Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 121

Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

121.1. Mallar gömrük ərazisinə, gömrük orqanları ilə razılaşdırılmış digər yerə gətirildikdən dərhal sonra aşağıdakı şəxslərdən biri tərəfindən gömrük orqanlarına məlumat verilir:

121.1.1. malları gömrük ərazisinə gətirmiş şəxs;

121.1.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;

121.1.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;

121.1.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;

121.1.5. saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxs.

121.2. Gömrük ərazisinə gətirilmiş mallar barədə gömrük orqanlarına məlumat verildiyi andan etibarən həmin mallar 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına təqdim edilir.

121.3. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair bu Məcəllənin 113.1-ci maddəsində nəzərdə tutulan qısa idxal bəyannaməsinə, 116-cı maddəsində nəzərdə tutulan gömrük bəyannaməsinə və ya ilkin məlumatlara istinad edir.

121.4. Mallar gömrük orqanına təqdim edildikdən sonra mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi və iştirakı ilə onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.

121.5. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə onlar gömrük nəzarəti zonasında saxlanılır.

121.6. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırılması, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) götürülməsi, dəyişdirilməsi, sərnişinlərin düşürülməsi kimi gömrük əməliyyatları yalnız gömrük orqanlarının icazəsi və iştirakı ilə aparılır.

121.7. Bu Məcəllənin 108.3-cü maddəsi nəzərə alınmaqla şəxsin əvvəlcədən edilmiş müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim olunur.

121.8. Hava və ya dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs gömrük ərazisinə daxil olduğu zaman gömrük orqanına məlumat verir və gömrük sənədlərini təqdim edir.

121.9. Gömrük orqanlarına təqdim olunan mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz.

121.10. Malların gömrük orqanlarına təqdim edilməsi ilə əlaqədar daşıyıcının çəkdiyi xərclər gömrük orqanları tərəfindən ödənilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver