Qanunvericilik › “Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.06.2012) › Tam mətn

“Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.06.2012)

“Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 20.06.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 20 iyun 2012-ci il

1.1. Bu Əsasnamə gənclərin kadr potensialı barəsində məlumat bankının (bundan sonra - Məlumat Bankı) yaradılması, formalaşdırılması mexanizmini, zənginləşdirilməsi, idarə olunması və ondan istifadə qaydalarını müəyyən edir.

1.2. Məlumat Bankı - öz ixtisas bilikləri və işgüzar bacarıqları, inkişaf potensialı və işlədikləri sahədə (tutduqları vəzifədə) əldə etdikləri nəticələrə görə qanunvericiliklə müəyyən edilmiş qaydada daha yüksək vəzifəyə təyin edilə biləcək peşəkar və perspektivli mütəxəssislər barəsində dolğun məlumat toplusudur.

1.3. Məlumat Bankı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra - Məlumat Bankının administratoru) tərəfindən xüsusi proqram təminatı vasitəsilə elektron formada yaradılır və idarə olunur.

1.4. Məlumat Bankına daxil edilmək üçün namizədlər barəsində məlumatlar dövlət orqanları tərəfindən təqdim edilir. İri vergi ödəyicisi olan dövlət müəssisələri də bu Əsasnamə ilə müəyyən edilmiş qaydada Məlumat Bankına qoşula bilərlər.

1.5. Bu Əsasnamədə istifadə edilmiş anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.5.1. akkreditasiya olunmuş şəxslər - Məlumat Bankına məlumatları daxil edən şəxslər;

1.5.2. məlumat tədarükçüləri - akkreditasiya olunmuş şəxslər vasitəsilə Məlumat Bankına lazımi informasiyanın ötürülməsini təmin edən şəxslər;

1.5.3. məlumat istifadəçiləri - Məlumat Bankından istifadə etmək hüququ olan şəxslər;

1.5.4. Məlumat Bankının namizədi - Məlumat Bankının bazasına daxil edilməsi üçün namizədliyi təqdim edilmiş şəxs;

1.5.5. Məlumat Bankının rezidenti - haqqında Məlumat Bankının bazasına məlumatlar daxil edilmiş şəxs;

1.5.6. Məlumat Bankının aktiv siyahısı - rezidentlər barədə istifadə üçün mümkün olan arxivləşdirilməmiş dolğun məlumatların toplusu.

2.1. Məlumat Bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir.

2.2. Məlumat Bankından dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr siyahısının hazırlanmasında istifadə edilir.

3.1. Məlumat Bankının formalaşdırılmasında bütün maraqlı dövlət orqanlarının, ictimai və digər təşkilatların, habelə təhsil və elm müəssisələrinin iştirakı təmin edilir.

3.2. Məlumat Bankının rezidenti ola biləcək namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

3.2.1. 29 yaş həddini keçməyən Azərbaycan Respublikasının vətəndaşı olan;

3.2.2. ali təhsili olan;

3.2.3. Azərbaycan Respublikasının dövlət dilini və azı iki xarici dili bilən;

3.2.4. ixtisası üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi olan;

3.2.5. yüksək təşəbbüskarlığı və iş qabiliyyəti olan;

3.2.6. dövlət siyasətini dərindən dərk edən və məsuliyyətli olan;

3.2.7. yüksək təhlil qabiliyyəti olan;

3.2.8. strateji planlaşdırma, yüksək icraçılıq, təşkilatçılıq və təqdimetmə sahəsində bilik və bacarığı olan;

3.2.9. yüksək fərdi hazırlıq səviyyəsi olan;

3.2.10. kollektivdə və komandada işləmək qabiliyyəti olan.

3.3. Namizədlərlə bağlı təkliflər ildə bir dəfə (hər ilin 15 iyul tarixinədək) Məlumat Bankının administratoruna təqdim edilir.

3.4. Təkliflər namizədlə bağlı təqdim olunan aşağıdakı sənədlərdə öz əksini tapmalıdır:

3.4.1. ərizə (Məlumat Bankının administratoru tərəfindən müəyyən edilmiş formada);

3.4.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;

3.4.3. ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti və "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış;

3.4.4. əlavə təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;

3.4.5. xarici dili bilmək haqqında müvafiq təsdiqedici sənədin notarial qaydada təsdiq edilmiş surəti;

3.4.6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti;

3.4.7. tərcümeyi-hal;

3.4.8. kadrlar uçotunun şəxsi vərəqi;

3.4.9. xasiyyətnamə əlavə olunmaqla, ən azı iki şəxs tərəfindən verilən zəmanət məktubları;

3.4.10. 3x4 ölçüdə 2 ədəd fotoşəkil;

3.4.11. fəaliyyət göstərdiyi müvafiq sahədə, iştirak etdiyi tədbirlərdə (beynəlxalq, ölkə və regional səviyyəsində təşkil olunmuş intellektual yarışlar, elmi konfranslar və sair) əldə etdiyi nailiyyətlərini əks etdirən digər sənədlərin surəti.

4.1. Məlumat Bankının idarə edilməsi ilə bağlı Məlumat Bankının administratoru tərəfindən aşağıdakı vəzifələr həyata keçirilir:

4.1.1. proqram təminatının yaradılmasına və proqramın işlək vəziyyətdə saxlanılmasına (fasiləsiz fəaliyyətinə) nəzarət edilməsi;

4.1.2. məlumatların daxil və istifadə edilməsi ilə bağlı təhlükəsizlik məsələlərinin həll edilməsi;

4.1.3. istifadəçilərin qoşulmasının, akkreditasiya olunmuş şəxslərin hazırlığının təmin edilməsi.

4.2. Namizədlərin seçimi və rezidentlərin Məlumat Bankına daxil edilməsi prosesinin təşkili məqsədi ilə Məlumat Bankının administratoru tərəfindən tərkibi sədri, sədrin müavini və yeddi nəfər üzvdən ibarət olmaqla Ekspert Şurası yaradılır.

4.3. Ekspert Şurasına dövlət orqanlarının vəzifəli şəxsləri və idarəetmə sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər daxil edilirlər.

4.4. Ekspert Şurası ictimai əsaslarla fəaliyyət göstərir.

4.5. Ekspert Şurasının funksiyaları aşağıdakılardan ibarətdir:

4.5.1. Məlumat Bankına daxil edilmək üçün verilmiş təkliflər əsasında 1 (bir) ay müddətində namizədlərin seçimini həyata keçirmək;

4.5.2. rezidentin Məlumat Bankına daxil edilməsi və oradan çıxarılması ilə bağlı qərar qəbul etmək, bu qərarların icrasına nəzarəti həyata keçirmək;

4.5.3. Məlumat Bankındakı məlumatlara əlavə və dəyişikliklər edilməsinə, siyahının hər il olmaq şərtilə yenilənməsinə nəzarət etmək.

4.6. Ekspert Şurası funksiyalarını həyata keçirmək məqsədi ilə iclaslar keçirir. Ekspert Şurasının iclasları:

4.6.1. ildə bir dəfədən az olmayaraq keçirilir;

4.6.2. Ekspert Şurasının sədrinin, sədr olmadıqda isə onun müavininin rəhbərliyi ilə keçirilir;

4.6.3. Ekspert Şurasının üzvlərinin üçdə ikisinin iştirakı ilə səlahiyyətli sayılır.

4.7. Ekspert Şurasının qərarları:

4.7.1. Ekspert Şurasının iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir;

4.7.2. yazılı qaydada rəsmiləşdirilir və Məlumat Bankının administratoru tərəfindən təsdiq edilir;

4.7.3. namizədlərin Məlumat Bankına daxil edilməsi üçün əsas hesab edilir.

5.1. Rezident haqqında məlumatların aktiv siyahıda saxlanılma müddəti onun 35 yaş dövrünə qədər müəyyənləşdirilir.

5.2. Rezident qanunvericiliklə müəyyən edilmiş qaydada vakant vəzifəyə təyin edildikdən sonra, onun haqqında məlumatlar yeni vəzifəsi daxil edilməklə təzələnir və aktiv siyahıda saxlanılır.

5.3. Rezident haqqında məlumatların siyahıda saxlanılma müddəti bitdikdə, bu məlumatlar Məlumat Bankının aktiv siyahısından çıxarılır və arxivləşdirilir.

5.4. Rezident haqqında məlumatlar aşağıdakı hallarda Məlumat Bankının aktiv siyahısından arxivləşdirilmədən çıxarılır:

5.4.1. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə;

5.4.2. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

5.4.3. vəfat etdikdə;

5.4.4. məhkəmə tərəfindən şəxs xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə.

6.1. Məlumat Bankı məlumat xarakteri daşıyan, vakant vəzifələrin qanunvericiliklə müəyyən edilmiş qaydada tutulması məqsədi ilə dövlət qurumları tərəfindən istifadə üçün açıq informasiya resursudur.

12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver