118.1. Gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır.
118.2. Gömrük nəzarəti eyni zamanda, bu Məcəllənin 118.1-ci maddəsində qeyd olunan mallarla bağlı bütün nəqliyyat vasitələrinə, konteynerlərə və qablaşdırmaya da tətbiq edilir.
118.3. Aşağıdakı obyektlərə münasibətdə gömrük nəzarəti müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:
118.3.1. hərbi dəniz gəmiləri;
118.3.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (onların strukturuna daxil olan qurumların) hərbi qulluqçularının və mülki işçilərinin, hərbi yüklərin daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi nəqliyyat vasitələri;
118.3.3. müvafiq icra hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat vasitələri;
118.3.4. xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına, həmçinin beynəlxalq təşkilatlara və onların nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri.
118.4. Gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və ya nümunələr götürə bilərlər.