321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur.
321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər.
321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.
321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, sınaq nəticələri, habelə malların tərkibi və digər göstəricilərini özündə əks etdirən sənəd və materiallar yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə koduna dair Azərbaycan Respublikası gömrük ekspertizası qurumunun rəyi digər ölkələrin və qurumların ekspertiza aktları, arayışları və rəylərindən, həmçinin digər ölkələrin ixrac bəyannamələrində malların təsnifatına dair göstərilən məlumatlardan üstün hesab edilir.
321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.