılıqlı tədbirlərin keçirilməsinin zəruriliyi barədə məlumatlandırır.

3.1. Fövqəladə hallara hazır olmaq, güc və qüvvələri vaxtında səfərbər edərək onların düzgün tətbiq edilməsini təmin etmək, şəxsi heyətin bu sahədə xidməti hazırlığını və peşəkarlığını yüksəltmək məqsədi ilə təlimlər keçirilir.

3.2. Fövqəladə hallarda şəxsi heyətin hərəkətləri ilə bağlı xidməti və peşə hazırlığı təlimlərində əməkdaşlara məhkumlar və həbs edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi, kütləvi itaətsizliyin və iğtişaşların yatırılması, yanğın, təbii və texnogen hadisələr zamanı axtarış və xilasetmə tədbirləri, təhlükəsizlik tədbirlərinin tətbiqi, ilkin tibbi yardımın göstərilməsi mövzularında məşğələlər və praktik təlimlər keçirilir.

3.3. Müəssisə rəisi tərəfindən fövqəladə hallarda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə penitensiar müəssisələrdə fövqəladə hallar zamanı hərəkət planı (bundan sonra – Plan) hazırlanır.

3.4. Planın təsviri hissəsində aşağıda göstərilən məlumatlar qeyd olunmalıdır:

3.4.1. penitensiar müəssisənin hüquqi ünvanı, ümumi xarakteristikası (cəzaçəkmə rejimi, saxlanma həddi (limit), yaşayış ərazisi, istehsalat sahəsinin ərazisi, inzibati ərazi);

3.4.2. yataqxanalar, klublar (hər birinin tutumu göstərilməklə, sahəsi, əsas və ehtiyat çıxışlar);

3.4.3. cərimə təcridxanası (kameraların sayı, tutumu və sahəsi göstərilməklə);

3.4.4. nəzarət-iz zolağının perimetr boyu uzunluğu, mühafizə xətti üzrə postların və keşikçi qüllələrinin sayı;

3.4.5. penitensiar müəssisənin və mühafizə bölüyünün şəxsi heyətinin ştat vahidi (orta və kiçik rəis heyəti ayrı-ayrılıqda göstərilməklə);

3.4.6. penitensiar müəssisənin balansında olan xüsusi vasitələr, mühafizəyə cəlb olunan xidməti itlər;

3.4.7. yanğın zamanı istifadə olunacaq su ehtiyatı (su hovuzunun harada yerləşdiyi və tutumu göstərilməklə), yanğınsöndürən avtomobil;

3.4.8. hava hücumundan qorunma sığınacağı (ərazi göstərilməklə);

3.4.9. həbs edilmiş şəxslərin, məhkumların, sənədlərin və digər maddi əşyaların təxliyəsi üçün nəzərdə tutulmuş ərazi;

3.4.10. baş vermiş hadisədən asılı olaraq qüvvə və vasitələrin yerləşdirilməsi və hərəkət qaydası;

3.4.11. qüvvələr arasında əlaqə vasitəsi və qaydası, çağırış siqnalları;

3.4.12. həbs edilmiş şəxslər və məhkumlar üzərində gücləndirilmiş nəzarət, onların təxliyə yolları.

3.5. Plana penitensiar müəssisənin (ərazidə yerləşən obyektlər, ehtiyat çıxışlar barədə ətraflı məlumatlar göstərilməklə) və şəxsi heyətin həyəcan siqnalı üzrə toplantı sxemləri əlavə olunur.

3.6. Penitensiar xidmətin bütün struktur qurumlarında ilkin mülki müdafiə tədbirlərinin planlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydası”na uyğun olaraq fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət və real imkanlar nəzərə alınmaqla əhalinin mühafizəsinin təşkili, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinin təminatı, eləcə də belə şəraitdə idarəetmənin təşkili (idarəetmə məntəqələrindən və rabitə kanallarından istifadə olunması, xəbərdarlıq siqnallarının verilməsi qaydası və s.) barədə əsas göstərişlərin öz əksini tapdığı Mülki müdafiə planı hazırlanır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yaxud onun yerli təşkilatları ilə razılaşdırılır.

4.1. Penitensiar müəssisədə vəziyyət kütləvi iğtişaş və itaətsizlik, müəssisə əməkdaşlarına hücum, girov götürülməsi, məhkum və həbs edilmiş şəxsin müəssisədən qaçması, yanğın, təbii fəlakət və digər hadisələrlə əlaqədar mürəkkəbləşə bilər.

4.2. Penitensiar müəssisənin əməkdaşları yaranmış mürəkkəb vəziyyətdən məhkum və həbs edilmiş şəxslərin sui-istifadə etmələrinə yol verməmək üçün tədbirlər görürlər.

4.3. Həbs edilmiş şəxslər və məhkumlar üzərində gücləndirilmiş nəzarət aşağıdakı hallarda tətbiq edilir:

4.3.1. qrup halında itaətsizlik, kütləvi iğtişaş, girov götürülmə;

4.3.2. həbs edilmiş şəxslər və məhkumlar qrup şəklində qaçmağa hazırlaşdıqda və ya qaçdıqda, əməkdaşlara, qarovula və ya digər şəxslərə hücum barədə məlumatlar daxil olduqda;

4.3.3. penitensiar müəssisədə və ya müəssisəyə yaxın ərazidə vəziyyətin kəskin mürəkkəbləşməsinə gətirib çıxaran yanğın, partlayış, qəza, təbii fəlakət, qrup halında ictimai qaydanın pozulması halları baş verdikdə.

4.4. Gücləndirilmiş nəzarətin aparılması qaydası həbs edilmiş şəxslər və məhkumlar üzərində nəzarət planlarına uyğun olmalıdır.

4.5. Gücləndirilmiş nəzarət zamanı aşağıdakı hərəkətlər həyata keçirilir:

4.5.1. növbətçi xidmətin heyətində əməkdaşların sayı artırılır;

4.5.2. profilaktik qeydiyyatda olan, cinayət törətməyə, cəzanın icrası qaydalarını qərəzli pozmağa, qaçmağa meylli olan şəxslərlə əməliyyat-profilaktik iş fəallaşdırılır;

4.5.3. yataqxanalarda, istehsalat sahələrində, yeraltı kommunikasiyalarda, cərimə təcridxanasında, habelə nəzarət-iz zolağına yaxın ərazidə yerləşən tikililərdə axtarış-baxış tədbirləri keçirilir;

4.5.4. fövqəladə hallarda şəxsi heyətin hazırlıq vəziyyəti dəqiqləşdirilir;

4.5.5. şəxsi heyətin sayıqlığını artırmaq üçün tədbirlər həyata keçirilir;

4.5.6. fasiləsiz olaraq şəraiti müşahidə etmək, onun dəyişməsinə dərhal reaksiya verilir;

4.5.7. penitensiar müəssisənin ətrafında patrul qruplarının xidməti gücləndirilir;

4.5.8. yanğın təhlükəsizliyi vasitələrinin mövcudluğunu və vəziyyəti yoxlanılır, yanğın mühafizə komandaları yüksək hazırlıq vəziyyətinə gətirilir;

4.5.9. penitensiar müəssisənin şöbə və bölmələrinin, habelə növbətçi xidmətin fəaliyyətinə nəzarət gücləndirilir.

4.6. Vəziyyətin mürəkkəbləşməsinin qarşısının alınması və ya aradan qaldırılmasına əlavə şəxsi heyətin cəlb edilməsinə ehtiyac yarandıqda Penitensiar xidmət rəisinin göstərişi əsasında Mühafizə alayının, digər struktur qurumların əməkdaşları ehtiyat qüvvə kimi penitensiar müəssisələrdə nəzarətin gücləndirilməsinə və əməkdaşlara köməklik göstərilməsinə cəlb oluna bilərlər.

4.7. Fövqəladə hallarda müəssisə əməkdaşlarının hərəkətləri Plan ilə müəyyən olunur.

5.1. Penitensiar müəssisənin əməkdaşları həbs edilmiş şəxsin və ya məhkumun mühafizə olunan ərazidən qaçması barədə məlumat aldıqda və ya qaçmanın izlərini aşkar etdikdə (nəzarət iz zolağında qaçma izləri, hasarda dağıntı, lağım, yoxlamada məhkumun iştirak etməməsi), dərhal müəssisə rəisinin növbətçi köməkçisinə (bundan sonra – rəisin növbətçi köməkçisi) və qarovul rəisinə bu barədə məlumat verir. Rəisin növbətçi köməkçisi hadisə barədə penitensiar müəssisənin rəisinə məruzə edir, bölük komandirinə məlumat verir, Plana uyğun olaraq əməkdaşların hərəkətlərini təşkil edir, həbs edilmiş şəxslərin və ya məhkumların ümumi sayını şəxsən yoxlayır.

5.2. Böyük nəzarətçi qaçan həbs edilmiş şəxsin və ya məhkumun şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görür, sorğu-sual aparır, şəxsiyyəti müəyyən edildikdən sonra onun yataq, iş yerlərində axtarış və şəxsi əşyalarına baxış keçirir, bütün yazışmalarını götürür, görüşlərin qeydiyyat vərəqinə əsasən onun nə vaxt və kimlərlə görüşdə olduğunu, kimdən sovqat aldığını dəqiqləşdirir, toplanmış məlumatları, götürülmüş şəxsi əşyaları, məktubları dərhal əməliyyat hissəsinə verir. Sonra isə rəisin növbətçi köməkçisinin göstərişinə əsasən hərəkət edir.

5.3. Həbs edilmiş şəxsin və ya məhkumun yerində olmaması faktı müəyyən edildikdə və qaçmanın heç bir izi olmadıqda, nəzarətçilər növbəsi gizlənmək üçün münasib olan bütün yerləri, yeraltı tikili və kommunikasiyaları diqqətlə yoxlayır.

5.4. Nəzarətçi həbs edilmiş şəxsin və ya məhkumun cərimə (intizam) təcridxanasından, birnəfərlik kameradan, kamera tipli otaqdan qaçması haqqında dərhal böyük nəzarətçiyə və rəisi növbətçi köməkçisinə məruzə edib qaçanın şəxsiyyətini müəyyənləşdirir.

5.5. Rəisin növbətçi köməkçisi:

5.5.1. mühafizə bölüyünün komandirinə bölüyün şəxsi heyətinin qaçanların axtarışına cəlb edilməsi məqsədi ilə hadisə barədə məlumat verir;

5.5.2. hadisə barədə penitensiar müəssisə rəisinə, onun müavinlərinə məruzə edir, müəssisənin əməliyyat xidmətinin rəisinə, müəssisənin yerləşdiyi ərazi polis orqanına, Ədliyyə Nazirliyi və Penitensiar xidmətin növbətçi hissələrinə məlumat verir;

5.5.3. çağırış sxeminə uyğun olaraq əməkdaşların həyəcan siqnalı ilə müəssisəyə çağırışını təmin edir;

5.5.4. ərazinin və qaçış izlərinin mühafizəsini təşkil edir;

5.5.5. qaçmış şəxsin şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə həbs edilmiş şəxsləri və məhkumları kartoçka ilə yoxlayır;

5.5.6. qaçmış şəxsin şəxsiyyəti müəyyən edildikdə onun şəxsi işi üzrə müəyyənləşdirici məlumatların hazırlanmasına göstəriş verir, onun yataq və iş yerinin diqqətlə yoxlanmasını, şəxsi əşyalarının və yazışmalarının götürülməsini, onu tanıyan həbs edilmiş şəxslərlə və məhkumlarla sorğuların keçirilməsini təşkil edir;

5.5.7. həbs edilmiş şəxsin və ya məhkumun sonuncu dəfə kiminlə görüşdə olduğunu, kimdən sovqat, bağlama və banderol aldığını və digər əlaqələrini müəyyən edir;

5.5.8. nəzarət-iz zolağında görünən izlər olmadıqda gizlənməsi mümkün olan yerlərdə, bina, yeraltı qurğu və kommunikasiyalarda müfəssəl axtarış keçirir;

5.5.9. penitensiar müəssisənin ərazisindən hansı nəqliyyat vasitələrinin nə vaxt və hara getdiyini müəyyən edir, qaçmış şəxslə birlikdə işləyən şəxsləri sorğu edir;

5.5.10. penitensiar müəssisənin rəisi və onun müavinləri gəldikdə həyata keçirilmiş tədbirlər barədə məruzə edir və onların göstərişinə uyğun hərəkət edir.

5.6. Penitensiar müəssisə rəisi Plana uyğun şəkildə, təlimatların tələbləri nəzərə alınmaqla qaçmış şəxsin axtarışını təşkil edir.

6.1.1. qrup halında itaətsizlik və ya xuliqanlıq hərəkətləri baş verdikdə, hadisə barədə rəisin növbətçi köməkçisinə məlumat verir, qanunsuz hərəkətlərin ilkin mərhələdə qarşısını almaq, digər həbs edilmiş şəxslərin və ya məhkumların onlara qoşulmasına, hadisənin inkişaf edərək kütləvi iğtişaşa və itaətsizliyə çevrilməsinə imkan verməmək üçün tədbirlər görür, həbs edilmiş şəxslərdən və ya məhkumlardan müəyyən edilmiş qaydalara və müəssisə rəhbərliyinin göstərişlərinə əməl etmələrini tələb edirlər;

6.1.2. məhkum və həbs edilmiş şəxslərin dağılmasına, itaətsizlik (xuliqanlıq hərəkətləri) edənlərin arasından təşkilatçıların və fəalların çıxarılmasına yönələn tədbirlər görürlər;

6.1.3. penitensiar müəssisə rəhbərliyinin göstərişlərini yerinə yetirirlər.

6.2. Rəisin növbətçi köməkçisi:

6.2.1. hadisə barədə dərhal penitensiar müəssisə rəisinə və onun müavinlərinə məruzə edir, mühafizə bölüyünün komandirinə məlumat verir, çağırış sxeminə uyğun olaraq müəssisənin şəxsi heyətini həyəcan siqnalı ilə çağırır və şəxsən itaətsizliyin qarşısının alınması üçün tədbirlər görür;

6.2.2. penitensiar müəssisənin yerləşdiyi ərazi polis orqanına, Ədliyyə Nazirliyi və Penitensiar xidmətin növbətçi hissələrinə hadisə barədə məlumat verir;

6.2.3. penitensiar müəssisənin ərazisində xidmətdə olan bütün əməkdaşları cəlb etməklə həbs edilmiş şəxslərin və ya məhkumların hərəkətlərinə nəzarəti gücləndirir;

6.2.4. məhkum və həbs edilmiş şəxslərin yaşayış, istehsalat zonaları və təcrid edilmiş ərazilər arasında hərəkətini dayandırır;

6.2.5. əgər itaətsizlik təcrid edilmiş ərazinin birində baş vermişdirsə, münaqişənin lokallaşdırılması üçün tədbirlər görür;

6.2.6. nəqliyyat vasitələrinə, yanğın təhlükəsizliyinə nəzarəti təmin edir, zəruri olan obyektlərin elektrik enerjisini söndürür;

6.2.7. hadisə yerində şəraiti qiymətləndirir, onu mürəkkəbləşdirən səbəb və şəraiti aradan qaldırmaq, imkan daxilində həbs edilmiş şəxslərin və məhkumların qanuni tələblərini yerinə yetirmək üçün tədbirlər görür;

6.2.8. həbs edilmiş şəxslərə və ya məhkumlara yataqxanalara (kameralara) qayıtmaları üçün müraciət edir, penitensiar müəssisə rəisi gələnədək onlarla izahat işi aparır;

6.2.9. tələblərə tabe olmayanlara hadisənin təfərrüatlarını müəyyən etmək üçün əməkdaşların müşayiəti ilə inzibati binaya getməyi təklif edir;

6.2.10. işçi heyətin, həbs edilmiş şəxslərin, məhkumların və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür;

6.2.11. cərimə təcridxanasına, inzibati binaya, yeməkxanaya, tibbi-sanitariya hissəsinə və digər maddi qiymətli əşyalar olan obyektlərin girişlərinə əməkdaşlardan, habelə müsbət xarakterizə olunan məhkumlardan ibarət növbətçilik təyin edir;

6.2.12. şərait qəflətən mürəkkəbləşərsə xidməti sənədlərin qorunması, zərurət yarandıqda isə mühafizə olunan yerə (məsələn qarovul xidmətinə) təxliyəsi üçün tədbirlər görür;

6.2.13. yanğınsöndürmə komandasının döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verir;

6.2.14. zərərçəkmişlərə tibbi yardımın göstərilməsini təşkil edir;

6.2.15. penitensiar müəssisə rəisi və onun müavinləri gəldikdə həyata keçirilmiş tədbirlər barədə məruzə edir və onların göstərişinə uyğun hərəkət edir.

