Qanunvericilik › “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin və “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 03.11.2022) › Tam mətn

“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin və “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 03.11.2022)

“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin və “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 03.11.2022) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci və 18.2-ci maddələrinə əsasən qərara alıram:

1. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).

2. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 noyabr 2022-ci il

1.1. Bu Əsasnamə “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17.1-ci maddəsinə əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə müvəqqəti xüsusi idarəetmə orqanının (bundan sonra – müvəqqəti xüsusi idarəetmə orqanı) fəaliyyətinin əsaslarını müəyyən edir.

1.2. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə həmin ərazinin yerli icra hakimiyyəti orqanları öz funksiyalarını lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən müddətə yaradılan xüsusi idarəetmə orqanıdır.

1.3. Müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

1.4. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir.

1.5. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

2.1. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;

2.1.2. yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərini həyata keçirmək;

2.1.3. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə ümumi rəhbərliyi həyata keçirmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvəqqəti xüsusi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;

3.1.2. fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;

3.1.3. yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

3.1.4. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətinə nəzarət etmək;

3.1.5. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

3.1.6. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;

3.1.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;

3.1.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün müvəqqəti xüsusi idarəetmə orqanının aşağıdakı hüquqları vardır:

4.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar həyata keçiriləcək tədbirlərə və bu sahədə fəaliyyətin təşkilinə dair təkliflər hazırlamaq;

4.1.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq fövqəladə vəziyyət rejiminin təmin olunmasına dair icrası məcburi olan əmr və sərəncamlar vermək, vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlamaq;

4.1.3. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), yerli özünüidarə orqanlarına, bütün hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğular göndərmək, onlardan cavablar, habelə görülən işlər barədə arayışlar və məlumatlar almaq;

4.1.4. səlahiyyətinə aid məsələlərlə bağlı rəy və təkliflər vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.5. fövqəladə vəziyyətin tətbiqinə səbəb olan halların aradan qaldırılması üzrə fəaliyyətə dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini qanunla müəyyən edilmiş hədlər çərçivəsində cəlb etmək;

4.1.6. Qanunla müəyyən olunmuş tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi ilə bağlı təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;

4.1.7. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5.1. Müvəqqəti xüsusi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şərait nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və (və ya) digər qurumların nümayəndələrindən ibarət tərkibdə yaradılır.

5.2. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantı müvəqqəti xüsusi idarəetmə orqanının rəhbərinə tabe olmaqla vəzifəsinə görə onun birinci müavini olur. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.4. Müvəqqəti xüsusi idarəetmə orqanının rəhbəri:

5.4.1. müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. müvəqqəti xüsusi idarəetmə orqanının strukturunu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən edir;

5.4.4. bu Əsasnamənin 5.1-ci bəndində nəzərdə tutulan şəxslərin müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görür;

5.4.5. müvəqqəti xüsusi idarəetmə orqanının strukturuna daxil olan bölmələrin iş bölgüsünü müəyyən edir;

5.4.6. müvəqqəti xüsusi idarəetmə orqanını təmsil edir;

5.4.7. Azərbaycan Respublikası Prezidentinin ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.

5.5. Müvəqqəti xüsusi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının ona həvalə olunmuş səlahiyyətlərinin həcmi nəzərə alınmaqla müəyyən edilir. Müvəqqəti xüsusi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.

6.1. Müvəqqəti xüsusi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir.

6.2. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanı yaradıldığı halda müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır.

6.3. Müvəqqəti xüsusi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar müvəqqəti xüsusi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.

1.1. Bu Əsasnamə “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 18.2-ci maddəsinə əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə mərkəzi idarəetmə orqanının (bundan sonra – mərkəzi idarəetmə orqanı) fəaliyyətinin əsaslarını müəyyən edir.

1.2. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işləri əlaqələndirməkdən ötrü, habelə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin müvəqqəti xüsusi idarəetmə orqanı öz funksiyalarını lazımınca yerinə yetirə bilmədiyi halda Azərbaycan Respublikasının Prezidenti tərəfindən fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan xüsusi idarəetmə orqanıdır.

1.3. Mərkəzi idarəetmə orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin aktlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

1.4. Mərkəzi idarəetmə orqanının yaradılması ilə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyət göstərən müvəqqəti xüsusi idarəetmə orqanı öz fəaliyyətini dayandırır. Həmçinin yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi də dayandırılır və onların funksiyaları mərkəzi idarəetmə orqanı tərəfindən həyata keçirilir.

1.5. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə, bu mümkün olmadıqda isə yaxın ərazidə yerləşir.

1.6. Mərkəzi idarəetmə orqanının fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

2.1. Mərkəzi idarəetmə orqanının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək və bu işləri əlaqələndirmək;

2.1.2. fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının funksiyalarını həyata keçirmək;

2.1.3. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyətini təşkil etmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, mərkəzi idarəetmə orqanı aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş halların aradan qaldırılması üçün tədbirlər görmək;

3.1.2. fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlərin və müvəqqəti məhdudiyyətlərin icrasına nəzarət etmək;

3.1.3. fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının vəzifələrini yerinə yetirmək;

3.1.4. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının işinə rəhbərlik etmək, o cümlədən onun səlahiyyətlərinin həyata keçirilməsinə nəzarət etmək;

3.1.5. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması işlərinə cəlb olunmuş dövlət orqanlarının (qurumlarının), həmçinin hüquqi və fiziki şəxslərin fəaliyyətinin əlaqələndirilməsini həyata keçirmək;

3.1.6. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə dövlət mühafizəsi altında olan obyektlərin və həyat əhəmiyyətli infrastrukturun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirləri planlaşdırmaq və həyata keçirmək;

3.1.7. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq səlahiyyətlər verildiyi halda, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yerləşən həyat təminatı obyektlərinə, sosial sahəyə və mənzil fondu obyektlərinin bərpasına yönəldilən büdcə ayırmalarına müəyyən olunmuş qaydada sərəncam vermək;

3.1.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün mərkəzi idarəetmə orqanının aşağıdakı hüquqları vardır:

4.1.1. fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılması ilə əlaqədar həyata keçiriləcək tədbirlərə və bu sahədə fəaliyyətin təşkilinə dair təkliflər hazırlamaq;

4.1.2. fəaliyyət istiqamətlərinə uyğun olaraq fövqəladə vəziyyət rejiminin təmin olunmasına dair icrası məcburi olan əmr və sərəncamlar vermək, vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlamaq;

4.1.3. fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının hüquqlarını həyata keçirmək;

4.1.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), bütün hüquqi və fiziki şəxslərə zəruri məlumatlar barədə sorğular göndərmək, onlardan cavablar, habelə görülən işlər barədə arayışlar və məlumatlar almaq;

4.1.5. səlahiyyətinə aid məsələlərlə bağlı rəy və təkliflər vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

4.1.6. fövqəladə vəziyyətin tətbiqinə səbəb olan halların aradan qaldırılması üzrə fəaliyyətə dövlət orqanlarının (qurumlarının) və hüquqi şəxslərin mütəxəssislərini qanunla müəyyən edilmiş hədlər çərçivəsində cəlb etmək;

4.1.7. Qanunla müəyyən olunmuş tədbirlərin və müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi ilə bağlı təkliflərlə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;

4.1.8. Qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5.1. Mərkəzi idarəetmə orqanı fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət tərkibdə yaradılır.

5.2. Mərkəzi idarəetmə orqanının rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur. Mərkəzi idarəetmə orqanının rəhbəri ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığı mərkəzi idarəetmə orqanının struktur tərkibinin bir hissəsi olur və həmin ərazinin komendantı vəzifəsinə görə mərkəzi idarəetmə orqanı rəhbərinin birinci müavini sayılır. Digər müavinlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla mərkəzi idarəetmə orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

5.4. Mərkəzi idarəetmə orqanının rəhbəri:

5.4.1. mərkəzi idarəetmə orqanının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.4.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.4.3. mərkəzi idarəetmə orqanının strukturunu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən edir;

5.4.4. bu Əsasnamənin 5.1-ci bəndində nəzərdə tutulan şəxslərin mərkəzi idarəetmə orqanının fəaliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görür;

5.4.5. mərkəzi idarəetmə orqanının strukturuna daxil olan bölmələrin iş bölgüsünü müəyyən edir;

5.4.6. mərkəzi idarəetmə orqanını təmsil edir;

5.4.7. Azərbaycan Respublikası Prezidentinin ona həvalə etdiyi digər səlahiyyətləri həyata keçirir.

5.5. Mərkəzi idarəetmə orqanının strukturu və bu orqanın fəaliyyətinə cəlb olunan şəxslərin say həddi fövqəladə vəziyyətin tətbiq edilmə səbəbi və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə fəaliyyəti dayandırılmış yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının səlahiyyətləri nəzərə alınmaqla, müəyyən edilir. Mərkəzi idarəetmə orqanının fəaliyyətinə cəlb olunan şəxsin əsas iş yeri və orta əmək haqqı saxlanılır.

6.1. Mərkəzi idarəetmə orqanı Azərbaycan Respublikası Prezidentinin fövqəladə vəziyyət rejimi çərçivəsində müəyyən etdiyi müddətdə fəaliyyət göstərir.

6.2. Mərkəzi idarəetmə orqanı ləğv edildikdən sonra onun fəaliyyəti ərzində hazırlanmış, əldə olunmuş sənədlər və məlumatlar mərkəzi idarəetmə orqanı rəhbərinin təmsil etdiyi dövlət orqanında saxlanılır.

7 may 2024-cü il tarixli 59 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 7 may 2024-cü il, “Xalq” qəzeti, 8 may 2024-cü il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 511)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver