129-1.1. Bu Məcəllənin 128.2.2-ci və 128.2.3-cü maddələrində göstərilən xarici mallar gömrük ərazisindən aparılarkən gömrük orqanlarına elektron formada təkrar ixrac bildirişi təqdim edilir.
129-1.2. Təkrar ixrac bildirişi sərbəst zona xüsusi gömrük prosedurunu və ya müvəqqəti saxlancı başa çatdırmaq üçün zəruri olan məlumatları özündə əks etdirir.
129-1.3. Təkrar ixrac bildirişi aşağıdakı şəxslərdən biri tərəfindən gömrük orqanına təqdim edilir:
129-1.3.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;
129-1.3.2. malları təkrar ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129-1.3.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;
129-1.3.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən şəxs.
129-1.4. Bu Məcəllənin 129-1.5-ci maddəsində göstərilən hallar istisna olmaqla, təkrar ixrac bildirişi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bildirişdə düzəlişlərin edilməsinə gömrük orqanları tərəfindən icazə verilir.
129-1.5. Aşağıdakı hallarda təkrar ixrac bildirişində düzəlişlər edilə bilməz:
129-1.5.1. gömrük orqanları təkrar ixrac bildirişini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
129-1.5.2. gömrük orqanları təkrar ixrac bildirişindəki məlumatların düzgün olmadığını və ya natamam olduğunu müəyyənləşdirdikdən sonra;
129-1.5.3. gömrük orqanları tərəfindən malların aparılmasına icazə verildikdən sonra.
129-1.6. Təkrar ixrac bildirişi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 150 (yüz əlli) gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanları tərəfindən ləğv edilir.
129-1.7. Təkrar ixrac olunan malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi və təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda, həmin mallar gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur və ya məhv edilir.
129-1.8. Təkrar ixrac bildirişinin forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.