6.3. Mühafizə bölüyünün komandiri obyektin mühafizəsini gücləndirir, həbs edilmiş şəxslərin və ya məhkumların müəssisədən qaçmalarının, cərimə təcridxanası və kamera tipli otaqların yerləşdiyi əraziyə keçmələrinin qarşısını almaq üçün bütün tədbirləri görür.

6.4. Penitensiar müəssisənin rəisi:

6.4.1. şəraiti qiymətləndirir, hadisə barədə Penitensiar xidmət rəhbərliyinə məruzə edir;

6.4.2. Plana uyğun olaraq mövcud olan bütün qüvvə və vasitələrin, eləcə də xüsusi vasitələrlə təchiz edilmiş əməkdaşların, xidməti itlərlə birlikdə təlimatçıların, yanğınsöndürmə avtomobilinin və digər texnikanın hazır vəziyyətə gətirilməsinə dair göstəriş verir;

6.4.3. digər həbs edilmiş şəxslərin və ya məhkumların itaətsizlik edənlərə qoşulmaması, hadisənin inkişaf edərək kütləvi iğtişaşa və itaətsizliyə çevrilməməsi üçün tədbirlər görür, həbs edilmiş şəxslərə və ya məhkumlara müraciət edərək (radio və ya digər üsullarla), onlardan qanunazidd hərəkətlərə son qoymağı, müəyyən edilmiş qaydalara və müəssisə rəhbərliyinin göstərişlərinə əməl etmələrini tələb edir.

6.4.4. əməkdaşların və mühafizə bölüyünün şəxsi heyətinin qüvvəsi ilə itaətsizlik baş verən sahəni təcrid edir;

6.4.5. itaətsizlik edənlər tələblərə məhəl qoymayaraq qanunazidd hərəkətlərini davam etdirirlərsə, belə əməllərin qarşısını almaq üçün mühafizə bölüyünün şəxsi heyətini və əməkdaşları silahsız hadisə yerinə cəlb edərək qətiyyətli tədbirlər görür, qrup rəhbərlərinə şəxsən tapşırıqlar verir və onların hərəkətlərinə rəhbərlik edir.

6.4.6. vəziyyət və həyata keçirilən tədbirlər barədə mütəmadi olaraq Penitensiar xidmət rəhbərliyinə məruzə edir.

6.5. Həbs edilmiş şəxslərin və ya məhkumların itaətsizliyinin qarşısının alınması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

6.6. Həyata keçirilmiş tədbirlər nəticə verməzsə və həbs edilmiş şəxslərin və ya məhkumların hərəkətləri kütləvi iğtişaşa çevrilərsə, Penitensiar xidmət rəhbərliyinin göstərişi ilə xüsusi əməliyyat keçirilir.

7.1. Penitensiar müəssisədə təbii və texnogen xarakterli hadisələr (yanğın, partlayış, zəlzələ, sel və s.) baş verdikdə əməkdaşlar sayıqlığı itirməməli və vəziyyətin kəskinliyinə uyğun olaraq hərəkət etməlidirlər.

7.2. Yanğın baş verdikdə əməkdaşlar:

7.2.1. dərhal rəisin növbətçi köməkçisinə, yanğından mühafizə dəstəsinə xəbər verir, yanğının mövcud qüvvə və vasitələrlə söndürülməsi üçün tədbirlər görürlər. Yanğının söndürülməsinə məhkumlardan ibarət könüllü yanğınsöndürmə dəstələri də cəlb olunurlar;

7.2.2. qaçma və digər cinayət hadisələrinin qarşısını almaq məqsədilə həbs edilmiş şəxslərin və məhkumların hərəkətlərini izləyir, onların təhlükəsizliyini təmin edirlər;

7.2.3. yanğının yayılması həbs edilmiş şəxslərin və ya məhkumların həyatını təhlükə qarşısında qoyduqda, onların təhlükəsiz yerə çıxarılması üçün tədbirlər görülür.

7.3. Yanğın baş verdikdə rəisin növbətçi köməkçisi:

7.3.1. Fövqəladə Hallar Nazirliliyinin ərazi yanğından mühafizə xidmətini çağırır, müəssisənin yanğınsöndürmə komandasını hazır vəziyyətə gətirir;

7.3.2. mühafizənin gücləndirilməsi məqsədi ilə qarovul rəisinə məlumat verir və əlavə qüvvələr çağırır;

7.3.3. penitensiar müəssisə rəisinə və ya onu əvəz edən şəxsə hadisə barədə məruzə edir;

7.3.4. yanğınsöndürmə planına uyğun olaraq bütün şəxsi heyəti və məhkumlardan ibarət könüllü yanğınsöndürmə dəstələrini cəlb edərək yanğının söndürülməsini təşkil edir.

7.3.5. həyəcan siqnalı üzrə çağırış sxeminə uyğun olaraq əməkdaşları xidmət yerinə çağırır;

7.3.6. insanların həyatı üçün təhlükə olduqda mövcud qüvvə və vasitələrlə onların təxliyəsini təşkil edir;

7.3.7. şəraitin qiymətləndirilməsi və qərarların qəbul edilməsi məqsədi ilə aşağıdakıları müəyyən edir:

7.3.7.1. yanğın ərazisində insanların mövcudluğunu;

7.3.7.2. yanğının yerini və əhatə dairəsini, nəyin yandığını, yanğının hərəkət istiqamətini;

7.3.7.3. partlayış, zəhərlənmə, tikili və qurğuların uçması təhlükəsini, yanğın ərazisində yanar maddələrin, habelə yüksək gərginlikdə işləyən elektrik qurğularının və şəbəkələrinin mövcudluğunu;

7.3.7.4. əmlakın, materialların, sənədlərin oddan, tüstüdən və sudan qorunması, onların təxliyəsi zərurətini.

7.3.8. zərurət yarandıqda elektrik enerjisinin söndürülməsini (mühafizə olunan obyektin perimetrinin işıqlandırılması istisna olmaqla), nəqliyyat vasitələrinin, istehsalat qurğularının, havalandırma sisteminin, xammal, qaz və digər yanğın təhlükəli kommunikasiyaların dayandırılmasını təmin edir və yanğının yayılmasının qarşısını alan digər tədbirləri təşkil edir, qaz-qəza, tibbi və digər xidmətləri çağırır;

7.3.9. həbs edilmiş şəxslərin və ya məhkumların davranışına nəzarətin gücləndirilməsini təmin edir, zərurət yarandıqda könüllü yanğınsöndürmə dəstələrinin üzvlərindən ibarət ticarət köşkünün, ərzaq anbarının, maddi qiymətli əşyalar, o cümlədən yanğın zamanı çıxarılmış əşya və sənədlərin yaxınlığına postlar təyin edir;

7.3.10. yanğınsöndürmə avtotexnikasının maneəsiz mühafizə olunan obyektə daxil olmasını, müəssisədaxili yolları, su hovuzuna keçidləri yaxşı tanıyan əməkdaşlar tərəfindən müşayiət olunmasını təşkil edir;

7.3.11. yanğınsöndürmə xidmətinin əməkdaşlarına yanğının yeri, onun aradan qaldırılması üçün işlər, habelə tikililərdə olan şəxslərin sayı barədə məlumat verir, yanğınsöndürənlərə lazımi köməkliyi təşkil edir;

7.3.12. yanğınsöndürmə briqadasının texnikasının və avadanlıqlarının mühafizəsi üçün əlavə post təyin edir.

7.4. Təbii fəlakət zamanı həbs edilmiş şəxslərin və ya məhkumların, xüsusilə qaçmağa meylli şəxslərin davranışlarına nəzarət gücləndirilir, rejim qaydalarının gözlənilməsi və əmlakın xilas edilməsi üçün tədbirlər görülür. Qaydalara riayət olunmağa və əmlakın xilas edilməsinə məhkumların özfəaliyyət təşkilatlarının üzvləri cəlb edilə bilər. Müdiriyyətin və növbətçi xidmətin nümayəndələri hər bir yaşayış binasına təhkim olunur və rəisin növbətçi köməkçisinin, müəssisə rəisinin və onun müavinlərinin göstərişlərinə uyğun olaraq orada olan həbs edilmiş şəxslərin və ya məhkumların davranışına nəzarət həyata keçirilir.

7.5. Təbii fəlakətlərin müntəzəm baş verdiyi rayonlarda yerləşən cəzaçəkmə müəssisələrində əvvəlcədən fəlakət zamanı nəzarətin gücləndirilməsi, məhkumların təhlükəsiz yerlərə çıxarılması üzrə tədbirlər planı hazırlanır.

