Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 124-1

Maddə 124-1. Müvəqqəti saxlanc bəyannaməsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

124-1.1. Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdirilir.

124-1.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim edilir.

124-1.3. Müvəqqəti saxlanc bəyannaməsi bu Məcəllənin 121.1-ci maddəsində nəzərdə tutulan şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim edilir.

124-1.4. Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul edilir.

124-1.5. Bu Məcəllənin 157 – 161-ci maddələri müvəqqəti saxlanc bəyannaməsinə tətbiq edilir.

124-1.6. Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə edilir:

124-1.6.1. barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı;

124-1.6.2. bu Məcəllənin 121-ci maddəsinə uyğun olaraq malların gömrük orqanlarına təqdim edilməsi zamanı;

124-1.6.3. müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya bu Məcəllənin 128-ci maddəsinə uyğun olaraq təkrar ixrac edilməsi zamanı.

124-1.7. Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul edilir. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi verilir.

124-1.8. Bu Məcəllənin 124-1.9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilir. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.

124-1.9. Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir:

124-1.9.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;

124-1.9.2. gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.

124-1.10. Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 1 (bir) ay ərzində gömrük orqanlarına təqdim edilmədikdə gömrük orqanı tərəfindən ləğv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver