Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılmasının məqsədi topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq və bu dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirməkdir.
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsində normativ-texniki sənədlərə, geodeziya və kartoqrafiya məlumatlarına əsaslanmış aşağıdakı dəyişikliklər əks olunur:
Azərbaycan Respublikasının dövlət sərhədlərində olan vəziyyət;
respublika bölgələrinin, şəhərlərinin və digər yaşayış məntəqələrinin inzibati, coğrafi vəziyyəti və adları;
avtomobil və dəmir yolları;
dəmiryol stansiyaları, dayanacaqlar, yolayrıcılar, körpülər, hava və su limanları, onların adları və vəziyyəti;
su və su təsərrüfatı obyektləri, su elektrik stansiyaları, digər hidrotexniki qurğular;
magistral neft, qaz və su kəmərləri, enerji və rabitə üzrə kommunikasiyalar, elektrik ötürücü xətləri;
dövlət qoruqları, müvəqqəti qoruqlar, milli parklar, xüsusi qorunan torpaq, meşə və su obyektləri;
qanunvericilikdə nəzərdə tutulmuş digər yerüstü, yeraltı, suüstü və sualtı obyektlər.
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsi dövlət geodeziya və kartoqrafiya xidməti tərəfindən aparılır.
Hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinə daxil edilməli məlumatların dövlət geodeziya və kartoqrafiya xidmətlərinə təqdim edilməsi məcburidir.
Azərbaycan Respublikasının operativ-məlumat xəritəsinin aparılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.