167.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük orqanının icazəsi ilə həyata keçirilir.
167.2. Malların saxlancı gömrük orqanının icazəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən anbarlarda və gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində həyata keçirilir.
167.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə aşağıdakı şəxslərə verilir:
167.3.1. rezidentlərə;
167.3.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və bu Məcəllənin 167.3-1-ci maddəsi nəzərə alınmaqla gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;
167.3.3. müvəqqəti idxal və ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallardan müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları aparan şəxsə;
167.3.4. səlahiyyətli iqtisadi operatorlara;
167.3.5. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edənlərə.
167.3-1. Gömrük orqanları malların daxildə emal və son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.
167.4. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə verilir:
167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək və malları eyniləşdirmək imkanı olduqda;
167.4.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə;
167.4.3. xüsusi gömrük proseduruna dair tələblər yerinə yetirildikdə;
167.4.4. müraciət edilən tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük orqanları tərəfindən şəxsə verilmiş icazə ləğv edilmədikdə;
167.4.5. eyni növ gömrük əməliyyatı və mallara dair verilmiş icazə müddətinin uzadılması ilə bağlı müraciət istisna olmaqla, iqtisadi şəraitin təhlili tələb olunmadıqda.
167.5. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
167.6. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.