Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 287

Maddə 287. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

287.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci və 283.1-1-ci maddələrində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.

287.2. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş hallarda gömrük orqanları hüquq sahibini və bəyannaməçini dərhal məlumatlandırır, malların pirat və ya kontrafakt olmasını dəqiq müəyyənləşdirmək üçün lazım olan məlumatları isə onlardan tələb edirlər.

287.3. Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur.

287.4. Gömrük orqanları gömrük sərhədindən keçirilən və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsini, o cümlədən əqli mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə digər dövlətlərin səlahiyyətli orqanları və qurumları ilə beynəlxalq müqavilələrə uyğun olaraq əməkdaşlıq edirlər.

287.5. Əqli mülkiyyət obyektləri üzərində hüquqların qorunması məqsədilə aşağıdakı məlumatlar mübadilə olunur:

287.5.1. əqli mülkiyyət sahəsində normativ hüquqi aktların pozulması yolu ilə daşınmasına şübhə doğuran mallar barədə;

287.5.2. bu Məcəllənin 287.4-cü maddəsində nəzərdə tutulan dövlətlərlə qarşılıqlı ticarətdə malların əqli mülkiyyət hüquqlarının pozulmasına dair aşkar edilmiş faktlar barədə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver