Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:
geodeziya — yer kürəsinin formasını, ölçülərini, qravitasiya sahəsini, yer səthindəki obyektlərin koordinatlarını və mütləq yüksəkliyini, onların zamandan asılı olaraq dinamik dəyişməsinin müəyyən edilməsi;
kartoqrafiya — yer səthinin qrafik təsvirinin öyrənilməsi, yaradılması və istifadəsi;
topoqrafiya — yer səthinin və onun ayrı-ayrı nöqtələrinin qarşılıqlı vəziyyətinin müəyyən edilməsi;
qravimetriya — yer kürəsinin müxtəlif nöqtələrinə düşən ağırlıq qüvvəsinin öyrənilməsi;
Azərbaycan Respublikasının dövlət geodeziya və kartoqrafiya fondu — geodeziya və kartoqrafiya fəaliyyəti nəticəsində yaradılmış və istifadə üçün qorunub saxlanılan material və məlumatların toplusu;
xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqları və cihazları — dövlət sirrini təşkil edən məlumat daşıyıcıları hazırlanmasında istifadə edilən yüksək dəqiqli geodeziya texnikası.