8.1. Girov götürülmə barədə məlumat daxil olduqda rəisin növbətçi köməkçisi:

8.1.1. girov götürmənin qarşısının alınması məqsədi ilə növbətçi qrupun heyətini hadisə yerinə göndərir, sonra müəssisə rəisinə, Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin növbətçi hissələrinə məruzə edir, qarovul rəisinə məlumat verir;

8.1.2. əməkdaşların həyəcan siqnalı sxemi üzrə çağırışını təşkil edir;

8.1.3. mövcud qüvvələrlə hadisə yerini lokallaşdırır, cinayətkarların sayının, silahlanmasının müəyyən edilməsi məqsədi ilə onların davranışlarına nəzarəti təşkil edir;

8.1.4. şəraiti müəyyən etdikdən sonra, cinayətkarlarla danışıq aparır, onların tələblərini dəqiqləşdirir, qanuni tələblərinin yerinə yetirilməsi məqsədilə tədbirlər görür və qanunazidd hərəkətləri dayandırmağı tələb edir;

8.1.5. görülmüş tədbirlər müsbət nəticə verməzsə, danışıqları davam etdirir, eyni zamanda tutma qrupunu hazırlayır, cinayətkarların daha rahat zərərsizləşdirilməsi üçün onların gizlənmə yerlərini müəyyən edir;

8.1.6. cinayətkarları su şırnağı ilə girovlardan aralamaq zərurəti yaranarsa, hadisə yerinə yanğınsöndürmə avtomobilinin gətirilməsi barədə göstəriş verir;

8.1.7. penitensiar müəssisə müdiriyyəti gəldikdə, vəziyyəti məruzə edir və onların göstərişi ilə hərəkət edir.

8.2. Penitensiar müəssisə rəisi şəraiti qiymətləndirərək:

8.2.1. hadisə barədə Penitensiar xidmət rəisinə məruzə edir, aidiyyəti prokurora məlumat verir;

8.2.2. girov götürənlərlə təmkinlə, soyuqqanlılıqla və səbirlə danışıq aparır. Onları dinləyir, tələb və şərtlərini aydınlaşdırır, qanuni tələblərinin yerinə yetirilməsi məqsədi ilə tədbirlər görür;

8.2.3. girov götürənlərə qanunazidd hərəkətlərinin məsuliyyəti və nəticələrini izah edir, cinayətkar niyyətlərindən imtinanın məqsədəuyğun olduğuna onları inandırmağa çalışır;

8.2.4. girov götürənlərdə silahın olub-olmamasını dəqiqləşdirir;

8.2.5. Qərargahın üzvləri ilə girovların azad edilməsi variantlarını müəyyən edir;

8.2.6. girovların azad edilməsi əməliyyatı zamanı əməkdaşların hərəkətlərinə rəhbərlik edir.

9.1. Həbs edilmiş şəxslərin və ya məhkumların kütləvi zəhərlənməsi və ya epidemiya barədə məlumat daxil olduqda rəisin növbətçi köməkçisi:

9.1.1. hadisə barədə penitensiar müəssisə rəisinə və onun müavinlərinə məruzə edir, Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin növbətçi hissələrinə məlumat verir;

9.1.2. həyəcan siqnalı üzrə tibb işçilərini, əməliyyat xidməti əməkdaşlarını çağırır və köməkçisi ilə hadisə yerinə gedir;

9.1.3. ilkin olaraq zəhərlənməyə və ya epidemiyaya səbəb ola bilən ərzaq və digər əşyaların götürülməsini, hadisə yerinin mühafizəsini təmin edir;

9.1.4. zəhərlənmə yeməkxanada baş vermişsə yemək qəbulunu dayandırır və bütün məhkum və həbs edilmiş şəxsləri yeməkxanadan çıxarır;

9.1.5. yemək qəbul etmiş həbs edilmiş şəxslərin və məhkumların siyahısını dəqiqləşdirir;

9.1.6. zərərçəkmişlərin tibbi müayinəsini, zərurət yarandıqda onların tibbi-sanitariya hissəsinə müşayiət edilməsini təşkil edir;

9.1.7. vəziyyətin mürəkkəbləşdiyi halda şəxsi heyətin çağırılmasını elan edir;

9.1.8. penitensiar müəssisə rəisi və onun müavinləri gəldikdə vəziyyət və həyata keçirilmiş tədbirlər barədə məruzə edir və onların göstərişlərinə uyğun hərəkət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver