Azərbaycan Respublİkası Nazİrlər KABİNETİNİN QƏRARI
“Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri 17 oktyabr 1998-ci il
1. Bu Qaydalar Azərbaycan Respublikasının “Geodeziya və kartoqrafiya haqqında” Qanununa və digər qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının formalaşması, təşkili və aparılması qaydalarını müəyyən edir.
2. Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının tərkibi üç hissədən ibarətdir:
geodeziya material və məlumatlarının dövlət kadastrı;
topoqrafiya material və məlumatlarının dövlət kadastrı;
kartoqrafiya material və məlumatlarının dövlət kadastrı.
3. Geodeziya material və məlumatlarının dövlət kadastrı geodeziya istinad məntəqələrinin ölçüləri, materialı, hündürlüyü, dərinliyi, basdırıldığı ili, davamlılığı, dəqiqlik dərəcələri, sinfi təsnifatı, koordinatları və yüksəkliklərinin vahid təsnifatda və formada toplusudur.
3.1. Geodeziya materiallarına trianqulyasiya, astronomiya, qravimetriya, trilaterasiya, poliqonometriya məntəqələri, nivelir nişanları, markaları və reperləri daxildir.
3.2. Geodeziya məlumatlarına UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi), yüksəklik sistemləri və sair məlumatlar da daxildir;
Geodeziya material və məlumatlarının dövlət kadastrı topoqrafiya və kartoqrafiya material və məlumatlarının riyazi əsasının tərkib hissəsini təşkil edir.
3.3. Geodeziya məlumatlarının dövlət kadastrı aşağıdakı ardıcıllıqla aparılır:
yüksək dəqiqlikli trianqulyasiya, qravimetriya, astronomiya mərkəzlərinin, fundamental nivelir məntəqələri və nişanlarının kataloq və abrisləri 1:200000 miqyaslı nomenklaturlar üzrə müvafiq qriflərlə sistemləşdirilir;
3.4. Poliqonometriya, nivelir marka və reperləri, orta dəqiqlikli geodeziya məntəqələrinin kataloqları müvafiq qriflərlə 1:25000 miqyaslı nomenklaturlar üzrə sistemləşdirilir.
3.5. İxtisaslaşdırılmış müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən qurulmuş aşağı dəqiqlikli geodeziya məntəqələrinin kataloqları, onların öz tərəfindən 1:10000 miqyaslı nomenklaturada sistemləşdirilir. Həmin kataloqların bir nüsxəsi geodeziya xidmətinə göndərilir.
3.6. Geodeziya məlumatlarının dövlət kadastrı rəqəmli və izahlı formada, UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-də (beynəlxalq koordinat sistemində) aparılır və bu məlumatların sərbəst mübadiləsini təmin edir.
3.7. Geodeziya dövlət kadastrının məlumatlarının yeniləşməsi hər təqvim ili ərzində fasiləsiz və ardıcıl aparılır, bu halda müvafiq düzəlişlər edilir və qeydiyyat aparılır.
3.8. Geodeziya məlumatlarının vahid təsnifatda sistemləşdirilməsi, qruplaşdırılması, yeniləşdirilməsi və vahid formaya salınması qaydalarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK) təsdiq edir.
4. Topoqrafiya material və məlumatlarının dövlət kadastrı — yer səthində yerləşən mövcud obyektlərin planalma yolu ilə müstəvi üzərində kiçildilib miqyasa gətirilərək, qarşılıqlı vəziyyətini əks etdirən topoqrafik əsasların və planalma üsullarının vahid təsnifatda və formada sistemli toplusudur.
4.1. Topoqrafiya materiallarına plan və xəritələrin əsasları, çöl ölçmə və müşahidələrin jurnalları, deşifrə və uçuş şəkilləri, fotomateriallar, rəqəmli xəritələrin disketləri daxildir.
4.2. Topoqrafiya məlumatlarına yerüstü, aero və kosmosdan çəkiliş metodları, menzula planalması, taxeometrik planalma, teodolit planalması, aerofotoqrammetrik planalma, üfqi və şaquli planalma, profil planalması, yeniləşmə prosesləri, plan və xəritələrin dəqiqliyi, miqyası, nomenklaturası və s. haqqında məlumatlar daxildir.
4.3. Topoqrafiya material və məlumatların dövlət kadastrı kartoqrafiya material və məlumatlarının qrafik əsasını təşkil edir.
4.4. Topoqrafiya material və məlumatlarının dövlət kadastrı aşağıdakı ardıcıllıqla aparılır:
kiçik miqyaslı (1:1000000 — 1:200000) ümumcoğrafi topoqrafik xəritələrin material əsasları, yaradılma və tərtibat metodları, miqyas sırası üzrə qriflə (qeyri-məxfi) qruplaşdırılaraq sistemləşdirilir və rəqəmli formaya salınır;
orta miqyaslı (1:100000 — 1:10000) topoqrafik xəritələrin material əsasları, planalma və tərtibat metodları, miqyas sırası, tətbiq dairəsi üzrə bağlı və xidməti istifadə qrifləri ilə qruplaşdırılaraq sistemləşdirilir və rəqəmli formada işlədilir;
iri miqyaslı (1:5000 — 1:2000) topoqrafik planların material əsasları, planalma və tərtibat metodları, miqyas sırası, tətbiq dairəsi üzrə xidməti istifadə və açıq qriflərlə qruplaşdırılaraq sistemləşdirilir və formata salınır;
şəhərlərin 1:500 miqyaslı yerüstü və yeraltı üfqi və şaquli planların material əsasları, planalma metodları, tətbiq dairəsi açıq qriflə ayrıca sistemləşdirilir və formaya salınır.
4.5. Topoqrafik məlumatların vahid təsnifatda sistemləşdirilməsi, qruplaşdırılması, yeniləşdirilməsi və formaya salınma qaydalarını ƏMDK təsdiq edir.
5. Kartoqrafiya məlumatlarının dövlət kadastrı hidroqrafiya, relyef, bitki və torpaq örtüyü, yaşayış məntəqələri, nəqliyyat yolları, digər obyektlərin müəyyənedici xarakterini, o cümlədən kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən şərti işarələrlə, təbəqələrlə (ayrı-ayrılıqda) rəqəmli və izahedici formada toplusudur.
5.1. Xəritə və planın digər təsvirlərdən fərqi, onun riyazi əsasa malik olmasıdır.
5.2. Kartoqrafiya materiallarına xəritə və planlar, atlas və qlobuslar, şərti işarələr (simvollar), müxtəlif kartoqrafik vəsaitlər daxildir. Xəritə və planlar bütün növ kadastr planları və xəritələrinin əsasını təşkil edir.
5.3. Kartoqrafiya məlumatlarına xəritə və planların təyinatı, məzmunu, miqyası, əhatə etdiyi ərazisi, fiziki-coğrafi, sosial-iqtisadi amillərin şərti işarələrlə təsviri və coğrafi adlar daxildir.
5.4. Kartoqrafiya məlumatlarının dövlət kadastrı hidroqrafiya, relyef, bitki örtüyü, torpaq örtüyü, yaşayış məntəqələri, yollar, müəyyənedici xarakter oriyentirlər və digər kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən şərti işarələr (simvollar) üzrə, təbəqələrlə ayrıca rəqəmli və izahedici formada aparılır.
5.5. Xəritə və planların miqyasları onun məzmununu, təyinatını və s. müəyyənləşdirdiyindən kartoqrafiya məlumatlarını qruplaşdırarkən topoqrafiya məlumatlarının dövlət kadastrının aparılma ardıcıllığındakı miqyas sırası əsas götürülür.
5.6. Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrı büdcə vəsaiti hesabına ƏMDK-nin struktur bölmələri tərəfindən aparılır. Kadastr məlumatlarının istifadəsi və satışından əldə edilən vəsait dövlət büdcəsinin hesabına köçürülür.
5.7. Kartoqrafiya məlumatlarının vahid klassifikasiyada sistemləşdirilməsi, qruplaşdırılması, yeniləşdirilməsi və rəqəmli formaya salınması qaydaları ƏMDK tərəfindən təsdiq edilir.
1. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1418)
2. 3 fevral 2026-cı il tarixli 36 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 fevral 2026-cı il, “Xalq” qəzeti, 10 fevral 2026-cı il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 2, maddə 175)