1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemi;
1.0.2. gənclər – yaşı 14-dən 29-dək olan şəxslər;
1.0.3. gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;
1.0.4. istedadlı gənclər – təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclər;
1.0.6. sosial müdafiəyə ehtiyacı olan gənclər – valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək olan, əlilliyi olan, iş yeri və (və ya) qazancı olmayan və məcburi köçkün gənclər;
1.0.7. risk qrupunda olan gənclər – cəzaçəkmə müəssisələrindən azad edilən, zorakılığa məruz qalan, insan alverinin qurbanı olan, məcburi əməyə cəlb edilən, dini ekstremist və terror təşkilatları ilə əlaqədə olan, spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadə edən, habelə İİV/QİÇS-ə və digər təhlükəli xəstəliklərə yoluxmuş gənclər;
1.0.8. gənc alim və tədqiqatçı – yaşı 35-dən çox olmayan alim və tədqiqatçı;
1.0.9. tələbə özünüidarəetməsi – təhsil, elm, sosial, mədəni və peşə hazırlığı sahələrində tələbələrin fərdi inkişafı, asudə vaxtının təşkili istiqamətində onların ictimai fəaliyyəti.
1.0.10. gənclərin könüllü fəaliyyəti – gənclərin “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyəti.